“O, Polad Həşimovun yetirməsi idi, general şəhid olanda çox sarsılmışdı…”- Şəhid zabitin qardaşı…

Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan hərbçilərimizdən biri də mayor Vəliyev Vüsal İslam oğludur.

Moderator.az-a danışan şəhidimizin qardaşı filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu Vüsalın general Polad həşimovun yetirmələrindən biri olduğunu bildirib:

“Vüsal ortacıl qardaşımızdı. 1988-ci ildə anadan olub. 2009-cu ildən zabit kimi Beyləqanda, Goranboyda, Tovuzda və sonuncu dəfə Göygöldə xidmət edirdi. Vüsal nişanlıydı, martın 24-də Bakıda, 28-də isə Naxçıvanda toyunu təyin etmişdik. Daha sonra pandemiyaya görə toyu qaldı. Biz onun toyunu noyabrın sonlarına planlaşdırırdıq, amma müharibə düşdü toyu da qaldı. Vüsal Həmlə Taborunun komandiri idi, sentyabrın 27-də döyüşlər başlayan kimi o da döyüşlərə qatılıb, iki dəfə yaralansa da, döyüşdən çıxmayıb. Noyabrın 9-da Şuşada şəhid olub”.

“Vüsalın bu xüsusiyyətlərinin bir hissəsi ailədən gəlsə də, bir hissəsi də Polad Həşimovdan gəlib…”

“Ölkə başçımız onu “Vətən uğrunda” medalı ilə təltif etdi. Vüsalın hərbçi yoldaşları hər gün mənə zəng vurur, onun yoldaşlarına olan köməyindən, hörmətindən danışırlar. Vüsalın bu xüsusiyyətlərinin bir hissəsi ailədən gəlsə də, bir hissəsi də Polad Həşimovdan gəlib. Çünki Qazaxda Polad Həşimov Vüsalın 6 il komandiri olub. Onun bu cür yetişməsində şəhid generalımızın əməyi var. Hətta generalımız şəhid olanda Vüsal çox sarsıldı, məni göndərdi ki, get generalın anasının əlindən öp, ailəsinə dəstək ol. Həmin vaxt o, hərbidə olduğu üçün gələ bilmirdi. Yəni Poladın məktəbini keçən insan o cür olmalıydı.

Vüsal noyabrın 9-da şəhid olsa da itkin düşmüşdü. Onun şəhid xəbərini eşitdikdən sonra atam dünyasını dəyişdi. Oktyabrın 13-də atamı dəfn etdik. Dekabrın 14-də isə Vüsalı dəfn etdik. Vüsalla oktyabrın 2-dən əlaqələrimiz kəsilmişdi. Sonradan məlum oldu ki, Şuşada gedən döyüşlərdə noyabrın 9-da şəhid olub”.

Facebook Comments