Müsavat Partiyası mətbuat nümayəndələrini təbrik edir

Müsavat Partiyası Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü münasibəti ilə mətbuat nümayəndələrini təbrik edib.

Müsavat Partiyası olaraq Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü münasibəti ilə həbsdə və azadlıqda təqib və təzyiq altında olan jurnalistlər başda olmaqla, çətin şəraitdə insanları obyektiv informasiya ilə təmin etməyə çalışan, söz və ifadə azadlığı prinsiplərinə sadiq qalan bütün mətbuat nümayəndələrini təbrik edirik.

Müsavat Partiyası ölkəmizdə mətbuatın düşdüyü durumun dözülməz olduğunu nəzərə alaraq hər zaman olduğundan daha sıx şəkildə mətbuatla əməkdaşlıq edəcəyini, peşə fəaliyyətinə görə təqib və təzyiqlərə məruz qalan, şərlənən hər bir jurnalistin haqlarını sona qədər qoruyacağını bir daha bəyan edir.

Mətbuat azadlığı indeksinə görə ölkəmizi ən sonuncu yerlərə gətirib çıxaran mövcud hakimiyyətdən həbsdəki jurnalistlər başda olmaqla, bütün siyasi məhbusları dərhal azad etməyi, yazdıqları, paylaşdıqları yazılara və xəbərlərə görə mətbuat işçilərinə qarşı təzyiqlərin durdurulmasını tələb edirik!