Nizami Gəncəvinin oğlu Məhəmmədə əxlaqi-mənəvi dəyərlərə yiyələnməyin yolları haqqında nəsihəti

Zəkalar sultanı Nizamı Gəncəci çoxçalarlı tərbiyə məsələlərindən bəhs edən, zamanı qabaqlayan yaradıcılıq irsinə malik ölməz, həmişəyaşar kamil sənətkar və böyük  şəxsiyyətlərdən biridir. O, sağlığında yaradıcılıq keyfiyyətləri ilə, ölməz əsərləri ilə həmişəyaşarlığını qazanmışdır. Onun “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə” əsərlərini bir dəfə oxusan bir dəfə, iki dəfə oxusan iki dəfə və habelə, neçə dəfə oxusan bir o qədər çox yeni-yeni mənəvi, bəşəri dəyərlərlə bəhrələnmiş olarsan.

“Bir qılınc öldürsəon düşmənəgər, Düşüncə ordunu salar dərbədər” misraların müəllifi, yüksək sağlam düşüncə tərzinə malik olan Nizami Gəncəvi çox yaxşı bilirdi ki, övladın tərbiyəsi ilə Məhəmməd peyğənbərin söylədiyi kimi, beşikdən qəbirədək məşğul olmaq lazımdır. Atanın övladına verdiyi tərbiyədən qiymətli miras yoxdur. O, öz bütün yaradıcılıq irsində “Oğlum Məhəmmədə nəsihət” şeirini biri digərindən fərqlənmək şərti ilə üç dəfə qələmə almışdır. Fikrimizcə, bu da tərbiyənin yaşa bağlılıq prinsipi ilə bağlıdır.

Şərq bədii fikir tarixində dəyərli poetik irsə malik olan Nizami Gəncəvi “Oğlum Məhəmmədə nəsihət” adlandırdığı şeirini birinci dəfə övladının 7 yaşı tamam olanda, ikinci dəfə 14 yaşı tamam olanda, üçüncü dəfə isə 21 yaşı tamam olanda qələmə almışdır. Bu da heç təsadüfi deyildir. Pedaqoji qanunauyğun haldır. Şair yaxşı bilirdi ki, hər yaş dövrünün özünəməxsus anlam tərzi var. Planlı, mütəşəkkil, dəyişkən proses olan tərbiyə işində pedaqoji qanunauyğunluqlara, qanunauyğunluqdan törəmə olan qanunlara və əsas ideya, əsas tələb rolunu oynayan tərbiyə prinsiplərinə istinad edilərək, əsaslanaraq aparılmalıdır. Bizcə, dahi Nizaminin yürütdüyü bu fikir “Tərbiyədə uşaqların yaş və anlaq səviyyəsinə müvafiqlik” prinsipinə uyğun olaraq irəli sürülmüşdür.

Yaradıcılıq irsində əqli-mənəvi, bəşəri dəyərlərə geniş yer vermiş Nizami Gəncəvi “Oğlum Məhəmmədə nəsihət” şeirlərinin hər birində oğlunun timsalında bütün uşaqlara tərbiyəvi təsir göstərməyə xüsusi səy göstərmişdir.Şair bu şeirlərində yaşa, biliyə müvafiqlik zəminində mənəvi ünsiyyətə, mənəvi yaxınlığa girmək zəminində müsbət tərbiyəvi təsir göstərməyə çalışmışdır. Fikrimizcə, Nizami Gəncəvi bilirdi ki, uşaqla mənəvi ünsiyyət, mənəvi yaxınlıq yaratmadan onlara yüksək tərbiyəvi təsir göstərmək mümkün deyil. Şeirlər oğlu Məhəmmədin şəxsində bütün uşaqları əqli-mənəvi cəhətdən zənginləşməyə səfərbər edir. “Xosrov və Şirin” əsərindəki “Oğlum Məhəmmədə nəsihət şeiri” “Yeddi yaşlı balam, gözümün nuru! Dilimin əzbəri, qəlbim süruru” poetik misraları ilə başlayır. Şeirdə əqli biliklərə, əxlaqi-mənəvi dəyərlərə yiyələnməyin vacibliyi, faydası, dəyəri uşaq ruhuna, uşaq anlamına müvafiq şəkildə aşağıdakı misralarda çox gözəl vurğulanır:

Bədr olan zamanda gözəl hilalın,

Nur saçacaq göyə sənin camalın.

Bilik kəsb etməklə dünyanı qazan,

Əsmanı oxu ki, məna alasan.

Odlar yurdu Azərbaycanınəziz övladı sayılan Nizami tərbiyə işində uşaqla səmimi ünsiyyətdə, səmimi təmasda olmağı yüksək dəyərləndirirdi. O, kamil pedaqoq kimi bilirdiki, övladla ata arasında səmimi təmas, səmimi ünsüyyət formalaşdırmadan ona yaxşı tərbiyəvi təsir göstərmək qeyri mümkündür. Onun övladı ilə səmimi ünsiyyətə, səmimi təmasa girmək mədəniyyətini aşağıdakı misralarda çox gözəl əksini tapır:

Yeddi yaşlı balam, gözümün nuru!

Dilimin əzbəri, qəlbimin süruru.

Ruzi verdi sənə o pərvərdigar,

Üstündə mənim yox, onun adı var.

Həyat və yaradıcılığında azad düşüncəyə geniş yer verən Nizami Gəncəvi oğlu Məhəmmədi, o cümlədən bütün uşaqları hamıda ikrah hissi doğuran bəd əməllərdən kənarlaşdırmağa, hər bir iş və əməldə hamıya ideal nümunə olmağa dəvət edir. “Oğlum Məhəmmədə nəsihət” şeiri əksər tərbiyə komponentləri, əksər tərbiyə çalarları baxımından xoş təsir bağışlamaqla yanaşı, hər bir oxucunu ağılın meyarı olan elmi biliklərə dərindən yiyələnməyə, ağıllı, namuslu, qeyrətli, məzmunlu həyat sürməyə, xoş ovqat yaradan iş və əməlləri ilə atasına baş ucalığı gətirməyə səmtləndirir. Bu söylədiyimiz fikrirləri şair aşağıdakı kimi ifadə edir:

Qaç o sözlərdən ki, mənasız, boşdur,

İlahi elmlər öyrənmək xoşdur.

Elə namuslu ol, desin hər görən:

Ağıllı öğluna, Nizami, əhsən!

İnsanın həyatda öz sağlam düşüncəsini inkişaf etdirməyi vacib sayan ustad şair Nizami oğlu Məhəmmədə ikinci şeirini “Leyli və Məcnun” əsərində böyük sevgi və məhəbbətlə ifadə etmişdir. Bu zaman Məhəmməd artıq on dörd yaşa çatmışdır. Bu cəhətdən şair  ibrətamiz, nəsihətamiz fikir və duyğularını onun yaşına, anlaq səviyyəsinə, tərbiyənin yaşa, biliyə uyğun olan, əsas ideya, əsas tələb rolunu oynayan prinsiplərinə müvafiq şəkildə, səriştəli, kamil tərbiyə nəzəriyyəçisi kimi çatdırır. “Sən ey on dörd yaşlım, hər elmə yetkin! Gözündə əksi var iki aləmin” deyən şair oğlu Məhəmmədin elm, ədəb qazanmaq sahəsində böyük səriştə, imkan sahibi olduğunu nəzərə alaraq ona qəflət yuxusundan oyanmağı, adına-sanına müvafiq işlər görərək daha kamil insana çevrilməyi emosionalcasına təklif edir. Onu həyatda daha böyük uğurlar, müvəffəqiyyətlər qazanmağa çağırır. Bu söylənilənlər baxımından oğlu Məhəmmədə öz səmimi istək və arzularını belə açıqlayır:

İndi ki, çatmışdır yaşın on dördə,

Başın sərv kimi durur göylərdə.

Qəflətdə oynama qeyrət vaxtıdır,

İndi hünər vaxtı, şöhrət vaxtıdır.

Nizami Gəncəvi tərbiyə işində özünütərbiyəni, təhsillənmədə özünütəhsili çox yüksək dəyərləndirir. O, oğlu Məhəmmədin timsalında bütün uşaqları həyatdan dərs almağa çağıraraq bildirir ki, bütün müşküllüklərin açarı elmdədir. Bu söylənilənlər baxımından şair öz fikir və mülahizələrini aşağıdakı misralarında daha aydın şəkildə ifadə edir:

Kim ki, ibrət dərsi alıb dünyadan,

Sözün lövhəsini öyrənən zaman.

Eləmiş sənəti elmə xəznədar,

Dünyanın müşkülü belə açılar.

Zəkalar sultanı Nizami Gəncəvi vaxtdan səmərəli istifadə etməyi, çox yatıb vaxtı fövtə verməməyi oğlu Məhəmmədin timsalında bütün gənclərə tövsiyə edir. Bildirirki, insan öz əbədiyyətini öz sağlığında qazanmalıdır. Bu söylənilənlərlə bağlı öz müdrük fikir və duyğularını belə şərh edir:

Ey öğul, sənədir sözüm, yaxşı bax,

Çünki mən yatıram, sənsə qal oyaq.

Adın xoş gülüdür əbədiyyətin,

Məhəmməd isminin möhrüsən mətin.

Nizami Gəncəvi oğlu Məhəmmədi kamil şəxsiyyət, sayılıb seçilən insan kimi görmək istəyir. Bu işdə uşağın öz səyinə, təlaşına onda nikbin ruh yaratmaq zəminində üstünlük verir. Üzünü övladı Məhəmmədə tutaraq “Ucalmaq istəsən, bir kamala çat, Kamala ehtiram göstərir həyat” kimi misraları ilə xatırladır ki, şan-şöhrət qazanmaq, gərəkli insana çevrilmək öz səyindən, öz təlaşından asılıdır. Bunun üçün çalışqan, zəhmət sevər olmalısan. Öz halal zəhmətinlə, səyinlə zirvələrə ucalmalısan. Bu deyilənlər baxımından öz arzu və istəklərini aşağıdakı dərin mənalı, düşündürücü misralarında uşaq anlamına, uşaq ruhuna daha yaxın mənada vurğulayaraq yazır:

Uşaqkən əslini sorsalar bir az,

Ağac bar verəndə cinsi sorulmaz!

Elə ki, böyüdün belədir qayda,

Atanın adından sənə nə fayda?

Nizami Gəncəvi yenə də oğlu Məhəmmədin şəxsində bütün bəşər övladlarını özünütərbiyəyə, özünütəkmilləşdirmə, özünütəhsilə məşğul olmağa səmtləndirir. O, yaxşı bilirki, tərbiyələnməyin ən optimal yolu özünütərbiyə, təkmilləşmənin ən optimal yolu özünütəkmilləşdirmə, təhsillənmənin ən optimal yolu isə özünütəhsildir. Bu cəhətlərdən də “Sən aslanlar kimi keç cəbhələrdən, yalnız hünərinin balası ol sən! nidaları ilə bildirir ki, səadətə, kamala çatmaq hər bir insanın öz işi, öz səyi, öz təlaşı sayəsində təzahürünü tapır. Bu söylənilənlərlə bağlı şair öz istək və arzularını, uşaqlarda görmək istədikləri keyfiyyətləri aşağıdkı misraları ilə uşaq ruhuna, uşaq anlamına uyğun şəkildə aşağıdakı misralarında çox gözəl vurğulayır:

Səadət kamalla yetişir başa,

Xalqa hörmət elə, ədəblə yaşa.

Başına əfsanə düşdüyü zaman,

Allah qorxusunu unutma bir an.

Şair övladlarımıza sevib seçdikləri peşələrə dərindən yiyələnməyi tövsiyə edir. Şair oğlu Məhəmmədin timsalında bütün uşaqları özünüdərkə, vicdanının səsini duymağa səfərbər edir. Peşələrin sirlərini dərindən bilməyin vacibliyi ilə bağlı şair öz fikir və mülahizələrini incəliklərinə qədər daha düzgün olaraq  açıqlayır:

Bir elmi öyrənmək istədikdə sən

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

“Kim ki, ibrət dərsi alıb dünyadan, sözün lövhəsini öyrənən zaman” söyləyən Nizami Gəncəvi oğluna hər sözün məna dəyərindən düzgün istifadə edərək, bağlı qapıların, müşküllüklərin açarı sayılan elmi bilikləri dərindən öyrənməyi tövsiyə edir, bildirir ki, hərzəkar, boşboğaz adamlarla ünsiyyətdə olmaq sənə yaraşmaz, fayda verməz, yaxşı, səmimi dost sənin ağ günə çıxmağının səbəbkarı, baiskarı olar. Bu deyilənlər baxımından şair öz fikirlərini emosionalcasına açıqlayır:

Yaxşı ad qazanmış gözəl dost ara,

Ondan yetişərsən ağ günə, vara.

Xoş ətirli bir dost yaxşıdır, inan,

Hərzə-hərzə durub danışanlardan.

“Tanrının əmrinə sən əməl eylə, bil üstün gələrsən hər bir müşkülə” deyən şair oğlu Məhəmmədə tövsiyə edərək bildirir ki, elmi biliklərə yiyələnmək insan üçün heç vaxt ar deyil, həyatda rastlaşdığın bağlı qapıların, müşküllüklərin açarı elmi biliklərdir, vaxtını boş keçirmə, bilik öyrənmək avara-avara vaxt keçirməkdən çox-çox üstündür. Həyatda bütün arzu və istəklərinə yalnız elmi biliklərə dərindən və fasilələrə yol vermədən, təmkinlə, dərindən düşünə-düşünə, fikirləşə-fikirləşə yiyələnməklə nail ola bilərsən. Bu baxımdan söylədiklərimizi şair“Yeddi gözəl” əsərində çox gözəl təsdiqləyir:

Hər kim ki, öyrənməyi bilməyirsə ar,

Sudan dürr, daşdan gövhər çıxarar.

Ancaq öyrənməyi ar bilən insan,

Məhrumdur dünyada bilik almaqdan.

Oğlu Məhəmmədə “Çox iti zehinlər yatan oldular, axırda saxsı qab satan oldular” deyən şair bildirir ki, insan daima, fasilələrə yol vermədən elmi biliklərə yiyələnməlidir. Bunun üçün oğlunu müəyyən suallarla qarşılaşdırır, dərin düşüncələrə yönəldərək düzgün nəticələr çıxarmağa sövq etdirir. Oğlunda öyrənməyə, təlimə münasibəti yaxşılaşdırmaq, təlim əməyinə meyli, həvəsi gücləndirmək məqsədi, arzuları belə ifadə edir:

Tazının ağzına düşən hər şikar

Təlim gördüyü üçün halal sayılar.

Təlimdir düzəldən itləri saptək,

Olmazmı cəhd etsə bir insan mələk?

“Dünyada keçməsin boş cavan çağın, yol get ki, güclüdür indi ayağın” misralarının müəllifi elmi biliklərə, ayrı-ayrı peşələrə cavan vaxtlarında yiyələnməyi tövsiyə edirdi. Şair övladında və o cümlədən bütün gənclərdə insan şəxsiyyətini ucaldan yaxşı keyfiyyətləri görmək arzuları ilə yaşayırdı.Yaltaqlığı insan ləyaqətini alçaldan pis xislət kimi dəyərləndirirdi. Bu baxımdan, fikrimizi şairin “Yeddi gözəl” əsərindəki aşağıdakı misraları bir daha təsdiqləyir. O, yazır:

Yaltaq zəncirini şir qırdı, atdı,

Odur böyüklüyə dünyada çatdı.

Fikrimizi yekunlaşdırarkənbelə nəticəyə gəlirik:

  • Nizami Gəncəvi yaradıcılığı çoxçalarlı tərbiyə məsələləri ilə zəngindir;
  • Dahi Nizaminin öyüd-nəsihətləri hər bir bəşər övladının tərbiyələnməsində böyük

rol oynayır;

  • Zəkalar sultanı Nizami Gəncəvi hər bir valideyndə uşağı üzərində təlim-tərbiyə

işinin səmərə və keyfiyyətini yüksəltməyə real zəmin yaratmışdır;

  • Nizami Gəncəvi valideynlərdən öz uşağına hər hansı sənəti, pəşəni öyrədərkən o

sənəti, pəşəni kamil şəkildə öyrətməyi lazım bilmişdir;

  • Dahi şairin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”

sözləri zamanı qabaqlayan sözlərdir.

KAMAL CAMALOV, Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Pedaqogika elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Facebook Comments