“Oktay Əsədov haqqında deyilənlərlə bağlı rəsmi mövqe bildirməlidir” – VİP sədri

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün facebook səhifəsində maraqlı bir faktı təqdim edib.

Əli bəyin təqdimatında Spiker Oktay Əsədovun ailəsinə məxsus obyektin Kreml tərəfindən aşkarlanması faktı Sozcu.az saytının oxucuları üçün maraqlı olacağını nəzərə alıb həmin statusu təqdim edirik:

”Müstəqil hakimiyyət qolu olmalı Parlamentin sədri Oqtay Əsədovun ailəsinə məxsus Moskvadakı obyektdə polis “oblava” keçirib. Əlbəttə ki, ölkə rəhbərlərindən olan Oqtay müəllim rəsmi mövqe bildirməli, məlumatın həqiqət olub-olmadığı haqda açıqlama verməli, doğrudursa, obyektin alınma mənşəyini göstərməlidir.

Məsələnin mənim üçün maraqlı tərəfi, nəyə görə məhz indi əməliyyatın keçirilməsidir. Əgər məlumat doğrudursa, yəqin ki, həmin biabırçı statusda olan yer, dünən fəaliyyətə başlamayıb. Elədirsə, onda nədən indi bu məlumat dövriyyəyə buraxılır?

Nəzərə alsaq ki, xəbər son günlərdə ilk belə fləş deyil, o zaman bu əməliyyatın siyasi olması net şəkildə görünür. Kreml iqtidarımıza bu üsulla aşkar təzyiq edir.

Nədən? Nə istəyirlər? Əsas sual budur!”

Xatırladaq ki, Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşları bu ünvanda yerləşən “Kapriz” adlı sauna-striptiz klubda reyd keçirib. Obyektlə bağlı yazıya əlavə edilən sənəddə obyektin sahibi və qeydiyyat tarixçəsi haqqında bilgilər də yer alır:

“Sənədlərdən görünür ki, bu “Kapriz” adlı striptiz klub Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Adil qızının adına rəsmiləşdirilib. Klubun təsisçisi olan “Arizarum Qrup”Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi də Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovadır. Arizarum Qrup MMC 10 000 rubl Nizamnamə kapitalı ilə qeydə alınıb.