NASA-nın “Hubble” teleskopu planetar dumanlığın fotoşəkilini çəkib

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) “Hubble” kosmik teleskopu “NGC 5307” adlanan planetar dumanlığın fotoşəkilini çəkib.

Sozcu.az AZƏRTAC-a istinadən bildirir ki, astronomlar Yer kürəsindən 10 min işıq ili uzaqlıqda yerləşən planetar dumanlığın cənub qütbündən görünən Sentaur bürcü ola biləcəyi qənaətindədirlər. Qeyd olunub ki, bu proses Günəşəbənzər ulduzun kosmik fəzada fəaliyyətinin son mərhələsi ola bilər. Beləliklə, alimlərin qənaətinə görə, planetar dumanlıqlar bizim Günəş sisteminin gələcəyini təsəvvür etməyə imkan verir. Günəşəbənzər ulduzlar tamamilə sönməzdən öncə qırmızı nəhəngə çevrilirlər. Onların ətrafında nüvə ərintisi təbəqəsi yaranır və bu, öz növbəsində, enerji əmələ gətirir. Nüvə əriməsi prosesi ulduzun davamlı olaraq parçalanmasına səbəb olur. Onları bu vəziyyətdən yalnız qravitasiya qüvvəsi xilas etməyə qadirdir.

Astronomların qənaətinə görə, sonda qırmızı nəhəng kütlə şəklinə keçən ulduzun tarazlığı da pozulur. Ərimə nəticəsində hasil olan kifayət qədər əlavə enerji olmadan ulduzun qabığı öz-özünə parçalanır və kosmik fəzaya dağılır. Bundan sonra onun qalan hissələri “Hubble” teleskopunun göndərdiyi fotoşəkildə əks edilib: həmin qalıqlar cırtdan ulduzlarla əhatə olunur və qırmızı nəhəngin hissələri tədricən onlarla birləşir.

NASA-nın mütəxəssisləri bildiriblər ki, bu proses heç də ulduzların təkamülünün sona çatması demək deyil. Günəşəbənzər nəhəng ulduzun qalıqları cırtdan ulduzların tərkibində “yaşamağa” davam edir.