“Oğrunun heçmi günahı yoxdur?” – 4 iyun qiyamına baxış…

Səxavət Soltanlı

25 il əvvəlki çevriliş haqqında indi nə gəldi yazmaq, milli hakimiyyəti günahlandırmaq asandır. O dövrün şərtlərini, ümumi vəziyyəti, ən əsası müharibəni, Rusiyanın çevrilişin ilhamvericisi olduğunu görməzdən gəlib nə istəsən yazmaq olar.

O zaman Sürətə müqavimət göstərərkən həyatını itirən, yaralanan insanların olduğu halda “müqavimət olmayıb” demək isə sadəcə xalqa sırınan yalanın təkrarlanmasıdır.

Müqavimət olub, sadəcə dövlət çevrilişinin qarşısını almaq mümkün olmayıb.
Tarixdə baş verən hadisələri müqayisə etmək imkanımız olmadığı üçün indi pafoslu danışmaq asandır.

Silahlı müxalifətlə siyasi müxalifətin birləşməsini, xarici dövlətin onlara dəstəyini bir kənara qoyub yalnız o zamankı hakimiyyəti ittiham etmək yumşaq desək siyasi fəhimsizlikdir.

Hətta həmin zaman Sürət Hüseynov fiziki olaraq zərərsizləşdirləsəydi belə çox güman Rusiya burda başqa “sürət” tapıb ortaya çıxaracaqdı.

O çevriliş sadəcə bir ordu hissəsinin hakimiyyətə qarşı silahlı güc işlətməsi deyildi.

Sadə dillə desək məsələ daxili narazılıq məsələsi deyil, xarici gücün daxildəki əlaltılarına dəstək verməsi ilə dövlət çevrilişi idi.

O zamankı hakimiyyətin isə həmin vaxt O gücə müqavimət göstərib qalib gəlməsi sadəcə mümkün deyildi.

Aydındır ki, 1993-ün 4 iyununda Milli Hakimiyyət dövlət çevrilişinin qarşısını ala bilmədi. Məsuliyyətləri var.

Oğrunun heçmi günahı yoxdur?

Silahlı müxalifətin, onlarla ittifaq quran siyasi müxalifətin, hər ikisinə dəstək verən Rusiyanın heçmi günahı yox idi?