“Onlar sağalanda necə xoşbəxt olurlar, biləsiniz… “-YAZI

Şəhla Cabbarlı

Narkomaniya mənim uşaqlıq xatirələrimi zəhərləyən, əlimdən alan dəhşətli bir şeydir.

Atamın əmisioğlu var,onu və qardaşlarını əmilərimiz bilərdik. Böyüdükdən sonra bildik ki, onlar atamızın əmisi oğlanlarıdırlar. O qədər yaxın idik.

Malik əmi 1972-ci il doğumludur. Qarabağda savaşmışdı. Biz uşaq olarkən artiq kəndə qayıtmışdı.

….Bağçaya getmədiyim günlərdə gəlib məni evdən alar, aparardi evlərinə. Həyətlərində inəkləri vardı. Bacısı mən gedənə kimi süd bişirərdi, şabalıd qovurardılar, peçin üzərində alma bişirərdilər. Əmi də mənə şeir danişdirib, səsimi maqnitafona yazardı.Sonra qulaq asdırardı. Həvəslə hər həftə bağçada yeni şeirlər öyrənirdim ki, ona danışacam, səsimi yazacaq. Özü də şeirlər öyrədərdi. Hələ də əzbər bilirəm.

Nəslimizdə və onların evlərində də uşaqlar çox idilər, lakin məni daha çox sevərdi və yerdə gəzməyə belə qoymazdı, qucağına alıb gəzdirərdi. “Sarı, sarı, sapsarı” deyərdi. Beləcə mən də onu çox sevərdim.

Bir neçe il keçdi, Malik əmimiz dəyişdi. Görmürdük onu. Evə qapanmışdı. Hər kəs ondan qorxurdu. Mən də biraz böyümüşdüm və artıq getmirdim onlara. Uşaq olduğumuz üçün nə olduğunu da bizə demirdilər. Biraz keçdi, bağımızda göründü. Əlində balta ağacları kəsir, heykəllər yonardı, üzərlərinə benzin töküb yandırardı, ağaclardan özünə alaçıq düzəldər, gecələr bəzən orda yatardı. Amma insanlarla işi yox idi.

Böyüklərdən eşitmişdim ki, bir dəfə başqa rayondan gələn döyüş yoldaşı ona “nəşə” verib, deyib, çək o gördüklərin yadından çıxacaq. Gah da dedilər ailəsini ilişdirmək üçün bunu içkili halda bulaşdırıblar narkotikə. Dəqiq bilmədik.

Bir neçə dəfə yüksək doza ilə qəbul edib və necə deyərlər, başı pozulmuşdu. Dəfələrlə müalicə olundu, sağaldı, lakin təəssüf ki, sonda dövlət onu ailədən alıb, ruhi dispanserə yerləşdirdi.

Biz heç vaxt nəsil olaraq ondan utanmadıq. Onu atmadıq, əksinə birimizin evində xeyir iş olanda böyüklərimiz onu xatırlardı ki, “heyf Malik yoxdur”. Yenə də bağlarından meyvələr toplanıb satılarkən, onun payı ayrılır, pulu özünə xərclənir.

O hər dəfə sağalıb gələndə onu gülərüz qarşıladılar, qucaq açdılar, heyata qayıtsın deyə etmədikləri qalmadı. Onun sorağına bütün kənd yığışardı. Kim görsə, “xoş gəldin, yaxşı görünürsən Şükür Allaha” – deyib, onu ruhlandırdılar. Amma yaddaşında pozulmalar da vardı, çoxumuzu tanıya bilmirdi.

Sonuncu dəfə məni bir neçə il sonra toyda gördü. Məni uşaqkən sarı görmüşdü. Sonra saçımı qaraltmışdım. Atamdan soruşdu ki, böyük qızdır? Dedi, yox, Şəhladı. Mənə baxıb, “tanimadim” – deyib gülümsəmişdi…

Bu yazını niyə yazdım? Bu günkü yanğın mənə pis təsir edib. Çoxu dedi “onlar lazimsiz vətəndaş idilər, ölüb getsinlər. Narkomanlara görə aglamayin. Onlar bu cəmiyyərin yarasıdırlar.”

Əzizlərim! Mənim narkomanları və digər yollara düşən insanları müdafiə etmək kimi bir istəyim yoxdur.Amma bilmədən ittiham etməyək. İnanin, çoxu istəmədən, bilmədən o yola düşürlər. Sahibsiz uşaqlıq dövrü, normal olmayan mühit, alınan travmalar bəzən insanları qəfil o yola çəkir. O dispanserin qarşısında onlar üçün fəryad edənlər vardı. Ailələri vardı. Deməyin elə. Onlar sağalanda, bizim kimi normal yaşamağa döndükdə necə xoşbəxt olurlar, bir bilsəniz. Mən o xoşbəxtçiliyi Malik əmidə görmüşəm.

Bəli, bizim cəmiyyət narkoman olub müalicə olunan və bədbəxt hadisə nəticəsində ölən vətəndaşı lazımsız hesab edir, narkoman olub hər gün televiziyada ədəbdən kənar hərəkət edən müğənniləri saatı 5-10 min manata məclisinə gətirən cəmiyyətdir. …