Oqtay Gülalıyevi süni nəfəs aparatından ayırdılar – SON XƏBƏR (Foto)

Müalicə üçün Bakıdan İstanbula aparılan hüquq müdafiəçisi Oqtay Güləliyevdən təzə xəbər var.

Oqtay Güləliyevin oğlu Təbriz Güləliyev atasının son durumdan danışıb:

“Atamın durumu hələ də ağırdır. Süni nəfəs aparatını ayırmalarına baxmayaraq, atam koma vəziyyətindədir. Həkimlər tezliklə ayılacağına dair soz deməyiblər. Onu da qeyd edim ki, daxili orqanlarında heç bir zərər olmadığı üçün özünün nəfəs alması normaldır. Əsas baş nahiyəsində olan ağır zədələrdir. Bununla bağlı heç bir irəliləyiş yoxdur”.
Oqtay Güləliyev Türkiyədə – İstanbul şəhərində Avrasiya klinikasına yerləşdirilib.

Xatırladaq ki, Oqtay Güləliyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, düz piyada xəttinin üstündə baş verib.
Noyabrın 1-də Oqtay Güləliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. O, hazırda 2-ci dərəcəli koma vəziyyətindədir, ətrafında baş verənlərdən xəbərsizdir.

Oqtay Güləliyevdə beyin əzilməsi baş verib, beyin qişalarında əzilmə olub, sərt qişanın altında üç yerdə hematoma (qan yığıntısı) əmələ gəlib. Əməliyyat zamanı hematoma çıxarılıb, amma beyin ödəmi qalır.