“Müsavat demokratik bir təşkilatdır” -Tofiq Yaqublu

Məlum olduğu kimi, oktyabrda Müsavat partiyasının qurultayı keçiriləcək. Hazırkı başqan Arif Hacılı namizəd olacağını rəsmən bəyan etməsə də, onunla bərabər Tofiq Yaqublu ilə Yadigar Sadıqlının başqanlığa namizəd olacağı bəllidir.

Bu barədə Unikal.org-a açıqlama verən başqanlığa namizədlik iddiasını ortaya qoyan Tofiq Yaqublu deyib ki, bütün demokratik təşkilatlarda seçkilər keçirilməlidir, Müsavatda da bu proses baş verir. Onun sözlərinə görə, hər bir partiya üzvünün seçkili qurmlara namizədliyini irəli sürməyə haqqı var:

“Müsavat Partiyasının növbəti qurultayında başqanlıq seçkiləri də olacaq. Düşündüm ki, mən də iddiamı ortaya qoya bilərəm. Müsavat demokratik bir təşkilatdır. Burada kiminsə başqanlığa namizəd olması qeyri-adi bir məsələ deyil. Əgər mən başqan seçilərəmsə, Müsavatın ümumi xətti davam etdiriləcək. Təbii ki, nizamnamə çərçivəsində bu və ya digər korrektələr ola bilər. Düzü, indidən nə edəcəyimi açıqlamaq istəmirəm. Seçki platformam da hazır deyil. Qurultay zamanı qurultay nümayəndələrinə müraciətimdə nə etmək istədiyimi daha açıq və konkret deyəcəyəm”.

T.Yaqublu onu da qeyd edib ki, istənilən halda hər bir fərd yeni bir nəfəs, yeni prinsip deməkdir. Onun sözlərinə görə, başqa şəxslərin namizəd olması normaldır:

“Yadigar bəy namizədliyini irəli sürüb. Başqaları da ortaya çıxa bilər. Azərbaycan xalqı da bilməlidir ki, istər ölkə, istər partiya rəhbərliyi istənilən zaman dəyişə bilər. Heç kim eyni düşünmür. Ona görə də hər bir rəhbər şəxsin dəyişməsi yenilik gətirəcək. Ümumi hədəf eyni ola bilər, amma idarəçilik prinsipləri fərqli olur. Bu baxımdan, mənim də fərqli düşüncələrim var. Hörmətli Arif Hacılı ilə yüzdə-yüz eyni düşünsəydim, heç namizəd olmazdım. Amma nəyi, necə düzəltmək istəyirəm, bax, onu qurultayda bəyan edəcəm”.