Neft Fondunun gəlirləri açıqlandı: 9.8 milyard…

ARDNF-in 2018-ci il büdcəsində neftin bir barrelinin qiyməti 55 dollar səviyyəsində qəbul edilib. Lakin il ərzində neftin dünya bazarında satış qiymətinin büdcədə nəzərdə tutulandan yüksək olması ilə əlaqədar Dövlət Neft Fondunun neft və qaz gəlirləri büdcədə nəzərdə tutulana nisbətən çox olub.

Sozcu.az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.

“Ötən il ərzində ARDNF-in mənfəət nefti və qazın satışı ilə bağlı gəlirləri təxminən 9,8 milyard dollar təşkil edib. Bundan başqa “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2017-ci il 14 sentyabr tarixli Sazişə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard dollar ödənilməsi nəzərdə tutulur ki, bonus məbləğinin ilk hissəsinə aid 450 milyon dollar vəsait 2018-ci ildə ARDNF-ə daxil olub. Eyni zamanda nəzərinizə çatdırıram ki, bonusun ikinci hissəsi – 450 milyon dollar cari ilin yanvarında ödənilib”, – icraçı direktor bildirib.