“O əsgəri dünyaya tanıtmaq üçün planlar qurmuşdum, amma eşitdim ki, şəhid olub…”

“Bu illər ərzində Ali Baş Komandanımız, cənab İlham Əliyev hər zaman sülhdən yana diplomatik danışıqlar apararaq, torpaqlarımızın geri verilməsi üçün əlindən gələni etdiyini dünyada demək olar ki, hər kəs gördü”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında hazırda Türkiyədə yaşayan Xalq artistimiz, balaban ifaçısı Əlixan Səmədov deyib.

Musiqiçi torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib:

“30 ilə yaxın idi ki, torpaqlarımız işğal altındaydı. Bu illər ərzində Ali Baş Komandanımız, cənab İlham Əliyev hər zaman sülhdən yana diplomatik danışıqlar apararaq, torpaqlarımızın geri verilməsi üçün əlindən gələni etdiyini dünyada demək olar ki, hər kəs gördü. Dünyada elə bir 2-ci dövlət lideri yoxdur ki, 30 ilə yaxın müharibə olmasın deyə səbr etsin. Amma nə yazıq ki, işğalcı düşmənlərimiz bunu başa düşmədi, elə bildilər ki, yenə də havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında tutacaqlar. O zamanlar, 1992 ildən başlayaraq öz doğma yurdlarından, 3-5 yaşında ana-atalarının qucağında, bu dəhşətli günləri gözləri ilə görüb yaşayan uşaqlarımızın və eləcə də Azərbaycan xalqının yaddaşına, unudulmaz bir gün kimi həkk olundu.

Bu keçən illər ərzində Azərbaycan ordusu daha da güclənmiş, sadəcə Ali Baş Komandanımızın bir əmri ilə işğal olan torpaqlarımızı canları bahasına almağa hazır olduqları inancını heç bir zaman itirmədilər.

Düşmənin 27 sentyabrda Tərtər və Füzuli rayonunun dinc əhalisinə atdığı raketlər, artıq səbrimizin daşdığı son nöqtə olaraq, şanlı ordumuz əks-hücuma keçərək və sadəcə 44 gün sürən Vətən müharibəsini zəfərlə başa çatdırmamızın ən böyük səbəbi deyə bilərəm ki, inancımız oldu. Azərbaycan ordusu dünyaya elə bir dərs verdi ki, düşmənlərimizi qoruyan hər kəs sadəcə seyr etməklə qaldı. Bu arada dost kim, düşmən kim, o da bəlli oldu.
Türkiyə Cumhuriyəti Cumhurbaşkanı sayın Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türk xalqının Azərbaycana dəstəyini görmək, bir daha göstərdi ki, “Bir Millət, İki Dövlət” olaraq əbədi yaşayacaq. Türkiyədə yaşayan biri olaraq qürurverici bir duyğu idi mənim üçün.

Daha dünən mənə bir türk vətəndaşı olan Hüseyin Dəmir bəy tərəfindən yazılan məktubunda da,“Ataları Güney Azərbaycan’dan gəlmiş bir qardaşımız olarak görüləcək kampaniya üçün büyük həyəcan duymaqdayam” yazısına duyğulanmamaq mümkün deyil.

Şükürlər olsun ki, torpaqlarımız artıq işğal altında deyil, inanıram ki, ən qısa zamanda Qarabağımızdan hər zaman musiqi ilə yanaşı uşaqlarımızın gülüş səsləri yüksələcək.
Bu müharibədə canlarını verən şəhidlərimizin şəkil və videolarını internet portallarında gördüyüm zaman inanın ki, bu gənc yaşlarında həyatlarına sığdırdıqları günlərinə bir necə film çəkmək olar. Mən musiqiçi olduğuma görə mahnı oxuyan əsgərlərimizi görəndə bir daha deyirdim ki, Azərbaycan xalqı çox istedadlıdır. Bu əsgərlərdən birinə hətta, mübaribədən sonra adını dünyaya duyurmaq üçün planlar qurmuşdum və araşdırdığım zaman şəhid olduğunu öyrənincə, inanın indiyə qədər onun o gözəl səsi qulaqlarımdan getmir. Adı Xudayar Müslümoğlu.
Allah bir daha şəhidlərimizə rəhmət eyləsin, ailələrinə də, səbirlər diləyirəm. Şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq. Xalqımla bərabər mən də, bu zəfər sevincimi, dünyanın hər bir yerində yaşayan soydaşlarımızla paylaşıram. İnşallah bir daha müharibə olmaz, düşmən də, artıq bu zəfərimizdən sonra uzun illər özünə gələ bilməz.
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”.

Facebook Comments