Oqtay Gülalıyevin yeni fotosu yayıldı

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicəsi davam etdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevə baş çəkib.

Sozcu.az xəbər verir ki, bu barədə O.Gülalıyevin oğlu Əli Gülalıyev məlumat verib.

“Bu gün “Turan” İnformasiya Agentliyinin rəhbəri, dəyərli Mehman bəy atamı ziyarətə gəlmişdi. Mehman bəy hadisə baş verəndən daima bizə dəstək olub. Yeri gəlmişkən, bu gün atamın keçirdiyi “qəzadan” və Baki City Hospitalda bu vəziyyətə salınmasından 3 ay keçir. Cinayətkarlar gec və ya tez cavablarını qanun çərcivəsində alacaqlar”, – Ə.Gülalıyev qeyd edib.

Xatırlatma: Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib. Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib. Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, o, Türkiyəyə aparılıb. Hazırda İstanbulda Amerika xəstəxanasındadır.

Facebook Comments