“Onlar prezidentin atdığı addımların əleyhinədirlər” -Zəlimxan Məmmədli

“Borçalı Cəmiyyəti” İB-nin sədri Zəlimxan Məmmədli Prezident İlham Əliyevə müraciət edib. Birlik sədri müraciətində ölkə başçısına bir sıra təkliflərini də bildirib.

Sozcu.az  həmin təklifdə yer alan məsələləri olduğu kimi təqdim edir.

1. İlk növbədə sizin təbliğatınızı aparan, əksər mövzuda qeyri-səmimi olan, nüfuzunu itirmiş fiqurlardan imtina edin;
2.Təxirəsalmadan islahat paketini ictimai müzakirəyə təqdim edin;
3. Siyasi partiya, İctimai qurum və rəsmi qurumların iştirakı ilə etimadlı İslahat komissiyasını formalaşdırın;
4. Nüfuzlu siyasi partiya, İctimai qurum və ziyalıların iştirakı ilə siyasi dialoq və məsləhətləşmələrə başlanılsın;
5. TV-lərdə siyasi disskusiyalar üçün imkan yaradılsın;
6. Sərbəst toplaşma azadlığının təmini istiqamətində addımlar atılsın;
7. “Borçalı Cəmiyyəti”nin 3 nəfərlik ziyalı heyətinin sizinlə görüşmək imkanlarını dəyərləndirməyinizi də xahiş edirik.

Sözügedən müraciətlə bağlı artıq müəyyən reaksiyaların olduğunu deyən Z.Məmmədli “Sherg.az”a açıqlamasında hər zaman cəmiyyətdə şəffaflığın tərəfdarı olduğunu bildirib.

“Ölkəmizdə müəyyən sosialyönümlü, siyasi, iqtisadi və hüquqi islahatların keçirilməsi ciddi məsələdir. Mənim və digər vətəndaşların fikri öyrənilməli və bunu himayə edəcək ordu müəyyən edilməlidir. Azərbaycanda islahatları əngəlləyən qüvvələr var. Bu qüvvələr islahatların aparılmasında maraqlı olmayan mafiyalardır. Onlar prezidentin atdığı addımların əleyhinədirlər. Buna görə də Azərbaycan insanına zərər verən hadisələr törədilə bilir. Bunları önləmənin yolu odur ki, cəmiyyət bütövləşməlidir.

Qarabağ məsələsi ətrafında təhdidedici və ciddi proseslər gedir. Ermənistan prezidenti Azərbaycan ərazisini islahat məkanına çevirib. Bu məsələlər bizi olduqca həyəcanlandırır. Bir neçə rəsmi qurumun ətrafında blok yarada bilsək, milli qüvvələr səfərbər olunsa, fikrimcə, biz sürətli şəkildə mövcud əngəlləri aşarıq. Eyni zamanda Azərbaycanda barış və sülh içərisində ciddi cəmiyyət quruculuğuna başlaya bilərik. Mənim müraciətim də məhz bunlarla bağlı idi. Bu müraciətin məqsədi nəysə ummaq deyil. Dövlətçi təfəkkürüm ağrısız, dinc şəraitdə yaşamaq, Azərbaycanı təqib edən qüvvələrdən sığortalamaq, o cümlədən dövlətimizin bütövlüyünə gedən yolları hamarlamaq istəyidir.

“Borçalı” Cəmiyyətinin sədri olaraq islahatlara dəstək verməyə hazır olduğumuzu bəyan edirəm. Şəxsən mən ictimai –siyasi fəal olaraq dövlətimizin yanında olmağı özümə borc bilirəm.Ona görə ki, ölkəmizdəki islahatların reallaşmasını istəməyən dövlətlər, iqtisadi mafiyalar var. Düşmənlərimiz hiyləgərdirsə, biz də ağıllı olmalıyıq. Ağıllı olmağın yollarını da müraciətimdə qeyd etmişəm, təkliflər vermişəm. Çox istərdim ki, ölkə başçsı yaxın çevrəsinə bu müraciətimi dinlətsin və biz seçilən aydınlarımızla birlikdə soydaşlarımız və Azərbaycanla bağlı fikirlərimizi açıq deyək. Bu dialoqun ölkəmizdə ciddi şəkildə əsası ola bilər. Belə bir proses baş verəcəksə, buna cəsarətlə hazıram”.