“Otuz saniyəyə həm sual verdim, həm də Ermənistanın işğalçılıq mövqeyini çatdırdım” — Asim Mollazadə

İctimai fəal Bəxtiyar Hacıyevin Stokholmda Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının 10 illiyi çərçivəsində keçirilən bir tədbirində Ermənistan baş naziri Nikol Paşinyanla arasında yaranan dialoq Azərbaycan cəmiyyətində ciddi rezonansa səbəb oldu. Həmin tədbirdə Azərbaycan tərəfdən Bəxtiyar Hacıyevdən başqa millət vəkili Asim Mollazadə iştirak edib.
İki gün davam edən tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin son ildə qarşılaşdıqları problemlər, növbəti 10 ildə Aİ-Şərq Tərəfdaşlığı əməkdaşlığı zamanı hansı işlərin görülməsi məsələsi müzakirə olunub.

Tədbir çərçivəsində müzakirələrə müxtəlif panellərdə davam etdirilib.

İctimai fəal Bəxtiyar Hacıyev Nikol Paşinyanın, deputat Asim Mollazadə isə Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın çıxış etdiyi paneldə iştirak edib. Erməni nazir öz çıxışını daha çox erməniləri əzən Azərbaycan xətti üzərində quraraq, auditoriyaya Azərbaycan tərəfini aqressor kimi, sülhün qarşısını alan tərəf kimi təqdim etməyə çalışıb. Düzdür, azərbaycanlı parlamentari Asim Mollazadə ona verilən 30 saniyəlik vaxtdan istifadə edərək erməni nazirə sual verərək, onun çıxışına öz mövqeyini bildirib. Erməni nazirin isə azərbaycanlı millət vəkilinin sualına hər zaman olduğu kimi aqressiv formada cavablandırıb.

Məsələ ilə bağlı millət vəkili Asim Mollazadə ilə əlaqə saxladıq.

“Ölkə.Az”a açıqlama verən Asim Mollazadə deyib ki, mənə verilən 30 saniyəlik imkandan istifadə edərək, həm Ermənistan tərəfinin işğalçı dövlət olduğunu və beynəlxalq qurumlar tərəfindən qəbul edilən sənədləri icra etməməkdə ittiham etməklə yanaşı, münaqişə zamanı azərbaycanlı uşaqları, yaşlıları, qadınları qətlə yetirən erməni hərbi cinayətkarlar üçün beynəlxalq hərbi tribunal yaradılaraq mühakimə edilməsini dilə gətirdim.
Bildirdim ki, bu gün Ermənistan Azərbaycan torpaqlarını işğal edib və orada hərbi cinayətlər, etnik təmizləmə, Xocalıda soyqırım həyata keçiriblər. Ona görə də Ermənistan tərəfinin bu hərbi cinayətləri beynəlxalq qurumlar tərəfindən ciddi araşdırılmalıdır. Digər tərəfdən Ermənistanın münaqişənin həlli ilə bağlı BMT TŞ-nin və digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələri yerinə yetirməkdən imtina etməklə, həm beynəlxalq hüquqa hörmətsizlik edib, öhdəlikləri yerinə yetirmir, həm də işğalçılıq siyasətini davam etdirir.

Erməni tərəfinin cavabına gəldikdə A.Mollazadə deyib ki, onların verəcəyi cavab və sərgiləyəcək mövqe aydın idi:

“Erməni nazir mənim sual-çıxışımdan sonra başladı bizi ittiham etməyə ki, bu da gözlənilən idi. Bu, bir daha göstərdi ki, Ermənistan hansısa sülhə hazır deyil, yalan danşır. Bunu da mən 30 saniyəlik vaxtımda mövqeyimizi bacardığımı qədər ifadə edərək oradakıların diqqətinə çatdırdım. Həm sual verdim, həm də Ermənistanın işğalçılıq mövqeyini çatdırdım”.

Millət vəkili tədbirdə Azərbaycan hakimiyyətinin təmsil olunmamasından təəssüfləndiyini də dilə gətirib. Bildirib ki, Azərbaycan tərəfi orada daha çox nümayəndə ilə təmsil olunsaydı, səslənən fikirlərə cavab vermək mümkün olardı: “Onların qaldırdığı məsələyə bir neçə nəfərlə tutarlı cavab vermək olardı. 30 saniyədə nə mümkün idisə, onu edə bildik”.

Deputatın fikrincə, Avropa İtitfaqı Ermənistana təəssübkeşlik etmək məqsədi ilə toplantını elə təşkil etmişdi ki, orada Azərbaycan tərəfi daha az təmsil olunsun.

Facebook Comments