Neft erası sona çatır: Qiymət necə dəyişəcək? – Ekspert

OPEK və Rusiya 2016-ci ilin sentyabrın sonunda hasilatı azaltmaqla bağlı qərar verdilər. Qərara görə 2016-cı ilin noyabrında kartel və Rusiya hasilatı 33,24 milyon barreldən, 32,5 milyon barelə salmağı razılaşdırdılar. 2016-cı ilin sentyabrın əvvəlində neftin qiyməti 47 dolar idi, ayın sonunda bu qərar verilən kimi neft 49 dollara qalxdı və sonra OPEK və Rusiyanın sözlü müdaxilələri, sonradan hasilatın azaldılması ilə bağlı kvotaların 1,8 milyon barelə qədər artırmaları, sözləşmənin hər il uzadılması qiymətlərin yüksəlməsinə səbəb oldu. Yəni, 3,5 ildir ki, OPEK və Rusiya qiymətləri süni şəkildə şişirtməklə məşğul idilər.

Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

“Bunun əks effekti də oldu: 2016-ci ilin sentyabrında ABŞ-da neft hasilatı günlük cəmi 8,6 milyon barrel idi, qiymətlər yüksəlişə keçən və “slans” neftinin maya dəyəri aşağı düşən kimi ABŞ-da neft bunu yenidən başladı – bu gün ABŞ günlük 13,1 milyon barrel neft hasilatı ilə dünya birincisi oldu. Qısası, OPEK və Rusiya süni yolla bazarda 1,8 milyon barrel neft azaltdılar, əvəzində tək ABŞ bazara əlavə 4,5 milyon barrel neft çıxardı. Bundan başqa Kanada neft hasilatını artırmağa başladı, çünki hər iki ölkədə bilirlər ki, neft erası sona çatmaq üzrədir”, – deyə iqtisadçı bildirib.

Ekspert Rusiyanın OPEK-lə olan anlaşmanı pozmasından da danışıb:

“Sual yaranır: İndi nədən Rusiya OPEK anlaşmasını pozur? Rusiya anladı ki, OPEK-lə birgə süni şəkildə qiyməti artırmaq üçün hasilatı aşağı saldıqca bazar payını itirir və ABŞ “slans” istehsalçılarına nəfəs verir, beləliklə də orta və uzun müddətdə yenə neft bolluğuna görə qiymət düşəcək. Rusiya aylardır ki, özünü və dünyanı neftin 30 dollar olmasına hazırlayır, düşünür ki, qiymət 30 dollar olub 2 il qalsa ABŞ-da “slans” istehsalçılarının bir çoxu bankrot olacaq, nəticədə daha dayanıqlı və iqtisadi əsaslara söykənən yüksək (təqribən 50-60 dollar arası) qiymət formalaşıb uzun zaman qalacaq. Məsələ burasındadır ki, “slans” istehsalçıları çox çevikdir, qərar verib, buruq qurub hasilata başlamağa cəmi 15-20 gün lazımdır. Yəni qiymət 50 dollardan yuxarı çıxan kimi yenidən “slans” bumu yaşanacaq və qiymət yenidən ucuzlaşacaq”.

N.Cəfərli hazırda dünyanı silkələyən virus təhlükəsinin neftin qiymətinə təsirinə də toxunub:

“Dünyada iqtisadi aktivlik azalıb, turizm bazarı çöküb, istehsal və ixrac dibə gedir. Məsələn fevral ayında Çində avtomobil satışları 80% azalıb, dünya turizm dövriyyəsi 34% çöküb, sərhədlər və iş yerləri bağlanır – bütün bunlar neft istehlakını azaldan faktorlardır. Bəziləri düşünürlər ki, virus təhdidi azalan kimi qiymət artacaq, amma OPEK+ anlaşmasının ləğvi bazara əlavə 2 milyon barrel neft çıxarda bilər ki, bu da qiymət artımının qarşısını alan əsas faktor olacaq”.

İqtisadçı bildirib ki, İranla anlaşma baş tutsa, Liviyada vətəndaş müharibəsi bitsə, Venesuelada siyasi böhran sona çatsa dünya bazarına bu 3 ölkədən əlavə olaraq 5 milyon barrel neft çıxarıla bilər ki, bu da qiymətlərin uzun zaman aşağıda qalmasına səbəb olacaq.

Facebook Comments