Müxalifətdaxili çəkişmələrə məntiqli izah – Elman Fəttah yazır

Müsavat Partiyasının sabiq başqan müavini Elman Fəttah özünün “Facebook” səhifəsində müxalifətdaxili çəkişmələrlə bağlı özünün fikirlərini yazıb.

Sozcu.az həmin yazını olduğu kimi təqdim edir:

Azərbaycanda müxalifətdaxili çəkişmələrin tarixi müstəqilliyin tarixindən 1-2 il cavan olar.
Bu çəkişmələri 3 hissəyə bölmək olar: əvvəlcədən deyim ki, qısa xronologiya qeyd edəcəm, haqlı, haqsız mövzusuna girib yeni qalmaqal yaratmaq istəmirəm.

1. Elçibəyin sağlığında Müsavat və AXCP arasında baş verənlər.

Bu dövrü hər iki partiyanın gücünün 30% ni daxili rəqabətə, 70 % ni hakimiyyətə qarşı mübarizəyə sərf etdiyini deyə bilərik. Bəlkə də müxalifətin ən mehriban dövrü bu idi. Çünki nə İsa Gəmbərin Elçibəyi həzm etmək problemi vardı, nə də Elçibəyin İsa Gəmbəri. Ən azı rəsmi siyasətlərində iki partiyanın müttəfiqliyi heç vaxt pozulmadı.

2. Elçibəyin ölümündən sonra Müsavat və AXCP arasında olanlar.

Təxminən 15 il davam edən bu dövrü rəqabət adlandırmaq çətindir. Əsl qarşıdurma deyə bilərik. Həm 2005, həm 2008, həm 2010, həm2013 cü ildə 1-2 ay sürən əməkdaşlıq və ardından növbəti 1-2 aylıq əməkdaşlığa qədər bir neçə il davam edən kəskin qarşıdurma.
Bu qarşıdurma mühitinin ziyanlı olduğu o qədər aydın idi ki, Müsavat Partiyası 2014 cü ildə «mübarizəni müxalifətin içindən çıxarıb hakimiyyətə qarşı yönəltməyi» özünün prioritet siyasəti elan edərək 2014,2015,2016-cı illərin fəaliyyət planına saldı və bu qarşıdurmanın tərəfi olmayacağını ictimai şəkildə bəyan etdi. Münasibətlərin normallaşması üçün də iki təkliflə çıxış etdi; hədəfləri əsasən üstə üstə düşən təşkilatlarla əməkdaşlıq şərtlərini və öhdəliklərini ehtiva edən müttəfiqlik müqaviləsi imzalamaq;
Hədəfləri qismən üst üstə düşən təşkilatlarla isə funksional (konkret bir və ya iki məsələyə dair) əməkdaşlıq.

Ancaq indiyə qədər heç bir təşkilatla bu müstəvidə münasibətləri rəsmilışdirmək mümkün olmayıb. Niyə mumkun olmur?

Mümkün qədər sadə izah etsək, hər şey Azərbaycanda yarana bilməyən siyasi mədəniyyətdən qaynaqlanır. Siyasət təhcə bilik, əqidə və təcrübə məsələsi deyil, həm də kültür məsələsidir. Hər hansı siyasi qrup, partiya nə qədər vətənpərvər, nə qədər prinsipial olur-olsun, siyasi kültürün yoxluğundan fəaliyyətini stratejiyə yox, taktikaya sərf edir. Üstəlik bura liderlərin hırsını, partiyaların yaxın zaman maraqlarından çıxış etmələrini də əlavə etsək «müxalifət niyə dava dalaş edir»in mənasını daha aydın anlayarıq.
Sadə bir müqayisə aparaq: ad çəkmədən deyək ki, 3 siyasi mərkəzin özünü güclü saydığı fərqli resurları var. Biri kütləvi aksiya potensialını yüksək sayır. Heç kimi buna şərik etmək istəmir. Təbii olaraq da başqaları bu resursun əhəmiyyətini azaltmağa çalışır. Bu səbəbdən müxalifətdaxili konsolidasiya alınmır. Digəri özünü «ənənəvi müxalifət»dən uzaq tutmağa çalışır və bunu faydalı sayır. Təbii olaraq da başqalarından təpki görür. Bu səbəbdən müxalifətdaxili konsolidasiya alınmır.

Başqa qüvvə struktural resursu və moral voice resursuna əsaslanır. Başqaları bu resursu zədələmək istəyir. Təbii olaraqda əməkdaşlıq alınmır.

3. Son dövrlərdə ReAL və AXCP arasında olanlar.

Bu, müxalifətdaxili qarşıdurmanın yeni trendidir. İndi təhlil etmək tezdir.
Siyasətlərini uzlaşdıra bilərlərmi? Bu gündən baxanda xeyir. Yəni, məsələn seçki məsələsini bu iki təşkilat müzakirə etməyə cəhd etsə nəticə nə olar? Yaxınlaşarmı?. Məncə nəticə daha böyük qarşıdurma olar.

Bəs o zaman müxalifətdaxili qarşıdurmanı dayandırıb əməkdaşlıq mühiti yaratmaq olmazmı?

—–Əməkdaşlıq mühiti çətindir. Yaransa belə qısa zaman sonra daha kəskin qarşıdurma olacaq. Səbəbini yuxarıda yazdım. Siyasi kültür yoxdur. Münasibətləri strategiya yox, taktika müəyyən edir. Sratejidə hədəf uzaq olduğu üçün maraq toqquşması o hədəfə çatanda baş verir. Hədəf uzaq olduqca, maraqlar yaxın görünür. Yəni bu gün itirmirsən, gələcəkdə qazanmaq üçün. Günlük maraq siyasəti isə mütləq toqquşma yaradır. Çünki hər kəs özünün günlük maraqlarını/üstünlüklərini aydın görür və ondan vaz keçmək istəmir.

—Qarşıdurmanı isə dayandırmaq olar. Məsələn, bir məsələdə, qarşılıqlı ittihamların dayandırılmasında razılaşmaq olar. Amma bu «sülh» dən həvəslənib əməkdaşlıq cəhdi olsa, yenə qarşıdurma olacaq.

Yekun olaraq demək istədiyim odur ki, izlədiyiniz qarşıdurmalar Azərbaycan siyasətinin təbii gedişatıdır.

«Fransadan xalq gətirəsi deyilik»