Müsavat Partiyası Xocalı Abidəsini ziyarət edəcək

Fevralın 24-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Sozcu.az xəbər verir ki, iclasda partiyanın Seçki Qərargahının sədri Gülağa Aslanlı seçkilərin saxtalaşdırılması ilə əlaqədar Müsavat Partiyasının deputatlığa namizədlərinin virdiyi rəsmi şikayət ərizələrinə baxılması prosesinin gedişatı haqda məlumat verib. Gülağa Aslanlı qeyd edib ki, Mərkəzi Seçki Komissiyası bir qayda olaraq şikayətləri mahiyyəti üzrə araşdırmır və təmin etmir. Namizədlərə MSK və DSK-da qəbul olunan qanunsuz qərarlardan məhkəmə orqanlarına şikayət etmələri tövsiyyə olunub.

Daha sonra Divan üzvü Fərəc Kərimli seçki saxtakarlığına etiraz əlaməti olaraq daha bir mitinqin keçirilməsi istiqamətində aparılan müzakirələr barədə məlumat verib. Fərəc Kərimli qeyd edib ki, o, Müsavatın təmsilçisi olaraq fevralın 23-də İlqar Məmmədov (Real), Ruslan İzzətli (D18) və Fərhad Mehdiyevin (müstəqil namizəd) iştirakı ilə keçirilən müzakirədə iştirak edib. Görüşdə fevralın 29-da Bakı şəhərində seçki saxtakarlığına etiraz edənlərin birgə mitinqinin keçirilməsi ilə bağlı razılıq əldə edilib və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciət təqdim edilib. Divan seçki saxtakarlığına qarşı birgə mübarizənin davam etdirilməsini təqdirəlayiq hesab edib.

Divan fevralın 26-da saat 13:00-da Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin ziraət edilməsi haqqında qərar qəbul edib.

Facebook Comments