Ornella Muti Putinə görə həbsə girəcək

İtaliyalı aktrisa Ornella Muti Rusiya prezidenti Vladimir Putinin də qatıldığı bir qala yeməyinə getmək üçün “saxta xəstəlik arayışı” alaraq teatr oyununu ləğv etdiyi üçün saxtakarlıq ittihamı ilə üzləşib.

Sozcu.az xəbər verir ki, 6 ay həbs cəzasına məruz qalan Muti eyni zamanda teatra 30 min avro təzminat ödəməsə həbsə girə bilər.

64 yaşındakı aktrisa 2010-cu ilin dekabrında Pordenone şəhərindəki Verdi teatrındakı bir oyunu xəstə olduğunu iddia edərək, ləğv etmişdi. Mutinin teatr rəhbərliyinə təqdim etdiyi həkim arayışında “nəfəs borusu iltihabı” keçirdiyi və temperatur, öskürək, eləcə də səs tellərinin zədələnməsinə görə səsindən istifadə etməsinin doğru olmadığı qeyd edilmişdi. Arayışda eyni zamanda onun 5 gün istirahət etməsi məsləhət görülmüşdü.

Amma bir müddət sonra ortaya çıxan şəkillər Mutinin həmin tarixlərdə xəstə yatağında yox, Rusiyadakı bir ziyafətdə olduğunu üzə çıxarıb. Muti Sankt-Peterburqda təşkil edilən bir xeyriyyə yeməyində Vladimir Putin və amerikan aktyor Kevin Kostnerin də olduğu bir masada görünürdü.

Mutiyə 24 min avro ödəyən Verdi teatrı maddi itkilərinin qaytarılması tələbi ilə məhkəməyə müraciət edib.
İlk mərhələdəki məhkəmə 2015-ci ildə Mutiyə 8 aylıq həbs və 600 avro pul cəzası verdi. Mutinin 30 min avo təzminat ödəməsi şərtilə həbs cəzasının təxirə salınmasına qərar verilib.

Apellyasiya mərhələsində isə Mutiyə verilən cəza 6 ay həbs və 500 avro pul cəzası olaraq dəyişdirildi.

İtalyan hüquq sistemində son mərhələ sayılan Ali Məhkəmə də dünən bu qərarı təsdiqləyib. Son instansiya məhkəməsinin qərarı ilə Ornella Muti saxtakarlıq və dələduzluğa cəhd etdiyi üçün məhkumluq alıb. Həbs cəzasının təxirə salınması üçün onun 30 min avroluq təzminat məbləğini ödəməsi lazımdır. Muti daha öncə verdiyi açıqlamalarda bu təzminatı ödəyəcək pulunun olmadığını iddia etmişdi.\Musavat.com\