Müsavat Divanı partiyaya qarşı artan təzyiqləri pisləyir

Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda əvvəlcə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı ötən həftə görülən işlər haqqında məlumat verib

Toplantıda Müsavat Partiyası Ağcabədi rayon təşkilatında keçirilən ümumi yığıncaq, Qurultaya hazırlıq üzrə işlərin gedişatı müzakirə olunub.

Daha sonra Divan üzvü Osman Kazımlı müsavatçı siyasi məhbus Azad Həsənovun məhkəmə prosesinin gedişi və aclıq aksiyasının dayandırılması haqqında Divan üzvlərini bilgiləndirib.

Azad Həsənovun məhkəmə prosesinin uzadılmasına etiraz olaraq, onun aclıq aksiyasına dəstək məqsədi ilə Müsavat Gənclər Təşkilatının sədri Elman Quliyev başda olmaqla bir qrup fəalın və mətbuat işçisinin polis zorakılğına məruz qalması, onların bir neçə saat polis bölməsində saxlanılması, Elman Quliyevə Nəsimi məhkəməsi tərəfindən 30 sutkalıq həbs cəzası verilməsi Divan tərəfindən pislənilib.

Divan bu kimi davranışların durdurulmasını və Elman Quliyevin dərhal azadlığa buraxılmasını tələb edib.

Divanın toplantısında Müsavat Partiyasının fəallarına və üzvlərinə qarşı artan təzyiqlər müzakirə edilib. Bir neçə gün əvvəl Cəlilabad rayon təşkilatının sədri Azər Əsgərin, Biləsuvar rayon təşkilatının fəalı Qoşqar Nurəliyevin, bu gün isə Şəki rayon təşkilatının sədri Bakıxan Qəriblinin və Nərimanov rayon təşkilatının sədri Namiq Niftiyevin polisə çağırılaraq hədələnməsi geniş müzakirə olunub və pislənilib.

Müsavat Partiyasının Divanı hakimiyyətdən bu kimi antikonstitusion davranışları durdurmağı, ölkədə siyasi partiyalar haqqında qanuna əməl etməyi tələb edib.

Müsavat Partiyasının Divanında partiyadaxili məsələlər geniş müzakirə edilib, diskussiyalarda etik qaydalara əməl olunmasının zəruriliyi vurğulanıb.

Divan partiya rəhbərliyini və partiya üzvlərini nüfuzdan salan publik (ictimai) müzakirələrə son qoyulmasını, partiyadaxili müzakirələrin ictimailəşdirilməsinin partiyanın nüfuzuna xələl gətirdiyi və Müsavata qarşı olan qüvvələrin bu açıqlamalardan partiyaya qarşı istifadə etdiyi üçün belə halların yolverilməz olduğunun partiya üzvləri Yafəs Həsənovun, Könül Şamilqızının, Nemət Kərimlinin, Yadigar Sadıqlının diqqətinə çatdırılması barədə qərar qəbul edib.

İclasın sonunda ölkədə, regionda və dünyada baş verən hadisələr və gedən proseslər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlərə baxılıb.

Basta