“Neftin qiyməti tikintidən, göyərti satana qədər təsir edəcək” – Müsahibə

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın Yenisabah.az-a müsahibəsi:

 

Sozcu.az həmin müsahibəni təqdim edir:

– Neftin qiymətəninin kəskin şəkildə enişi başlayıb. Sizcə, daha nə qədər düşə bilər?

– Bəli, mümkündür. London birjasında qiymət 31.27 dollaradək ucuzlaşıb. Elektron birjalarda isə 33.95-dir. O baxımdan ki, bu gün Şərqdə birjalar Bakı vaxtı ilə saat 3-dən 7-yə qədər neft 14 dollar qiymətini itirdi. Yəni, bunu məncə, dib hesab etmək olar.

Bundan sonra neftin qiymətində artım başladı. Biznesin buna münasibətindən asılı olaraq, neftin qiyməti 35 dolları keçə bilər.

Başqa bir şey də ola bilər. Əvvəllər Rusiyanın iki ayağını bir başmağa qoymasından sonra – 5-ci gün 9%-lik enməni müşahidə etdik və onu “qara cümə” adlandırdılar. Heç kəs bazar ertəsi qiymətin necə olacağını proqnoz edə bilmirdi. Məsələn, Rusiya neftini onların mətbuat katibi, özəl şirkət “LUKOİL”-in vitse-prezidenti şərh etmişdi. İndi məhz Aleksandr Novakın açıqlama verib özünün dediyini sübut etməsi qiymətləri daha da aşağı sala bilər.

OPEK-lə OPEK+ arasında fundamental qarşıdurma var. Bu qiymətləri daha da aşağı sala bilər. Ona görə də, gün ərzində neftin dəyişkənliyini gözləyirəm. Yəni, qiymət 1 dollar arta da bilər, 3 dollar aşağı da enə bilər.

Birjalara yeni xəbərlər daxil olduqca onun təsir gücündən asılı olaraq, qiymət dəyişəcək. Neft tarixində bu qədər aşağı enmə olmayıb. Faiz etibarı ilə olub. Məsələn, 90-cı illərdə Küveytə hücum zamanı 34% idi. Onda 21, 22 dollardan aşağı enmişdi. Neftin qiyməti təqribən 13, 14 dollara düşmüşdü. Amma bu səviyyədə düşməsi neftin ticarət edildiyi tarixdə ilkdir.

– Ümumiyyətlə, qiymətlər bundan sonra necə olacaq?

– Mən gözləmirəm ki, qiymət düşməsi uzun periodda davam edəcək. Bunu 2016-da görmüşük, ondan əvvəl də görüşmüşdük. Bu qısa müddətli şok effekti olub. Bu gün üçün əvvəl hansı proqnozlar vardı, onu səsləndirmək istəyirəm.

Əgər 2019-cu ildə Brent markalı neftin orta qiyməti 63,8 dollar olubsa, cari il üçün neftin 3-4 dollar aşağı olması proqnoz edilirdi. Bu da onunla əlaqədar idi ki, cari il üçün dünya iqtisadiyyatının artım tempi keçən ilkindən aşağı tempdə proqnozlaşdırılmışdı.

Həqiqətən də, martın 4-də Beynəlxalq Valyuta Fondu və Dünya Bankı rəhbərlərinin birgə açıqlamasında göstərildi ki, neftə olan tələbat azalacaq. Çünki onların cari il üçün gözləntiləri 2,9% artım tempi idisə, bunu hazırda 2.5-ə qədər azaldıblar. İndi bəlkə də, daha da aşağı tempə düşə bilər.

Bundan əlavə, Çinin daxili istehlakı kifayət qədər azalıb. Bu kimi faktorlar ona dəlalət edir ki, neftin qiyməti azalacaq. Məsələn, 2016-cı ildə Brent markalı neftin orta qiyməti 42 dollar olmuşdu. İndi əgər 42 yox, 45 dollar olsa, 58, 59-la müqayisədə görün, nə qədər aşağıdır. Yəni, istənilən halda büdcəsi neftə köklənmiş ölkələr üçün onların gəlirləri azalması, büdcə defisitilərinin artımı deməkdir.

– Neftin qiymətinin düşməsini koronavirusla əlaqələndirənlər də var. Bu haqda necə düşünürsünz?

– Əlbbəttə, birbaşa əlaqəsi var. Çünki, koronavirus iqtisadi fəallığı limitləşdirir və azaldır. İqtisadi fəallığın azalması isə enerji sərfiyyatının azalması deməkdir. Bir ay ərzində Çində və Çindən xaricə gedən 800 min reys dayandırılıb. Bu neçə milyon avia kerosen deməkdir. Hər təyyarə 20 tondan 40 tonacan yanacaq götürür. Bu enerji istifadə olunmursa, emal azalır, emal azalırsa, hasilat azalır.

– Azərbaycanı bununla bağlı nələr gözləyir?

– 2020-ci ilin büdcəsi Azərbaycan tarixində ən böyük büdcə defisitidir. 2.7 milyard manat defisitimiz var. Düzdür, 55 dollar qiymət proqnazlaşdırılmışdı. Ondan 10 dollar aşağı olsa, buna müvafiq olaraq, Azərbaycanda fəaliyyət göstərən əməliyyat şirkətləri və Dövlət Neft Şirkəti büdcəyə köçürmələri azalacaq. Bizim qeyri-neft sektoru həmişə neft sektorundan qidalanır. Yadımıza 2016-cı ili salaq. Büdcədən onlara vəsait azaldılanda hamısı necə qalmışdı. Tikintisindən tutmuş, göyərti satanına qədər…

Facebook Comments