Onlar yenidən seçkiyə qatılacaq

Fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 4 seçki dairəsinin nəticələri etibarsız sayılıb. Bu dairələr 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələridir.

MSK-nın ilkin açıqladığı nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq, Hüseynbala Mirələmov, Rauf Abbasov (Arifoğlu), Hadi Rəcəbli və Çingiz Qənizadənin qalibiyyəti elan edilmişdi.

Dairələrin nəticələrinin etibarsız sayılması ilə artıq təkrar seçkinin keçirilməsinə zərurət yaranıb.

Bəs maraqlıdır, nəticələri ləğv edilən dairələrin “qalibləri” təkrar seçkilərdə iştirak edəcəklərmi?

Yeniavaz.com xəbər verir ki, bu barədə modern.az-a danışan Çingiz Qənizadə təkrar seçkilərə qatılacağını diqqətə çatdırıb.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən bitərəf namizəd olan Ç. Qənizadənin dairəsini dəyişmək fikri də yoxdur.

35 saylı Xətai üçüncü seçki dairəsindən qalibiyyəti elan edilən Rauf Arifoğlu da seçkilərdə iştirak etməkdə qərarlıdır. O da parlament seçkilərində bitərəf namizəd kimi çıxış edirdi.

Yeni Azərbaycan Partiyasının namizədi olan Hadı Rəcəbli və Hüseynbala Mirələmovun isə yenidən seçkilərə qatılıb-qatılmayacağı mübahisəlidir. Belə ki, partiya təkrar seçkilərə qatılacaq namizədlərini hələlik müəyyən etməyib.

Sozcu.az

Facebook Comments