Müsavat Məclisi qurultaya qərar verdi

Bu gün, İyulun 20-də Müsavat Partiyası Məclisinin növbədi sessiyası keçirilib. Məclis sədri Nüşabə Sadıxlı toplantını açıq elan etdikdən sonra gündəlik layihəsini elan edib.

İclasda əvvəlcə təşkilati məsələlərə baxılıb.

Aşağıdakı rayon təşkilatlarında iclasların keçirildiyi və yeni sədr seçildiyi elan olunub.

1) 14.04.2019-cu il tarixdə Saatlı rayon təşkilatının ümumi yığıncağı keçirilib. Afət Rzayev sədr seçilib.

2) 14.04.2019-cu il tarixdə Füzuli rayon təşkilatının ümumi yığıncağı keçirilib. Əlibaba Nəsirov sədr seçilib.

3) 25.05.2019-cu il tarixdə İsmayıllı rayon təşkilatının ümumi yığıncağı keçirilib. Niyazi Babalı sədr seçilib.

4) 26.05.2019-cu il tarixdə Mingəçevir rayon təşkilatının ümumi yığıncağı keçirilib. Ağahüseyn Mahmudbəyli sədr seçilib.

5) 02.06.2019-cu il tarixdə Hacıqabul rayon təşkilatının ümumi yığıncağı keçirilib. Zahidağa Səmədov sədr seçilib.

6) 08.06.2019-cu il tarixdə Müsavat Gənclər Təşkilatının ümumi yığıncağı keçirilib. Elman Quliyev sədr seçilib.

7) 23.06.2019-cu il tarixdə Salyan rayon təşkilatının ümumi yığıncağı keçirilib. Mirzəağa Axund sədr seçilib.

8) 29.06.2019-cu il tarixdə Qusar rayon təşkilatının ümumi yığıncağı keçirilib. Bəxtiyar Alimov sədr seçilib.

9) 30.06.2019-cu il tarixdə Cəlilabad rayon təşkilatının ümumi yığıncağı keçirilib. Azər Əsgər sədr seçilib.

Sessiyada yeni seçilmiş sədrlərin Məclis üzvü səlahiyyətləri təsdiqlənib.

Daha sonra Müsavat Partiyasının başqanı Arif Hacılı geniş məruzə ilə çıxış edib. Məruzədə partiyanın gördüyü işlər haqqında məlumat verilib və qarşıda duran vəzifələrdən adnışılıb. Arif Hacılı Azərbaycan hakimiyyətinin iflic vəziyyətində olunduğunu deyib. Qeyd edib ki, hakimiyyət iflic vəziyyətində olduğu üçün istər İranla Ermənistan arasında hərbi əməkdaşlıq, istər Keşikçidağ insidenti, istərsə də Azərbaycanın yüksək vəzifəli şəxsin oğluna məxsus milyonluq saat oğruluğu ilə bağlı məlumatlara adekvat reaksiya verə bilməyib.

Daha sonra partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı partiyanın növbəti qurultayına hazırlıq işləri barədə məlumat verib. O, qeyd edib ki, hakimiyətin əngəl törətməsinə rəğmən rayon təşkilatların əksəriyyəti qurultaya öz nümayəndələrini seçə biliblər: “Naxçıvan da daxil olmaqla, bəzi rayonlarda konfransların keçirilməsi müşkül görünür, lakin biz bu istiqamətdə səylərimizi davam etdiririk”.

Gülağa Aslanlı təşkilat komitəsi adından təklif edib ki, partiyanın IX qurultayı oktyabr ayında keçirilsin. Qurultayın dəqiq gününün müəyyənləşdirməsi isə, hakimiyyətin zal məsələsində əngəl yarada biləcəyi ehtimalı nəzərə alınaraq, Məclisin Divanına həvalə edilsin. Təklif səsə qoyulub və bir nəfər bitərəf olmaqla mütləq əksəriyyətin səsi ilə qəbul edilib.

Məclisin sessiyasında daha sonra İsa Qəmbər, Mustafa Hacıbəyli, Sevinc Hüseynova, Səxavət Soltanlı, Çingiz Əli, Razim Əmiraslanlı, Xuraman Bağırova və digərləri çıxış ediblər.