“Müzakirə edilən və razılaşdırılan məsələlərin bir çoxu yenə də gizli qaldı” – EKSPERT

“11 yanvar Moskvada təşkil olunan 3 tərəfli görüşdən sonra yalnız regionun iqtisadiyyatı və infrastrukturu ilə bağlı açıqlamalar cəmiyyətdə xeyli suallar doğurdu. Görüşün maksimum qapalı olması, müzakirələrin məxfi aparılması, mətbuata açıqlamanın jurnalistlər qarşısında edilməməsi onu deməyə əsas verir ki, müzakirə edilən və razılaşdırılan məsələlərin bir çoxu yenə də gizli qaldı”.

Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.

“Hesab edirəm ki, müzakirə olunan məsələlər yalnız açıqlananlardan ibarət olsaydı, görüşün moderatoru prezident Vladimir Punin deyil, baş nazir Mixail Mişustin olardı və Kremlə də Azərbaycandan prezident Əliyev və Ermənistandan Paşinyan çağrılmazdı. Çünki, imzalanan yeni bəyanatdan və açıqlanan məsələlərdən bəlli olan odur ki, bundan sonra əsas işləri hökümətlər görəcək. İşçi qrupunun da baş nazirlərin müavini səviyyəsində yaradılması da belə qənaətə gəlməyə əsas verir.

Mənim qənaətin odur ki, dünənki görüşdə siyasi müzakirələr də olub, eyni zamanda istisna etmirəm ki, Rusiyadan silah-sursat alınması da müzakirələrin predmetində olub. Çünki hər iki dövlət bu ilin büdcəsində müdafiə xərclərini artırıb.

Nəhayət, dünənki görüşdən əvvəl Putinin Makronla məsləhətləşməsi, Paşinyanın Minsk Qrupunun vasitəçiliyini xüsusi qabartması bir daha göstərdi ki, münaqişə var və onun nizamlanması prosesində yenə də aparıcı rola Minsk Qrupu malikdir. Sadəcə olaraq ABŞ-dakı seçki qabağı və seçki sonrası situasiyaya, Makronun zəifliyinə görə bu qrupda rəhbərliyi həmsədrlər etmir, bu qrupa Rusiya faktiki sədrlik edir”.

Facebook Comments