Oqtay Gülalıyevin səhhəti ağırlaşıb

İstanbulda Avrasiya klinikasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşməsi nəticəsində vəziyyəti ağırlaşıb.

Sozcu.az xəbər verir ki, Bu barədə onun həyat yoldaşı Füruzə Gülalıyeva bildirib.

İnfeksiyanın mənşəyi, ağ ciyərə necə düşməsi məlum deyil.

“Həkimlər əllərindən gələni edirlər, amma infeksiya barədə bir şey demirlər və heç bir proqnoz vermirlər,” Gülalıyeva bildirib.

O, bu klinikada neyrocərrahiyyə əməliyyatı keçirmiş xəstənin müalicəsi üçün lazım olan hər şeyin olmasına şübhə ilə yanaşdığını deyib.

Hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində avtomobil vurub. Yaxınları və həmkarları hadisənin qəsdən törədildiyini hesab edirlər.

Başından zədə alan Gülalıyev koma vəziyyətinə düşüb. Ailəsi hesab edir ki, gec əməliyyat olunması onun ağır olan vəziyyətini daha da ağırlaşdırıb.

Qəzadan üç gün sonra Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini öz üzərinə götürərək onu İstanbul klinikasına göndərib. Hüquq müdafiəçisi hələ də koma vəziyyətindədir. Həkimlər onun beyininin böyük hissəsinin zədələndiyini və uzun müddətdən sonra komadan ayılma ehtimalının ola biləcəyini bildirib.