Novoçerkassk güllebaranı

Yadigar Sadıqlı

1954-cü il Sovet İttifaqı Kommunist Partiyasının (Sov.İKP) fevral-mart plenumunda “Ölkədə taxıl istehsalının artırılması, xam və dincə qoyulan torpaqların mənimsənilməsi haqqında” qərar qəbul olundu. Bundan sonra başlanan xam torpaq epopeyası sovet hökumətinin iqtisadi siyasətinin əsasını təşkil etdi.

Yüzminlərlə insan Qazaxıstanı, Volqaboyunu, Uralı və digər əraziləri əhatə edən torpaqlarda işləmək üçün səfərbər edildi. Təkcə 1954-1956-cı illərdə xam torpaqlarda 425 taxıl sovxozu yaradıldı.1954-1961-ci illərdə hökumətin kənd təsərrüfatına xərclədiyi vəsaitin 20%-i xam torpaqlara sərf olundu. Ölkədə istehsal olunan kənd təsərrüfatı texnikasının az qala hamısı onların mənimsənilməsinə göndərilirdi.

Radio, televiziya, qəzetlər az qala hər gün bu işlərin ölkə üçün nə qədər əhəmiyyətli olacağından, ərzaq bolluğuna müsbət təsir edəcəyindən bəhs edirdi. İlk dövrlərdə bu ümidlər özünü doğruldurdu. 1956-cı ildə SSRİ-də rekord həddə – 125 milyon ton taxıl yığıldı ki, onun da yarısı (62,26 milyon ton) xam torpaqların payına düşdü. Bundan şövqə gələn sovet rəhbəri Nikita Xruşşov 1957-ci ildə özünün məşhur proqnozunu səsləndirdi: üç il ərzində SSRİ adambaşına düşən kənd təsərrüfatı məhsullarının sayına görə ABŞ-a çatacaq və onu ötəcək”.

Lakin bu nikbinlik özünü doğrultmadı. Xam torpaqların mənimsənilməsi zamanı yol verilən ciddi nöqsanlar səbəbindən məhsuldarlıq getdikcə azalmağa başladı. Xruşşovun dediyi 3-4 ildən sonra SSRİ nəinki ABŞ-a çatmadı, əksinə iqtisadiyyatda, xüsusən də kənd təsərrüfatında ciddi problemlər yaşamağa başladı. Bununla belə, sovet rəhbərliyi öz şüarçılığına ara vermirdi.

1961-ci il oktyabr ayının ikinci yarısında hakim Kommunist Partiyasının XXII qurultayı keçirildi. Qurultayda çıxış edən Xruşşov özünün daha bir məşhur ifadəsini söylədi: “Sovet adamlarının indiki nəsli kommunizmdə yaşayacaqlar”. Nümayəndələr bu fikri ayaq üstdə alqışladılar. Qurultay Sov.İKP-nın yeni, sayca üçüncü proqramını qəbul etdi. Xruşşovun həmin fikri proqramı yekunlaşdıran son cümlə idi.


Bu zaman isə sovet vətəndaşları çörək, yağ, ət məhsullarının kəskin defisitini yaşayırdılar.

***

1962-ci il mayın 31-də SSRİ Nazirlər Soveti (sovet hökuməti belə adlanırdı) ət və ət məhsullarının satış qiymətlərinin 30%, kərə yağının isə 25% artırılması barədə qərar qəbul etdi. Bu, SSRİ-ni rəsmən elan etdiyi siyasətlə zidd idi. Çünki məntiqlə, kommunizmə doğru gedərkən bahalaşma yox, ucuzlaşma olmalı idi. Buna görə də sovet təbliğatı bahalaşmanın “zəhmətkeşlərin istəyi ilə” baş tutduğunu yazırdı. Zəhmətkeşlərin qiymət artımınıniyə istəməsi isə qaranlıq qaldı.

Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində yerləşən Elektrikli lokomotiv (elektrovoz) zavodunun minlərlə işçisi üçün bu xəbər dalbadal ikinci zərbə oldu. Çünki bir neçə gün öncə zavod rəhbərliyi istehsal normasının 1/3 dəfə artırıldığınıelan etmişdi. Bu, o demək idi ki, əvvəlki maaşı almaq üçün 1/3 dəfə çox məhsul istehsal etmək lazım idi. Və yaxud, əvvəlki qədər məhsul istehsal olunardısa, daha az maaş alacaqdılar.

İyunun 1-də saat 10-da poladtökmə sexinin təxminən 200 fəhləsi işi dayandıraraq zavod rəhbərliyinin yerləşdiyi inzibati binaya tərəf üz tutdular. Zavodun nəhəng ərazisindən keçdikcə onlara başqaları da qoşuldu və sonda binanın qarşısına 1000 nəfərə qədər fəhlə toplandı. Onlar yerinə yetirdikləri işin qiymətləndirilməsinin artımını tələb edirdilər.

Etirazçıların qarşısına zavodun direktoru Boris Kuroçkin çıxdı. Burada baş verənlər hadisələrin kilid nöqtəsi oldu. Direktor fəhlələrin tələblərini yuxarı instansiyalara çatdıracağını söyləməklə ən azı həmin gün etirazları sakitləşdirə bilərdi. Lakin Kuroçkin başqa yol seçdi.

O, fəhlələrin “bundan sonra necə yaşayacağıq?” sualına kənarda liverli (malqaranın içalatından hazırlanan içlik) pepaşki satan qadını göstərərək “ət yeyə bilmirsiniz, liverli peraşki yeyin” söylədi. Kuroçkin özünü hazırcavab sayırdımı, yaxud Fransa kraliçası Mariya-Antuanettaya aid edilən (əslində isə demədiyi) “çörək yoxdursa, niyə pirojna yemirlər?” ifadəsindən xəbərdar olduğunu göstərib intellekti ilə lovğalanırdımı, ya nədənsə bu fikri söylədi.

İki bəd xəbər Novoçerkassk fəhlələrinin yumor hissini korşaltdığından, yoxsa tarixi zəif bildiklərindən, onlar direktorun dediklərini xoş qarşılamadılar. Boris Kuroçkinin ünvanına yağlı söyüşlər yağmağa başladı, bəzi əşyalar atıldı və direktor bəxtini daha sınamamaq üçün kabinetinə çəkildi. Amma o, öz dağıdıcı rolunu artıq oynamışdı.

***

Kuroçkinin səsləndirdiyi ehtiyatsız fikir tezliklə bütün zavoda yayıldı və sexlər bir-bir işi dayandıdılar. Tətil edənlərin sayı artıq 5 minə çatırdı. Karatayev soyadlı bir fəhlə plakat hazırlayaraq tələblərini yazdı. Hadisələr yatırılandan sonra fəhlə-kəndli hökuməti “Ət, yağ, maaş artımı” istəyən Karatayevə 10 il iş verdi.

Fəhlələr güman edirdilər ki, vilayət rəhbərliyi onların etirazlarınıMoskvadan gizlədə bilər. Tətilin rezonans doğurması üçün yaxınlıqdan keçən dəmiryolunu bağladılar və Rostov-Saratov qatarını saxladılar. Bu zaman kimsə lokomotivin üzərində “Xruşşov ətliyə” sözlərini yazdı.

Sərnişinlər axşama qədər isti kupelərdə qaldılar. Fəhlələr arasında artıq sərxoşluq, xuliqanlıq halları qeydə alınırdı. Bəziləri daşla vaqonların pəncərələrini sındırdılar. Qatarın önünü açıb getməsinə icazə veriləndə isə maşinist kütlənin içindən keçməyə çəkinərək geriyə, öncəki stansiyaya qayıtdı.

Novoçerkasskdakı təlatüm barədə xəbərlər isə Moskvaya artıq məruzə edilmişdi. Xruşşov əvvəlcə partiya rəhbərliyinə daxil olan A.Kirilenko və A.Şelepini hadisə yerinə göndərdi. Lakin etirazların miqyasının böyüdüyünü bildikdə o zaman partiya iyerarxiyasında ikinci adam hesab olunan Frol Kozlov başda olmaqla daha böyük nümayəndə heyəti yola düşdü.

Xruşşov eyni zamanda müdafiə naziri, marşal Malinovskiyə etirazları yatırmaq üçün hərbçilərdən istifadə oluna biləcəyini söyləyir. Az sonra Malinovski Şimali Qafqaz hərbi dairəsinin(ŞQHD) komandanı, ordu generalı Pliyevlə əlaqə saxlayır, 18-ci tank diviziyasını hazır saxlamağı tapşırır.

Bu zaman sovet xüsusi xidmət orqanlarının əməkdaşları fəhlə paltarında etirazçıların arasında peyda olurlar, gizli fotoçəkilişlər aparırlar. Sonralar bu şəkillər istintaq orqanlarına təhvil veriləcək. Özlərini xüsusilə fəal aparan, etirazları yönləndirən adamlar həmin şəkillərdə işarələnirdilər.

Günün ikinci yarısında Rostov vilayətinin bütün partiya və hökumət rəhbərliyi Novoçerkasskda idilər. Vilayət partiya komitəsinin birinci katibi A.Basov saat 16.30-da zavodun inzibati binasının balkonuna çıxaraq fəhlələrə müraciət etdi.

Basovla birlikdə gələn nümayəndələrdən bəziləri ona fəhlələri sakitləşdirmək üçün müəyyən vədlər verməyi, eləcə də zavodun direktorunun işdən çıxarıldığını elan etməyi məsləhət görürdülər. Amma Basov yağ və ət məhsullarının bahalaşmasının səbəbləri barədə sovet hökumətinin rəsmi mövqeyini təkrar oxumağa başladı. Nəticədə fəhlələr bir az da əsəbləşərək onu fitə basdılar və söyüşlərə “qonaq” etdilər. Basov da inzibati binada gizlənməli oldu.

Milisin partiya və hökumət funksionerlərinin imdadına yetmək cəhdi uğursuz oldu. Onların sayı xeyli az idi, üstəlik sovet milisi heç vaxt kütləvi etirazlarla üzləşmədiyindən belə hallar üçün zəruri davranış vərdişlərinə və xüsusi vasitələrə malik deyildi. Etirazçılar onları sıxışdırdılar, bir neçə milis nəfəri isə döyüldü.

Axşam zavodun həyətinə 3 zirehli transportyor və bir qrup əsgər daxil oldu. Onların vəzifəsi diqqəti öz üzərilərinə çəkmək idi. Fəhlələrin başı onları söyməyə qarışan zaman KQB əməkdaşları inzibati binada qalan rəhbərliyi arxa qapıdan çıxardı. Bundan sonra əsgərlər də dinməz-söyləməz transportyorlara oturaraq getdilər.

Tələblərilə bağlı rəsmi şəxslərdən heç bir ümidverici söz eşitməyən fəhlələr ertəsi gün toplaşaraq şəhər partiya komitəsinin binasına doğru yürüş etməyi və orada tələblərinə cavab istəməyi qərara aldılar. Bəzi çıxış edənlər daha radikal addımlar – hakimiyyət orqanlarının binalarının tutulmasını – təklif edirdilər.

Gecə etirazçıların əksəriyyəti evlərinə dağılışmasından istifadə edən hakimiyyət zavodun həyətinə hərbi qüvvələr, o cümlədən tanklar yeritməyə başladı. Müqavimətə və bəzi əsgərlərin xəsarət almasına baxmayaraq, gecə saat 3-də zavod hərbçilərin nəzarətinə götürüldü, 22 nəfər həbs edildi. Bu zaman silah tətbiq edilmədi, lakin şəhərdə fəhlələrin tırtıllar altında qalması barədə şayiələr yayıldı.

Fəhlələrin ertəsi gün Novoçerkasska doğru hərəkət edəcəkləri məlum olduğundan hökumət binaları, poçt, bank nəzarətə götürülür. Üstəlik, bankda olan bütün pullar çıxarılır. Şəhərin girişində olan Tuzlov çayı üzərindəki körpüdə tanklar yolu bağlayırlar.

***

İyulun 2-də, şənbə günü (1967-ci ilə qədər SSRİ-də altıgünlük iş həftəsi mövcud idi) lokomotiv zavodunun və onları dəstəkləyən digər zavodların fəhlələri qırmızı bayraqlar və Leninin portretlərini qaldıraraq Novoçerkasska doğru yürüşə başladılar. Qiymət artımından narazı olan başqaları da yolboyu onlara qoşuldular.

Tuzlov üzərindəki körpüdə tankları görən nümayişçilərin bir çoxu azsulu çayı piyada keçdilər, daha ürəkliləri isə tanklarınüzərindən keçərək yollarına davam etdilər. Hərbçilər də onlara mane olmurdular, hətta bəzən əllərini uzadaraq tankın üstünəçıxmağa kömək edirdilər.

Şəhər partiya komitəsinin binasında olan və nümayişçilərin tank kordonunu adlaması xəbərindən bərk qorxuya düşən Frol Kozlov ŞQHD komandanı Pliyevə zəng edir. Pliyev də öz müavini, general-leytenant Şapoşnikovdan tanklarla nümayişçilərin üzərinə hücuma keçməyi tapşırır. Sovet İttifaqı Qəhrəmanı Şapoşnikov isə “Qarşımda tanklarla hücum edəcək düşmən görmürəm” deyərək imtina edir.

Nümayişçilərin qarşısının alınmamasından qorxuya düşən Kozlov, Mikoyan, Kirilenko, Şelepin, Polyanski və digər yüksək mənsəbli nümayəndələr tələsik şəhər partiya komitəsinin binasını tərk edirlər və hərbi hissələrdən birinin ərazisinə sığınırlar.

Rostov vilayəti SSRİ-nin ən kriminal regionu hesab olunurdu. Cinayətkar aləmin məşhur “Rostov atadır, Odessa ana” deyimi boşuna deyildi. Bu yöndən Novoçerkassk da istisna sayılmazdı. Nümayişçilər şəhərin küçələri ilə irəlilədikcə onlara xeyli kriminal elementlər, xuliqanlar, eləcə də əyyaşlar qoşulurdu. Bu da etirazların mütəşəkkiliyinə zərər vururdu. Fəhlələrin öz aralarında da intizamsız, yolboyu spirtli içkilər qəbul edə-edə gələn adamlar vardı.

Kütlə şəhər partiya komitəsinin binasına çatarkən artıq əvvəlki dinc əhavalda deyildi. Onlar birbaşa binaya hücum etdilər, buradakı işçiləri, o cümlədən KQB əməkdaşlarını döydülər. Xüsusilə aqressiv olanlar binanın balkonuna çıxaraq nitq söyləməyə başladılar. Onlar əsgərlərə hücum etməyi, silahlarını ələ keçirməyi təklif edirdilər. Bütün bunları isə kütlənin içinə sızan mülki formalı milis və KQB əməkdaşları qeydə alırdılar.

Sovet fəhlələrinin qərbli həmkarlarından fərqli olaraq etiraz hüququ yalnız kağız üzərində mövcud idi. Çünki burada sahibkar dövlət idi. Etiraz aksiyası keçirmək, tətil etmək dövlətə qarşı çıxmaq demək idi. Nəticədə sovet fəhlələrinin nə etiraz təcrübəsi vardı, nə də bu etiraza rəhbərlik edəcək təşkilatı. Bu səbəbdən də Novoçerkassk hadisələri başıpozuq xarakter almağa başlayır. Bəzi versiyalara görə, bu işə fəhlələr arasındakı KQB agenturası da töhfə verir.

Digər tərəfdən, sovet hökumətinin də belə etirazları yatırmaq təcrübəsi, təlim görmüş milis gücləri, xüsusi vasitələri yox idi. Ümid yalnız orduya qalırdı (Novoçerkasskdan 16 il sonra İran şahı da eyni problemlə üzləşdi və bu onun üçün daha acınacaqlı bitdi).

***

Balkondan çıxış edən Yekaterina Levçenko adlı bir qadın milis şöbəsinə hücum etməyi və orada həbsdə saxlanılan fəhlələri azad etməyi təklif edir. Halbuki milis idarəsində heç bir etirazçı yox idi. Gecə həbs olunan 22 nəfər artıq azadlığa buraxılmışdı.

Etirazçıların bir hissəsi şəhər milis şöbəsinə hücum etdilər, oranı mühafizə edən daxili qoşunların əsgərlərini sıxışdırdılar və içəri daxil olub dağıtmağa başladılar. Etirazçılardan biri Repkin soyadlı əsgərin avtomat silahını ələ keçirdikdə başqa bir əsgər atəş açdı. Digər əsgərlərin də atəşi nəticəsində milis şöbəsində 5 etirazçı öldürüldü, bir neçə nəfər yaralandı, 30 nəfər həbs olundu.

Şəhər partiya komitəsinin binası önünə isə general Oleşko başda olmaqla daxili qoşunların 50 hərbçisi gəldi. General balkona çıxaraq etirazçılardan dağılışmalarını istədi. Bu baş vermədikdə isə hərbçilər havaya atəş açdılar. Kütlə qorxuya düşərək bir qədər geri çəkildi. Bundan sonra baş verənlər barədə isə iki versiya mövcuddur.

Birinci və rəsmi versiyaya görə, etirazçılardan bəziləri “qorxmayın, boş patronlarla atırlar” deyərək kütləni ruhlandırıb və onlar yenidən əsgərlərin üzərinə yeriyiblər. Bu dəfə isə əsgərlər artıq kütləyə atəş açıblar.

İkinci versiyaya görə, havaya açılan atəş hadisələri izləmək üçün ağaca çıxan uşaqlara dəyib və onlar ağacdan yerə yıxılıblar. Kimisi ölüb, kimisi yaralanıb. Bunu görən kütlə qəzəblənərək əsgərlərin üzərinə hücuma keçib və güllələrə tuş gəlib.

Rəsmi sənədlər hadisələr zamanı ölən uşaqların olmasını inkar edir. Lakin bir çoxu, o cümlədən o zaman özü də ağacda olan, 1996-cı il seçkilərində Rusiya prezidentliyinə namizədAleksandr Lebed uşaqların öldüyünü iddia edirlər. Versiyalardan bir budur ki, həmin uşaqlar yaxınlıqdakı uşaq evinin sakinləri olan atasız-anasız yetimlər olublar və onların ölümünü ört-basdır etmək çətin olmayıb.

Güllələrdən biri şəhər partiya komitəsi ilə üzbəüz binada parikmaxer işləyən qadını öldürdü. Daha bir qurban isə uşağını gəzməyə çıxaran ana idi. Ümumən şəhər meydanında 19, milis şöbəsində 5 nəfər olmaqla 24 nəfər öldürüldü (daha 2 nəfər gecə, komendant saatı zamanı patruldan qaçmağa cəhd edərkən güllələnmişdi). Güllə yarası alan 45 nəfər xəstəxanalara müraciət etdi. Lakin yaralananlar yəqin ki, daha çox idilər. Yarası daha yüngül olanlar qorxularından həkimə müraciət etmirdilər.

***

Novoçerkassk gülləbaranından xarici mətbuat, radiolar xəbər tutmadı. Qabriel Qarsia Markes də “Yüz il tənhalıq” romanında Makondada baş verən gülləbaranın izini itirmək üçün atılan addımları təsvir edəndə yəqin ki, Novoçerkassk hadisələrindən xəbərsiz idi. Lakin süjet çox oxşar idi.

Meydanı suvuran maşınlarla yudular. Lakin bununla qane olmayıb yeni asfalt çəkdilər. Doğrudur, cəsədləri Makondadakı kimi dənizə atmadılar. Əvəzində xeyli uzaqda – Novoşaxtinskdə (Novoçerkassdan 60 km məsafədə), Marçevoda (110 km), Tarasovskda (164 km) dəfn etdilər və heç bir nişan, daş qoymadılar. Kənara məlumat sızmasın deyə, bir neçə ay ərzində şəhər sakinlərinin məktubları yoxlanıldı.

Novoçerkasskda 240 nəfər həbs edildi. Onlardan 7 nəfər güllələnməyə, 105 nəfər isə 10-15 il arası, digərləri daha az müddətli həbs cəzalarına məhkum olundular. 1964-cü ildə Xruşşov devriləndən bir müddət sonra həbs cəzası alanlar vaxtından əvvəl azadlığa çıxdılar.

General Şapoşnikovla bağlı isə əksi baş verdi. Xruşşov dövründə cəzalandırılmasa da, 1966-cı ildə ehtiyata göndərildi. 1967-ci ilin əvvəllərində kommunist partiyasından xaric olundu. Avqust ayında isə “antisovet təbliğat” ittihamı ilə barəsində cinayət işi açıldı və bir neçə ay sonra müharibə zamanı xidmətləri nəzərə alınmaqla bağlandı. Yalnız 1988-ci ildə həmin iş “cinayət tərkibi olmadığına görə” ləğv edildi.

Gülləbaran zamanı qətlə yetirilən 24 nəfərdən 20-nin cəsədi 1990-cı illərdə aşkar edildi, identifikasiya olunaraq şəxsiyyətləri müəyyənləşdirildi və Novoçerkassk qəbiristanlığında dəfn olundular. Daha 4 nəfərin və ölüm cəzasına məhkum olunanların cəsədləri aşkar edilmədi. Sonunculara və həbs cəzası alan bütün etirazçılara 1996-cı ildə bəraət verildi.

P.S.Yazı müəllifin bloqundan götürülüb.

Sozcu.az