Ən uzun pauza…

İsa Qəmbər

Dünən 5 mayda xalqımızın ən görkəmli sənətkarlarından biri Fuad Poladovun ölümsüzlüyə qovuşmasının 2 ili tamam oldu.

Mən 8-9 yaşımdan -Fuad Poladov 19-20 yaşında teatr və kinoda ilk addımlarını atandan- onu tanıyırdım. 1960-cı illərdə parlayan gənc aktyor nəslinin ən seçilən nümayəndələrindən biri o idi. Tale mənə 1980-90-cı illərdə Fuad Poladovla yaxından tanışlıq da qismət etdi. Hətta 2000-ci il parlament və 2003-cü il prezident seçkilərində Fuad bəy öz siyasi mövqeyini açıq bəyan etdi və bizə-Müsavata tam dəstək verdi.

Əlbəttə mənim bu böyük insana sevgi və sayğım sadəcə bu dəstəyə görə deyil. Fuad Poladov yüksək səviyyəli professional aktyor, ləyaqətli ziyalı olmaqla yanaşı cəsarətli vətəndaş idi. Fuad Poladov haqda yazanların bir çoxu onun professionalizmini qeyd edərkən aktyor sənətinin göstəricilərindən biri olan pauza saxlamaq bacarığını da xüsusi vurğulayırdılar. Və mən də Fuad Poladovun bütün keyfiyyətlərini birləşdirən bir epizod barədə- məncə onun aktyor karyerasında ən uzun pauza haqda danışmaq istəyirəm.

2002-ci il 7 dekabrda Fuad Poladov yaradıcılığının zirvələrindən birini fəth etdi. Azərbaycan Dram Teatrında Hamlet rolunu yüksək səviyyədə ifa etdi. Həmin premyerada olan Heydər Əliyev tamaşadan sonra səhnəyə qalxaraq rejissor-aktyor heyəti ilə görüşüb 15-20 dəqiqəlik söhbət etdi.

Bu müddətdə bir neçə dəfə Fuad Poladova müraciət etsə də, təkrar-təkrar onu təbrik etsə də, Fuad Poladov bir dəfə də danışmadı, ona cavab vermədi, susdu..

Mən bu möhtəşəm səhnənin o zaman videosunu izləmişdim, bu günlərdə o söhbətin mətnini də tapıb oxudum və təəssüratımı yenilədim. Gördüm ki, yaddaşım məni yanıltmır.
Maraqlananlar üçün həmin mətni şərhdə yayacam, kim istəyir baxsın və bir daha əmin olsun ki, yüksək sənət, intellekt və cəsarət kimi keyfiyyətləri öz şəxsiyyətlərində birləşdirən böyük insanlarımız olub, var və olacaq.

Kimsə bəhanə etməsin ki, dövr, şərtlər onları nəyəsə məcbur edir…

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb. 

Facebook Comments