Ölkədə pensiyaçıların sayı niyə artmır? – Ləyaqətli yaşam təmin olunmur

“Ötən həftə sosial siyasətlə bağlı yazdığım bir yazıda Azərbaycanın sosial-demoqrafik baxımdan çox şanslı olmasını arqumentləşdirməyə çalışmışdım. Mən məsələyə “demoqrafik yük” anlayışı baxımından yanaşdım. Ölkəmizdəki sosial rifahı ifadə edən bir neçə parametri – orta pensiya məbləğini, orta aylıq və minumum əmək haqqını və s. kimi nisbətləri dünya ölkələri ilə müqayisə edin. Mənfi mənada böyük fərqlər var”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekspert Məhəmməd Talıblı deyib. O bildirib ki, elmi baxımdan “demoqrafik yük” anlayışı deyilən bir ifadə var:

“Dünyada bu yükün əhatə dairəsinə düşən sosial qruplara 15 yaşına qədər olan yeniyetmələr və işləmək hüququnu itirən pensiyaçılar daxil edilir. Bu həssas sosial qrup iqtisadiyyatda dəyər yaratma prosesinə töhfə vermədikləri üçün işləyənlərə sanki yük olurlar. Dünyada ortalama olaraq “demoqrafiq yük” 50-55 nisbətindədir. Azərbaycanda isə bu rəqəm 41 civarındadır.

Çox kobud formada izah etsək, əmək qabiliyyətli 59 nəfər işləyərək özü ilə bərabər 41 nəfəri də yaşada bilir.

Deməli, bizdəki “demoqrafik yük” nisbəti dünyadakı ortalama həddin təxminən 70 faizi həddindədir. Müqayisədən görürük ki, bizdə “demoqrafik yük” nisbəti olduqca əlverişlidir. Əgər cəmiyyətdə işləyənlər yox, daha çox işləməyənlər üstünlük təşkil etsəydi, (məsələn 40/60) onda işləməyənlərin yükünü daşımaq bizim dövlət üçün daha çətin olmazdımı?

Pensiyaçıların sayı 1992-ci ildə 1,29 milyon, 2002-də 1,25 milyon və 2012-də 1,28 milyon nəfər təşkil olub. 2017-ci ildə bu rəqəm 1,32 milyon nəfərə çatıb. Əhali sayı artır, amma pensiyaçıların sayı sabit qalır. Deməli, pensiyaçıların sayının sabit qalması üçün hökumət özünün sosial siyasətini müxtəlif metodoloji yollarla “tənzimləyib”. Daha doğrusu, nail olmaq istədikləri aşağı yükü yerində saxlamaq üçün pensiyaçıların artan sayını neytrallaşdırıb”.

Ekspert əlavə edib ki, bu 1,3 milyon nəfərlik pensiyaçıdan yaşa görə çıxanların ortalama sayı son 25 ildə 600-800 min nəfər arasında dəyişib:

“Yaşa görə pensiyaya çıxanlar ümumi pensiyaçılarının 61,5% və ümumi əhalinin isə 6%-i deməkdir. Deməli, əlilliyə, ailə başçısını itirməyə və iş stajına görə pensiyaya çıxanlar isə pensiyaçıların cəmi 38,5%-ni təşkil edir. Cəmiyyətin üstünə yük olaraq düşənlərin sayı daha çox olsaydı, onda onların yükünü bölüşmək və sosial təminatını qarşılamaq bir dövlət üçün nə qədər çətin olduğunu təsəvvür edə bilirsiniz?

​​​​​​​Hökumət bu qədər az sayda pensiyaçının ləyaqətli yaşamı üçün tələb olunan pensiya məbləğini təmin etmədiyi halda, digər tərəfdən də 1,3 mlrd. pensiyaçının sayını azaltmaq üçün müxtəlif metodoloji spekulyasiyalar edir.

Bunlardan biri də hökumətin pensiyaya çıxmaq üçün yaş həddini qaldırmaqla bağlı qərar verməsi sayıla bilər. Ötən ildən başlayaraq yaşa görə pensiyaya çıxma həddinin 65-ə qaldırılması ilə hökumət ifadə etmiş oldu ki, o artmaqda olan “demoqrafik yükü” öz üzərinə götürmək istəmir. Əslində, bu yaşa qədər olanların pensiya təminatından imtina etməklə, hökumət onları iqtisadiyyatda işsizliyin və yoxsulluğun sərt tələbi ilə üz-üzə qoymuş oldu. Halbuki, pensiyaçıların aldıqları aşağı səviyyədə olan pensiyanın məbləği çox simvolikdir”.

M.Talıblı bildirib ki, Azərbaycanda pensiyaların orta məbləği 203 manat və ya 120 ABŞ dolları təşkil edir:

“Bu Avropa Birliyi ölkələri ilə müqayisədə 10-15 dəfə az məbləğdir. Bu “demoqrafik yük”ün bir komponenti olan pensiyaçıların həyat şərtləri ilə bağlı idi. Ona görə, biz sosial siyasətin əsas həlqəsi olan pensiya islahatlarını elə effektiv formada həyata keçirməliyik ki, insanlarımız qocalmaqdan qorxmasınlar. Ahıl yaşa çatmağı miskin həyat tərzi kimi təsəvvür etməsinlər”.

Qeyd edək ki, ötən gün iqtisadçı Qubad İbadoğlu MDB-nin statistikasını açıqlamışdı. Onun verdiyi məlumata görə, Azərbaycanda 1 milyon 299,5 min təqaüdçüyə (2018-ci ildə ölkədə təqaüdçülərin sayı 20.9 min nəfər azalıb) və ya əhalinin 13 faizinə pensiya düşür. Əhalisinin sayı Azərbaycanla eyni olan Belarusiyada isə 2 milyon 594 min təqaüdçüyə və ya əhalinin 26 faizinə pensiya verilir.

Sozcu.az