Müsavatdan Qarabağla bağlı sərt bəyanat

Ermənistanın Baş Nazirinin Xankəndində keçirilən qondarma idman yarışlarının açılış mərasimində “Qarabağ Ermənistandır” deməsindən dərhal sonra işğalçı dövlətin Xarici İşlər Nazirinin də oxşar fikirlər səsləndirməsi işğal olunmuş ərazilərimiz ətrafında çirkli planların növbəti mərhələyə keçdiyini göstərir.

Müsavat Partiyası bu məsuliyyətsiz açıqlamaları Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsd, beynəlxalq hüquq normalarına hörmətsizlik kimi qiymətləndirir, sülh danışıqlarının ruhuna zidd olan bu bəyanatları qətiyyətlə pisləyir.

Bununla yanaşı Müsavat Partiyası Azərbaycan hökümətinin bu məsuliyyətsiz açıqlamalara qarşı susqunluğunu hakimiyyətin iflic vəziyyətdə olması, öz funksiyalarını yerinə yetirə bilməməsi kimi dəyərləndirir.

Beynəlxaq birliyin sülh danışıqlarına zidd olan bu açıaqıamara adekvat reaksiya verməməsini Rusiyaətrafı dövlətlərdəki konfliktlərə fərqli standartlarla yanaşılması kimi qiymətləndirdiyini bəyan edir.

Müsavat Partiyası Minsk Qrupu həmsədrlərini yaranmış vəziyyətə uyğun qərarlar qəbul etməyə çağırır, Azərbaycan hakimiyyətinin, ölkə başçısının, Xarici İşlər Nazirliyinin Azərbaycanın haqlı mövqeini layiqincə təmsil edə bilməməsini, baş verənləri susqunluqla müşahidə etməsini kəskin qınamaqla yanaşı cavabdeh subyektlərdən məsuliyyətli davranış, baş verənləri beynəlxalq mərkəzlərin diqqətinə çatdırılması, Ermənistanın təxribat xarakterli davranışlarının qarşısının alınması üçün adekvat addımların atılmasını tələb edir.

Facebook Comments