“Onların missiyası gecələr Stepanakertdə tut arağı ilə yeyib içmək, sabahısı isə…”

“Azərbaycan, ümumiyyətlə Dağlıq Qarabağın adını çəkməməli, yalnız işğal deməlidir”

Moderator.az tanınmış konfliktoloq Elxan Mehdiyevlə müsahibəni təqdim edir:

– Elxan bəy, Azərbaycanın əsas ümummilli problemi ilə bağlı bir vacib məqama konfliktoloq kimi fikir bildirməyinizi xahiş edirik. Azərbaycan rəsmiləri niyə işğal yox, daha çox status – kvo deyir?

– Bilirsiniz, ölkələrin taleyi bir zamanlar onlar üçün seçilmiş terminlərdən yüz illər ərzində asılı olur. Tarixin indiki bu anında bizim taleyimiz də seçilən həssas terminlərdən asılı olacaq. Siyasət terminlər üzərində qurulur. İndiki bu həssas vəziyyətdə Azərbaycandakı vəziyyət də xaos halındadır. Biri Qarabağ məsələsi deyir, biri Qarabağ problemi deyir, biri Dağlıq Qarabaq münaqişəsi deyir, biri Ermənistan-Azərbaycan – Dağlıq Qarabağ münaqişəsi deyir, biri status kvo deyir, az-az adamlar da işğal deyir. Kimin ağlına nə gəlirsə onu söyləyir və düşmənin çevik manevr etməsinə imkan yaradılır. Erməni tərəfin dilinə baxsanız, onlarda müəyyənləşmə var və fərqli yanaşma görməzsiniz. Torpaqlarla bağlı bütün ifadələri sərrast terminlərlə ifadə olunur. Mətbuata çıxan yazıları sanki üç senzuradan keçir. Bu göstərici oradakı siyasilərin və jurnalist təbəqəsinin düşmənə arqument verməmək mövqeyinin ifadəsidir.

Azərbaycanda Status – kvo məsələsinin haradan çıxdığını aşağıdakılarla izah edirəm. 2005-ci ildə İşğal bölgələrində ermənilərin məskunlaşma və infrastruktur qurma planları ilə əlaqədar Azərbaycan BMT Baş Məclisində məsələ qaldırmışdı. Tez ATƏT həmsədrləri ayağa qalxaraq “bizm bostanımıza heç kim girə bilməz” yanaşması ilə Azərbaycanı razı salaraq bu işi öz üzərinə aldı. Və bu müraciətin əsasında ilk dəfə 2005-ci ildə və sonra da 2010-cu ildə ATƏT-in fakt toplama missiyası gecələr Stepanakertdə tut arağı ilə yeyib içmək, sabahısı ermənilərin müşayəti ilə işğal bölgələrində “fakt “ toplamaq oldu. Bütün bu məsələni 28 ildir ört-basdır edən ATƏT həmsədrləri oradakı real vəziyyəti də ört basdır edərək, özlərinin dediyi kimi, “Azərbaycanın dilini uzun etməmək üçün”, o zamandan davam edən “sülh prosesini” pozmamaq üçün “balanslı hesabat” hazırladılar. İkinci 2010 hesabatı isə heç hesabat da olmadı və kiçik bir məlumatla kifayətləndi və 2005-dən bəri məskunlaşma işlərində hər hansı bir dəyişikliyin guya olmadığını və əksinə, məskunlaşma məntəqələrində yaşayan ermənilərin sosial-iqtisadi vəziyyətinin ağır olduğunu, burada yaşayan ermənilərin heç şəxsiyyət vəsiqələri olmayan erməni kökənli Azərbaycan qaçqınları olduğunu və onlara kömək edilməsinin zəruri olduğunu və sonucda bu cür “ STATUS-KVO”-nun qəbuledilməz olduğunu bəyan etdilər.

Onlar heç də işğalı deyil, məskunlaşmanı deyil, bütün işğal bölgəsindəki ermənilər də daxil olmaqla bütövlükdə ümumi vəziyyətin – “ STATUS-KVO”- nun qəbuledilməz olduğunu ifadə etdilər və bu termini işə saldılar və Azərbaycan rəsmiləri də ondan sonra işğal sözünü unudub “STATUS-KVO”-dan yapışdılar ki, həmsədrlər belə deyib. Həmsədrlərin işinə qarışmaq istəməyən bütün Avropa təsisatları və eynilə NATO ondan sonra heç kimi incitməyən bu cür neytral termindən istifadə etməyə başladılar..
Bu termindən daha çox yapışan isə elə Azərbaycan xarici işlər naziri oldu və işğal sözünü unudaraq STATUS-KVO-ya keçdi. İşğal kənara, hələ daha da dərinə gedərək, erməni hərbi qüvvələrin kazarmalarına dönməsinin zəruriliyindən danışmağa başladı. Sanki onlar Azərbaycanda təlim keçirlər, kazarmalarına dönmələri vacibdir. Qəribə odur ki, bizlər isə işğal deyilməsini beynəlxalq birlikdən tələb edirik….

– Status kvo ancaq işğal əsnasında yaranırmı?

– Status kvo və işğal beynəlxalq hüquq baxımından tamamilə fərqli məhfumlardır. Status kvo işğal demək deyil, o məsələn, siyasi gedişlər nəticəsində yaranmış istənilən mövcud vəziyyəti əks etdirir. Status kvonun yaranma səbəbləri işğal da ola bilər, başqa siyasi və iqtisadi və ekoloji təsirlərin nəticəsi də ola bilər. Bizim halımızda, həmsədrlərin işlətdiyi bu termin erməni tərəfini işğalçı kimi adlandırmaq istəməməsindən qaynaqlanır. Hansı ki, onu BMT TŞ bunu işğal adlandırmışdı adlandırmışdı. Bu həm də dolayısı ilə Həmsədrlərin BMT TŞ qətnamələrini saya salmamasınin göstəricisidir.

– Bəs Azərbaycanın yanaşması necə olmalıdır?

– Onların nə deməsindən asılı olmayaraq, Azərbaycanın mövqeyi və bu mövqeyi ifadə edən bəyanatlar birqiymətli olaraq – Etnik təmizləməyə əsaslanan İŞĞAL BİTMƏILİDİR – olmalıdır. Yoxsa sülh prosesi, Dağlıq Qarabaq münaqişəsi, Ermənistan – Azərbaycan və DQ münaqişəsi ifadələrinin hamısı məsələni erməni işğalından yayındırıb DQ-ın və onun statusunun ustunə aparır. Və STATUS-KVO qəbuledilməzdir deyildikdə, erməni tərəfi də “biz hamıdan çox status kvonun dəyişməsini istəyirik” deyir. Yəni status-kvo dəyişsin və DQ da beynəlxalq subyektə çevrilsin və ya statusu həll olsun. Yuxarıda dediyim terminin seçilməsi burada onların köməyinə gəlir. O zaman beynəlxalq birliyin də hər iki tərəfə tövsiyəsi “bu status kvonu dəyişin” çağırışı olur.

Status – kvo ifadəsini işlətməklə biz beynəlxalq birliyin diqqətini işğaldan yayındırmağa kömək edirik və məsələnin DQ-ın statusu ilə bağlı olduğunu, DQ münaqişəsi olduğunu və ya DQ üzərində bir mübahisənin olduğu istiqamətə yönəldirik. Azərbaycan, ümumiyyətlə Dağlıq Qarabağ adı çəkməməlidir. O işğal və yalnız işğal deməlidir. Sən əgər işğal deyirsənsə, o zaman onun başqa yorumu qalmır. İşğal varsa, o heç bir yerdə qəbul edilmir və hər türlü beynəlxalq dəstəyi alır.

Beynəlxalq forumlarda biz Dağlıq Qarabağ, Dağlıq Qarabağ deməklə işğalı kənara qoyuruq və məsələnin DQ-ın statusunda olduğunu və ya bu bölgənin kimə məxsus olması üzərində mübahisə edirik təəssüratını yaradırıq. İşğala başqa ölkələrin biganə yanaşmasının səbəblərindən biri də budur. Erməni tərəfinin ancaq DQ deməsi onların məqsədlərinə tam uyğundur, çünki işğalı ört basdır etmək üçün ən düzgün yanaşmadır. DQ Azərbaycanındır, nöqtə, nida hamısı heç də işğalın bitməsinə kömək etmir. Azərbaycanın baxışı konkret və qısa olmalıdır, etnik təmizləmə, Erməni İŞĞALI BİTMƏILİDİR. Bu cür yanaşma dünyanın anladığı və anlamla qarşıladığı baxışdır!

Sozcu.az

Facebook Comments