Nəcməddin Sadıqov getdi, amma…

Ermənistanın aparıcı müxalifət partiyalarından olan “İşıqlı Ermənistan”-ın sədri Edmon Marukyan Moskvaya səfərindən bir neçə gün sonra mətbuat konfransı keçirərək, ölkədə ikinci Rusiya hərbi bazasının yaradılması təklifilə çıxış edib. Partiya sədri deyib ki, bu məsələni Paşinyanın yerinə gələcək yeni hökumətin qarşısında qoyacaq.

Nəzərə alsaq ki, rusiyameylli müxalifət Paşinyanı tezliklə yola salacağına əmindir, o zaman yeni Rusiya bazası ilə bağlı məsələnin də yaxın müddətdə gündəliyə çıxarılacağı ehtimalı yüksəkdir. Bu, o deməkdir ki, ermənilər öz “təhlükəsizliklərini təmin etmək üçün” onları Qarabağda tam darmadağından xilas edən Rusiyanın xidmətlərindən sona qədər, özü də gen-bol istifadə etmək niyyətindədirlər.

Təbii ki, ermənilərin hazırda düşdükləri vəziyyəti heç kimə arzu etmək olmaz və xüsusilə də Azərbaycan işğalçı ölkə ilə müqayisədə çaqqal qarşısına çıxan aslan təsiri bağışlayır. Lakin bu aslanı zəiflətmək, onu döyüş meydanında tək, köməksiz qoymaq niyyətləri də göz önündədir.

Əslində, Rəcəb Tayyib Ərdoğan “Qarabağ zəfərini həzm edə bilmirlər” deyəndə yəqin ki, təkcə Türkiyədə ona rəqiblik edən bəzi məlum siyasi qüvvələri deyil, həm də Ermənistanın havadarlarını və onların əlaltılarını da nəzərdə tutur. Və təəssüf ki, belələri təkcə xaricdə deyil, Azərbaycanda, öz içimizdə də var…

Belə görünür ki, ölkəmizdə Azərbaycanın bu qələbəsini həzm edə bilməyənlər, bunu daha çox Rusiyanın xidməti kimi qələmə verənlər, qələbə göstərilərinə Rusiya bayraqlarını “calayanlar” və Türkiyə hərbi kontingentinin Azərbaycana gəlişini istəməyənlərin sırası heç də kiçik və zəif deyil. Daha çox “beşinci kolon” kimi tanınan həmin qüvvələr bu qələbədən sonra “missiyalarını” daha incə şəkildə həyata keçirməyə, xalqımızı və müzəffər ordumuzu ruhdan və gözdən salmağa yönələn iş aparmağa çalışırlar.

Məsələn, ordunun təchizatı ilə bağlı son günlər baş verənlər göstərir ki, silahlı qüvvələrimizin rəhbər eşolonlarındakı kadr problemi təkcə Nəcməddin Sadıqovun kənarlaşdlrılması ilə bitməyib.

Ordu rəhbərliyində “təmizlik işlərinə” yenə də ehtiyac qalır. Cəbhədəki hərbi qüvvələrəmizin təminatı məsələsində yaranan problemlər və bunun təqdimatı, təbliği və s. açıq təxribat, sabotaj təsiri bağışlayır. Çünki Azərbaycanın hərbi büdcəsi və ümumilikdə iqtisadi imkanları müzəffər ordumuzu təmin etmək üçün yetərlidir.

Eynilə müharibədə yaralanan qazilərimizin də müalicəsi, dava- dərmanla təminatı, sosial problemlərinin həlli üçün ölkəmizin maliyyə imkanları kifayət qədərdir. Ancaq bu imkanlardan istifadə edilməməsi, resursların bilərəkdən bu problemlərin həllinə yönləndirilməməsi, bununla da qazilərimizin, şəhid ailələrinin və ümumilikdə xalqın narazılığının körüklənməsi ordumuza və cəmiyyətimizin qalib ruhuna qarşı incə şəkildə həyata keçirilən qəsddir.

İnsanlarda haqlı olaraq sual yaranır ki, əgər dövlətin resurslarının bir qismi onun üçün ölüm-dirim məsələsi həll olunan vaxtda da kömək, dəstək üçün cəlb olunmursa, onu hansı vaxta, nəyə və kimə saxlayırlar?

Tez-tez cəmiyyətdə “Türkiyə hərbi kontingenti niyə gəlmir” sualını eşidirik. Özü də bu sual Rusiya sülhməramlılarının özbaşınalıqları və ermənilərə xidmət edən fəaliyyətləri çoxaldıqca, daha da aktuallaşır.

Lakin sülhməramlıların hoqqalarına, Putinin Qarabağa dair status nağıllarına etiraz edən, bu barədə narahatlığını bildirən olan kimi, sosial şəbəkələrdə və mətbuatda həmin adamlara “təxribatçı” damğası vuranlar peyda olur. Sanki insanlar gözlərilə gördüklərinə yox, bunların hədyanlarına, yalan nağıllarına inanmalıdır.

Axı insanlar görür ki, Laçın dəhlizi ermnilərin üzünə taybatay açıq olduğu halda, biz orada nəinki silahlı əsgərlərimizin dayandığı sərhəd, heç gömrük postu da qura bilmirik. Oradan ermənilərin və rusların nə daşıdıqları bəlli deyil. Rusiya sülhməramlılarının başçısı isə terrorçuların rəhbərilə uzun illərin dostu, qardaşı, sevgilisi kimi qucaqlaşıb öpüşür. Bu isti münasibətlər erməni terrorçularına sülhməramlıların hər cür hərbi yardım göstərdiyini istisna etməyə imkan verirmi? Xeyr. Belə olan halda, Rusiyanın hərəkətlərinə haqq qazandıranlar, sülhməramlıların gerçək özbaşınalıqlarını ört-basdır edənlər, əvəzində də baş verənlərlə bağlı narahatlığını bildirənləri daş-qalaq edənlər nəyə, kimə xidmət edir görəsən? Niyə insanlar həqiqəti bilməli deyillər?…

Misal üçün Sergey Şoyqu Vladimir Putinlə görüşü zamanı Qarabağda 330 yerlik blok-modul hərbi şəhərciyin işə salındığını bildirib. Və deyib ki, 1 aprel 2021-ci ilə qədər daha 32 modul şəhərciyin salınması planlaşdırılır. Bu o deməkdir ki, müvəqqəti kontingentin sayı dəfələrlə artaraq 10.000 nəfərə çatdırıla bilər. Bu, nə deməkdir? Buna bir izahat verən oldumu? Xeyr.

Əvəzində Türkiyənin hərbi kontingenti bir türlü Azərbaycana gəlmir ki, gəlmir. Və hər kəsə aydındır ki, bunun səbəbini Ankarada axytarmaq lazım deyil…

Ağdamda müşahidə məntəqəsinin hələ tikilmədiyi bəhanə gətirilir. Yaxşı, bu məntəqə tikilənə qədər onu Bərdədə, yaxud bölgədəki digər məntəqədə müvəqqəti yerləşdirmək olmazmı? Bu və buna bənzər suallar çoxdur. Lakin bunlara cavab verən tapılmır.

Əvəzində saxta sorğular keçirib, ortaya “əhalinin 35.5 faizi Rusiya sülhməramlılarının bölgəyə gəlişinin nəticələrinin müsbət olacağını düşünür”, “əhalinin 47.3 faizi Türkiyə hərbi kontingentinin sülhməramlıların tərkibində yer almasını bölgədə dayanıqlı və uzunmüddətli sülhün təminatı olaraq görür” kimi reallıqdan uzaq və əslində, xalqa, onun düşüncəsinə, iradəsinə təhqir sayılan nəticələr qoyulur. Özü də bunu dövlət büdcəsindən maliyyəlləşən “mərkəz” edir. Buna nə ad verilə bilər – “Beşinci kolon” belə olmur da, necə olur?

Əvvəldə qeyd etdiyimiz kimi, Moskva “sülhməramlıları” Qarabağa soxduğu, Ermənistansa artıq ərazisində ikinci rus hərbi bazası yerləşdirmək planları qurduğu halda, biz iki aydır türk əsgərini Qarabağa gətirə bilmirik. Və bunun baş tutmaması, yaxud mümkün qədər yubanması, gözlənilən effekti verməməsi üçün “beşinci kolon” əlindən gələni edir, çünki Türkiyənin gəlişi, onun gedişi deməkdir.

Ancaq bu qüvvələr yaddan çıxarmamalıdırlar ki, Azərbaycan artıq onların görmək istədikləri Azərbaycan deyil. Prezident İlham Əliyevin də vurğuladığı kimi, dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə bağlı olan iki başqa ölkə tapmaq mümkün deyil. Ona görə də heç kim Rusiya İmperiyası və onun erməni qulbeçələri qarşısında ölkəmizin, xalqımızın təklənməsinə, Türkiyədən ayrı düşməsinə nail ola bilməyəcək.(Azpolitika)

Facebook Comments