Ölkə rəhbərliyinin son addımlarını liberallaşma kimi qəbul etmək olar?

İctimai və siyasi fəallar prosesləri yumşalma adlandırırlar

“Hazırda Azərbaycanda baş verən prosesləri liberallaşma adlandırmaq olar”.

Bunu Meydan TV-ə müsahibəsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib.

“Prosesin davamı gələcək”

M.Əliyev son dövrlər ölkə rəhbərliyinin atdığı addımları – problemli kreditlərin həlli, siyasi məhbus siyahısında olan 51nəfərin əfvi və digər sosial yönümlü qərarları şərh edərək, deyib ki, bu liberallaşma məcburiyyət qarşısında baş verib:

“Yəni hakimiyyət vəziyyəti dərk edərək liberallaşma siyasəti aparmır. Sadəcə, məcburiyyət qarşısında buna gedir. Azərbaycan cəmiyyətində daxili gərginlik var, cəmiyyət artıq etiraz edir, hakimiyyət də bunu görür. Söhbət yalnız müxalifətdən getmir, geniş bir təbəqə artıq narazıdır. Hakimiyyət həmin narazı təbəqənin ehtiyaclarını ödəyə bilmir. Ona görə də hansısa formada insanları razı salmalıdır”.

Mehman Əliyev

Digər tərəfdən onun fikrincə, xaricdən, ABŞ və Avropa İttifaqından olan təzyiqlər nəticəsində son hadisələr baş verir.

“Beləliklə, daxili və xarici amillər hakimiyyəti liberallaşmaya məcbur edir”.

O düşünür ki, bu prosesin davamı gələcək:

“Avtoritarizm və diktatura sistemləri yarımçıq ola bilməz, bütöv olmalıdır. Liberallaşma, islahatlar prosesləri başlayırsa, sistemin demontajı artıq qaçılmazdır”, – M.Əliyev deyib.

“Prezidentin məhkəmə-hüquq sistemindəki islahatlar barədə fikri xarici investorlara mesaj idi”

ReAL Partiyasının İdarə Heyətinin üzvü Erkin Qədirli isə bildirib ki, liberallaşma konkret məzmunu olan və daha böyük həcmli işlərin görülməsini tələb edir.

“Ancaq yumşalma demək olar, çünki liberallaşma daha çox institusional islahat tələb edir. Hətta prezident mədəniyyət xadimləri ilə görüşdə məhkəmə-hüquq islahatlarının vacibliyinə toxundu. Əgər bu məsələdən danışdısa, deməli, daxili və xarici səbəblərdən anlayır ki, indiki məhkəmə sistemi ilə ağlında tutduğu islahatları apara bilməyəcək”.

Erkin Qədirli

E.Qədirlinin fikrincə, Azərbaycanda hələ dərin siyasi islahatlar getməyəcək, çünki öncə iqtisadiyyat liberallaşdırılmalıdır.

“İlham Əliyev bütün iqtisadi fürsətləri tam nəzarətinə götürəndən sonra özəlləşməyə gedəcək. Bu, xarici kapitalın ölkəyə buraxılması deməkdir. Fikir verin, fransızlarla dəmiryolu, energetika sahəsində ciddi əməkdaşlığa başlayıblar. Güman ki, paylayıcı sistemini, nəqliyyat infrastrukturunun bir qismini özəlləşdirəcək, bununla da neftdən əlavə ölkəyə, büdcəyə həm çoxlu pul gələcək, həm də xarici şirkətlər. Xarici şirkətlər də öz idarəetməsini quranda şübhəsiz ki, hüquq və qanun mühitinə baxacaq”.

O hesab edir ki, prezidentin məhkəmə-hüquq sistemindəki islahatlar barədə fikri xarici investorlara mesaj idi.

“Xarici kapitalın ölkəyə gəlişi əmək bazarına da peşəkarlıq, sosial və tibbi sığorta baxımından ciddi təsir göstərəcək. Ardınca bir neçə ilə siyasi təsiri olacaq. Amma indiki proseslər liberallaşma deyil, önəmli dərəcədə yumşalmadır”.

“Liberallaşmanın əsası olan institusional dəyişikliklər yoxdur”

Siyasi icmalçı Hikmət Hacızadə hesab edir ki, liberallaşma qanunların insan haqları tərəfini qəbul edilməsidir. O deyib ki, liberallaşma yumşalma kimi də işlədilir:

Hikmət Hacızadə

“Son hadisələr baxımından yumşalma var deyə bilərik. Amma liberallaşmanın əsası olan institusional dəyişikliklər yoxdur. Söhbət müstəqil məhkəmədən, siyasi fəaliyyətin, medianın, mətbuatın azad olunmasından gedir ki, bunlar barədə danışmaq hələ tezdir”.(Meydan tv)

Sozcu.az