Müsavat Partiyası hakimiyyətin Oqtay Gülalıyevə qarşı təzyiqlərini pisləyir

Müsavat Partiyası Divanının bu gün keçirilən növbəti iclasında əvvəlcə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər barədə məlumat verib.

Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumatda bildirilir ki, iclasda daha sonra Şuşanın işğal olunmasının ildönümü ilə bağlı Şəhidlər Xiyabanının ziyarəti və şəhərin müdafiəsində fədakarlıq göstərərək döyüşlərdə şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun, tacik balası Şərif Əzizovun və digər qəhrəmanların məzarlarının ziyarət edilməsi təqdirəlayiq hesab edilib.

Müsavat Partiyası Divanı bir daha Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı çərçivəsində gedən müzakirələrin detalları barədə ictimaiyətə məlumat verilməsini və ölkəmizin mənafeyinə uyğun gəldiyi təqdirdə sazişin tezliklə imzalanmasını tələb edib.

Divan “Tərtər işi” və “Gəncə işi” üzrə çoxsaylı, tükürpədici işgəncə faktlarının ictimaiyətə çatdırılmasına çalışan hüquq müdafiəçisi Oqtay Gülalıyevin qanunvericiliyə zidd olaraq çağırış vərəqi göndərilmədən yenidən hüquq-mühafizə orqanlarına çağırılmasını pisləyib, kütləvi informasiya vasitələrində qeyd edilmiş işgəncə faktlarının araşdırılmasını tələb edib.

28 May Müstəqillik Günü münasibəti ilə Novxanı kəndində saat 12:00-da keçiriləcək bayram mitinqinin təşkili ilə bağlı hazırlıq işləri müzakirə edilib və müvafiq tapşırıqlar verilib.

Dünyada və ölkədə baş verən proseslər haqqında dəyərləndirmə aparılıb.