Naxçıvanla Ermənistanın sərhədində nə baş verir?

Ermənistan ordusunun beşinci ordu korpusunun komandanı polkovnik Andranik Piloyan Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsindəki vəziyyət barədə danışıb.
Sozcu.az xəbər verir ki, erməni hərbçi sərhəddəki vəziyyəti sakit, “Azərbaycan ordusunun bəzi yerlərdə irəlilədiyi ötənilki vəziyyətdən fərqli” kimi qiymətləndirib.

Piloyan iddia edir ki, Azərbaycan ordusu “mütəmadi olaraq yeni mövqeləri tutmağa çalışır, lakin bu cəhdlərin qarşısı qətiyyətlə alınır”.

Onun sözlərinə görə, Azərbaycanın ötən il qurduğu mövqelərin bəziləri qışda normal təchizatı təmin etməyin mümkün olmaması üzündən boşaldılıb.

Azərbaycan Müdafiə Nazirliyi polkovnik Piloyanın Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsindəki vəziyyət barədə verdiyi bəyanatı şərh edib.

“Naxçıvan istiqamətində mövcud olan vəziyyət barədə erməni polkovniki Andranik Piloyanın səsləndirdiyi fikirlər xəyal etdiyini həqiqət kimi qələmə verməkdən başqa bir şey deyil.

Hər dəfə Azərbaycan tərəfi genişmiqyaslı hərbi təlimlər keçirərkən erməni ictimaiyyətində yaranan təşvişi görən Ermənistan hərbi rəhbərliyi bu cür dezinformasiya xarakterli məlumatları mətbuata sızdırır.

Düşmən döyüş meydanında məruz qaldığı uğursuzluğu KİV nümayəndələrinə absurd bəyanatlar verməklə ört-basdır etməyə çalışır və beləliklə də özlərini Azərbaycan xalqının qarşısında gülünc vəziyyətdə qoyurlar.

O ki, qaldı Azərbaycan ordusunun Naxçıvan istiqamətində keçən il qurduğu mövqeləri guya təminat səbəbindən tərk etməsi barədə söylənilən absurd fikirlərə bu da tam yalandır.

Ermənistan tərəfindən fərqli olaraq, hazırda Azərbaycan əsgərinin yerləşdiyi yüksəkliklərdə elə bir post və döyüş mövqeyi yoxdur ki, ora hərtərəfli təmin olunmasın. Həmin mövqelər kommunikasiya xətləri və mövsümə uyğun olaraq bütün təminat növləri ilə təchiz edilib”, – Müdafiə Nazirliyindən bildirilib.(Yeni Sabah)