Natiq Cəfərli: Şimali Koreya üslubunda rəqəm səsləndirmək iqtisadiyyat elminə uyğun gəlmir

”Elman Rüstəmov mübahisəli rəqəmlər səsləndirib”

Manatın məzənnəsi, sabitdir və sabit olaraq qalır. Xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb.

Bunu Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov prezident İlham Əliyevin sədrliyi ilə iqtisadi-sosial məsələlər həsr edilən müşavirədə deyib.

O qeyd edib ki, bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur və bu bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir. İnflyasiya gözləntilərinə toxunan baş bankir deyib ki, inflyasiya hədəf diapazonu çərçivəsində həm hökumətin, həm də Mərkəzi Bankın hədəfindən də aşağı səviyyədədir.

“Bütövlükdə idarəetmənin yaxşılaşdırılması, görülən tədbirlər və manatın məzənnəsinin sabitliyi inflyasiyanın aşağı səviyyədə formalaşmasını şərtləndirir. İnflyasiyanın idarə olunmasında inflyasiya gözləntiləri olduqca mühüm rol oynayır. Biz özümüz Dövlət Statistika Komitəsi ilə birlikdə 4 mindən çox ailə təsərrüfatında sorğular aparmışıq. Bütövlükdə gələcəkdə ilin sonuna qədər inflyasiyanın sürətlənməsini gözləyən əhalinin sayı 2 faizdir. Yəni, əhalinin 98 faizi ilin qalan dövründə inflyasiyanın sürətlənməsinə inanmır. O cümlədən biznesdə bütövlükdə makroiqtisadi sabitliyə, inflyasiyanın dinamikasına olan inam da, – orada da sorğular aparmışıq, – kifayət qədər yuxarıdır”.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Elman Rüstəmovun mübahisəli rəqəmlərin səsləndirdiyini bildirdi:

“Elman Rüstəmov manatın taleyi ilə bağlı hələlik heç bir problemin olmadığını söylədi. Bunun da əsas səbəbinin neft qiymətlərinin yüksək olması və nəticə kimi tədiyyə balansında müsbət saldonun artmasını göstərdi. Bunlar doğrudur. Çünki büdcədə neftin qiyməti 60 dollar götürülüb. Bazarda Azərbaycan neftinin qiyməti 68-69 dollardır. Beləliklə, qiymətin yüksək olması hökumətə manata olan basqıları azaltmaq üçün fürsətlər yaradıb. Onsuz da məzənnə inzibati vasitələrlə tənzimlənir”.

Natiq Cəfərli Elan Rüstəmovun inflyasiyanın təsirləri haqda dediklərini bölüşmür:

“Baş bankirin arqumentləri iqtisadiyyat və sosiologiya elmi ilə üst-üstə düşmür. Çünki iqtisadiyyat elminin əsasında yazılanlardan biri odur ki, hər hansı bir ölkədə pul dövriyyəsinin artması inflyasiya basqılarını artırır. Özü də etiraf etdi ki, pul kütləsinin həcmi 2015 və 2016-cı ilə qədər xeyli artıb. Elman Rüstəmov rəqəm səsləndirməsə də, məncə, son 3 ildə 40 faizə yaxın demək olar. Eyni zamanda, təqaüdlər və maaşlarla bağlı sosial paket də qəbul olunub. Ümumilikdə, təqribən 4 milyarda yaxın ilin sonundan gələn ilin büdcəsində əlavə büdcə ödənişləri nəzərdə tutulub. Bu o deməkdir ki, bazarda qiymətlərin qarşısını alan mühitin formalaşması üçün indikindən əlavə olaraq 4 milyard manatlıq mal və xidmət istehsal artmalıdır. Ancaq indiki şərait fərqlidir. Ona görə də nəqd pul kütləsinin çoxalması inflasiya basqılarını artıracaq”.

Ekspert deyib ki, təxminən oktyabrdan maaşların və təqaüdlərin yeni qaydalarla ödənməsi ilə qiymət artımının sürətlənməsi müşahidə olunacaq və əlavə olaraq noyabrın sonundan yeni ilə qədər daha ciddi qiymət artımı olur.

“Çünki yerli məhsullar bazardan çəkilir, xarici mallar üstünlük təşkil edir, bayram əhval-ruhiyyəsi yaranır, ərzaq məhsullarına tələbat artır, bu da qiymətlərin yüksəlməsinə səbəb olur. Ona görə baş bankirin sosiologiya elmini heçə sayıb araşdırmanın nəticəsini elan etməsi anlaşılan deyil. 98 faiz respodentlərin inflyasiya gözləntilərinin olmadığını söyləyəndə araşdırmanı hansı təşkilatın apardığını və iştirakçıların kimlərdən ibarət olduğunu açıqlamadı. Bu, sosiologiya elminə təhqirdir. Dünyada elə bir sosioloji araşdırma yoxdur ki, orda 98 faiz nəticə əldə olunsun. Deməli, burada rəqəmlərlə oynayıblar. Hazırda əhalinin əksər qrupları payızda qiymət artımının olacağından narahatdır. Bunu etiraf edib səbəblərini araşdırmaqdansa, Şimali Koreya üslubunda 98 faiz rəqəm səsləndirmək məntiq, iqtisadiyyat və sosiologiya elminə uyğun gəlmir”.

Sozcu.az

Facebook Comments