“Müxalifət seçki ilə dəyişikliklərə nail olmağı xalqa inandırmalıdır” – Səxavət Soltanlı

“Hakimiyyət tərəfindən xalqın seçkiyə öldürülmüş inamını özünə qaytarmaq lazımdır”

Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı deyib.

“Bəli, Azərbaycan həqiqi müxalifəti, həqiqi siyasi partiyaları seçkiyə hazırlaşmalıdır.
Bunun üçün mümkün qədər tez maraqlı qüvvələr seçki məcəlləsindən tutmuş, seçki komissiyalarının təşkilinə qədər bir çox texniki və hüquqi məsələləri birgə və ayrı-ayrılıqda öz daxillərində müzakirə etməlidir.

Ola bilsin seçki tezləşdirilsin, ola bilsin nəzərdə tutulan vaxtda baş tutsun. Bu heç nəyi dəyişmir.

Müxalifətin əsas işi o olmalıdır ki, xalqı inandırsın ki, seçki ilə ölkədə hansısa dəyişikliklərə nail olmaq olar.

Hakimiyyət tərəfindən xalqın seçkiyə öldürülmüş inamını özünə qaytarmaq lazımdır.
Xalqı seçkiyə getməyə inandırmaq demokratiyanın, cəmiyyətin, əksini iddia etmək hakimiyyətin maraqlarına xidmət edəcək.

Hakimiyyət həm də seçkiləri seçkiyə gəlməyənlərin hesabına saxtalaşdırır”.