”Nazir tibb bacısını, xəstəxananın texniki işçisini qəbul elədi, şikayətçiləri yox”

Şəki sakinləri Oqtay Şirəliyevin qəblundan narazı qalıblar

“Nazirin qəbuluna gələnlər qapı arxasında qaldı. Qəbula tibb bacısı, xəstəxananın çamaşırxanasında işləyən bir qadın buraxıldı. Bir də xəbər tutduq ki, nə nazir var, nə də müavinləri… Başqa qapıdan çıxıblar, maşınlarına minib gediblər”.

Şəki sakini Rahim Nəsirov Meydan TV-yə danışır ki, aprelin 26-da Şəkidə vətəndaşların qəbulunu keçirən səhiyyə naziri Oqtay Şirəliyevlə görüşə bilməyib. Səbəb də bu olub ki, görüşün keçirildiyi məkanı mühafizə edən polis və tibb işçiləri nazirlə görüşmək istəyən vətəndaşları içəri buraxmayıblar.

Vətəndaş nazirə nə deyəcəkdi?

Rahim Nəsirov deyir, nazirlə görüşüb ondan bacısının ölümünün hesabını soracaqdı… İddiasına görə, aprelin18-də bacısı, 58 yaşlı Sədaqət Əhmədova məhz həkim səhlənkarlığı üzündən həyatını itirib:

“40 il müəllimə işləmişdi. Xəstə idi, ancaq ölümcül halda deyildi. Danışırdı, gülürdü… Aprelin 15-də səhər Bakıya – Tibb Universitetinin Terapevrtik Klinikasına apardıq ki, 5 gün profilaktik müalicələr alsın. Xəstəxananın ödənişlərini etdik, bacımı 11-ci mərtəbədə palataya yerləşdirdilər. Biz də arxayın Şəkiyə qayıtdıq. Həmin gün axşam qızı zəng vurub dedi ki, ana sayıqlayır. Vaxt itirmədən Bakıya – xəstəxanaya gəldik. Gecə saat 12-nin yarısıydı, mühafizəçidən xahiş elədim, həyat yoldaşımı binanın içərisinə buraxdı, yoldaşım palataya qalxdı, ordan zəng vurub dedi ki, Sədaqət özündə deyil, adam tanımır, özü də sayıqlayır, nə dediyi anlaşılmır. Səhər həkimlər gələndə narahatlığımızı bildirdik. Dedilər, sayıqlamaq bu xəstəliyin xüsusiyyətlərindəndir, narahat olmayın, düzələcək”.

“Dedilər, panika yaratma, arvadda heç nə yoxdur”

Rahim Nəsirovun sözlərinə görə, xəstəxanaya yerləşdirildikdən bir gün sonra bacısının mədəsi zond müayinəsi olunub. Həkimlər mədədə problem olmadığını bildiriblər:

“Dedim, bacımını qanı aşağı düşüb, dedilər, panika yaratma, bu arvadda heç nə yoxdur, hər şey qaydasındadır, sistemlər qəbul edəcək, götürüb aparacaqsan evə… Özünə gəlmişdi, normal danışırdı, adam tanıyırdı. Həmin gün də keçdi. Mən elə xəstəxananın binasının qarşısında maşınımda yatdım ki, bacıma göz-qulaq olum. Sabahı gün – aprelin 18-də həkim bacıma dərman resepti yazdı, dedi, bu dərmanlar başına görədir. Aptekdə bildirdilər ki, həmin dərmanlar narkotik tərkibli olduğuna görə, reseptin möhürü olmalıdır.Mən də xəstəxanaya qayıtdım ki, reseptə möhür vurduram. Möhürü vurdurub aptekə qayıtmaq istəyəndə bacım qızı zəng vurdu, ağlaya-ağlaya dedi ki, “anamı öldürdülər”. Tez yuxarı qalxdım, gördüm bacım çarpayıda hərəkətsiz vəziyyətdədir, üzündə həyat əlaməti yoxdur. Mən səs-küy salandan 20 dəqiqə sonra süni nəfəs aparatı gətirib qoşdular, ancaq çox gec idi”.

“Keçinəndən 20 dəqiqə sonra süni nəfəs aparatı gətirdilər”

Rahim Nəsirov deyir, bacısı keçindikdən sonra da tibbi heyətdən heç kim yaxın durmayıb:

“Dedilər, qardaş, Allah rəhmət eləsin, götür get… Dedim, necə yəni götür get? Bu meyit ekspertiza olunmalıdır, buna nə iynə vurdunuz, nə dərman verdiniz ki, salamat adam əlinizdə keçindi? Bir həkim dedi, sistemə tərkibi güclü olan preparat qoşulub, o da mədədə qanaxma verib yəqin ki… Çünki bacımın qarnı şişmişdi… Meyit xeyli ortalıqda qaldı, heç kəs yaxın durmadı. Getdim “Ambulans” maşınıyla danışdım, o da Şəkiyə aparmaq üçün 550 manat istədi. İmkansızlıqdan məcbur oldum ki, bacımın meyitini öz maşınıma qoyub Şəkiyə aparım”.

Rahim Nəsirov hələ xəstəxanada olanda Baş Prokurorlıuğun “qaynar xətt”inə zəng vuraraq baş verənləri bildirib və qanuni tədbir görülməsini tələb edib. Ancaq ona xeyli sonra – meyiti maşına qoyub Şamaxını keçəndə zəng vurublar:

“Meyiti maşınıma qoyub rayona gətirdim”

“Şamaxını keçmişdim, Nəsimi Rayon Prokurorluğundan zəng vurdular ki, meyiti geri qaytar, ekspertiza olunsun. Elə bil meyit oyuncaqdır, qoymuşam maşına, bunların kefi ilə, hara istəsələr, o başa-bu başa daşımalıyam… Dedim, neçə saat keçib üstündən, niyə itirib-axtarmırdız? Təbii ki, Bakıya qaytarmadım, Şəkiyə apardım, Şəkiyə çatan kimi rayon prokurorluğundan da zəng vurdular, dedilər, meyit müayinə olunmalıdır”.

Rahib Nəsirov aprelin 26-da səhiyyə nazirinin Şəkiyə gələcəyini biləndə 3 gün əvvəl qəbula da yazılıb. Nəhayət, aprelin 26-da qəbulun keçirildiyi Şəki Mərkəzi Xəstəxanasına gedib. Ancaq burada onun kimi qəbula gələn xeyli insanın qapı arxasında qaldığını görüb:

“Adamlar hamısı mən dərddə… Hamı səhiyyədən şikayətçi. Ancaq gəl ki, cəmi iki nəfəri qəbul elədi, onlardan biri rayondakı uşaq poliklinikasının baş tibb bacısıydı, biri də xəstəxananın çamaşırxanasında işləyən bir qadın… Bizi aparıb arxa qapıdan yığdılar göz şöbəsinə, dedilər, burda oturub gözləyin, qəbul başlayanda bir-bir ötürəcəyik nazirin yanına. Şəxsən mən səhər saat 9-un yarısından günorta saat 2-nin yarısınadək gözləmişəm. Bir də xəbər tutduq ki, nazir də, müavinləri də xəstəxananın əsas qapısından çıxıb gediblər. Qəbul elədikləri tibb bacısıyla çamaşırxana işçisi də nazirə, prezidentə, arvadına dualar eləyiblər, rayonda səhiyyə sahəsində hər şeyin qaydasında olduğunu deyiblər. Həkim əlində ölüb-itənlərin yaxınları isə qapı arxasında gözləyə-gözləyə qaldı. Nazir vətəndaşa belə münasibət göstərirsə, demək ki, qəbul edib dinləsəydi də, bir tədbir görməyəcəkdi…”

Şəki Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirilib ki, aprelin 26-da səhiyyə naziri Oqtay Şirəliyev Şəki, Balakən, Zaqatala, Oğuz və Qaxdan olan vətəndaşları qəbul edib, onların sağlamlıq problemləri, işlə təminat və sair məsələlərlə bağlı müraciətlərini dinləyib:

“Nazir vətəndaşların problemlərini bir-bir dinləyib, onların ərizələrini götürüb, onunla birlikdə gələn müvafiq qurumların əməkdaşları ilə birlikdə müraciətləri araşdırıb. Bəzi problemlər elə oradaca həll olunub. Elə problemlər vardı ki, Səhiyyə Nazirliyin səlahiyyətlərinə aid deyildi. Belə müraciətlər də aidiyyəti üzrə qurumlara çatdırılması üçün qeydə alınıb”.

Tibb Universitetinin Terapevtik Şöbəsindən isə bildrilib ki, aprelin 18-də Şəki sakini Sədaqət Əhmədova 15-də şöbəyə proqressivləşən sistemli skleroz dianozu ilə qəbul edilib. Qəbul edilərkən vəziyyəti ağır olub. Tibbi heyət 3 gün ərzində xəstəyə bütün lazımi tibbi müdaxilələri ediblər, lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb. Mərhumun yaxın qohumu Rahim Nəsirov onun ölümündən təsirlənərək tibbi heyətlə mübahisə edib və ekspertiza olunmasına imkan verməyərək xəstəxanadan çıxarıb.

Rahim Nəsirovsa deyilənlərlə razılaşmır. O hesab edir ki, bu açıqlamaları ilə həm Şəki Mətkəzi Xəstəxanası, həm də Tibb Universitetinin Terapevtik Şöbəsi məsuliyyəti üzərindən atmaq və özünə bəraət qazandırmaq məqsədi güdür.(Meydan tv)

Sozcu.az