Müsavat başqanının İlham Əliyevə cavabı gecikmədi

İlham Əliyevin Rəsulzadə, Azərbaycan Xalq Cümhuriyyəti haqqında dedikləri, tarixi faktlara söykənməyən, həqiqətdən uzaq fikirlər olmaqla yanaşı, həm də milli mənafelərimizə zərbədir.

Bu davranış Azərbaycan xalqına, müqəddəs saydığımız dəyərlərə qarşı hörmətsizlikdir.
Bütün dünya dövlətlərinin Azərbaycan xalqını Cümhuriyyət Bayramı münasibəti ilə təbrik etdiyi, o dövrdə mövcud olmuş Azərbaycan dövlətinin nəinki ötən əsrin əvvəlləri, hətta bu gün üçün nümunə olacaq hüquqi, demokratik dövlət olduğunu bəyan etdiyi bir məqamda Azərbaycan dövlət başçısının bu açıqlamaları tamamilə yersiz və əsassız idi.

Qurucu babalarımız Azərbaycanın istiqlalını elan edəndə dünya xəritəsində belə bir dövlət yox idi. Bakı da daxıl olmaqla Şamaxıdan şimal-şərq rayonlarına qədər olan ərazilərimiz bolşevik-daşnak hərbi birləşmələrinin, Qarabağ və Zəngəzur isə erməni quldurlarının nəzarəti altında idi.

Belə bir vəziyyətdə xalqımız Rəsulzadənin liderliyi, Müsavat Partiyasının təşkilatçılığı ilə Cənubi Qafqazın əksər ərazilərində, 114 min kv.km ərazidə müstəqil, demokratik Azərbaycan dövlətini qurmağa nail olub.

Rəsulzadə hakimiyyətə görə dövləti qurban verənlərdən fərqli olaraq bütün həyatını Azərbaycanın istiqlalı, xalqımızın dünya birliyində layiqli yer tutmasına həsr etmişdi böyük şəxsiyyətdir.

Tarixi saxtalaşdırmaq olar, lakin tarixi dəyişdirmək mümkün deyil.

Sovet imperiyası onilliklər ərzində Rəsulzadənin, müsavatçıların, Azərbaycan dövlətini qurmuş şəxsiyyətlərimizin nüfuzdan salınmasına, xalqın istiqlal və hürriyyət ideyalarına qarşı çıxmasına çalışsa da buna nail ola bilmədi.

Azərbaycan hakimiyyətinin nəinki, xalqımızın bu günü, gələcəyi, hətta keçmişinə qarşı apardığı mübarizə də belə uğursuz olacaq.

Rəsulzadə başda olmaqla o dövrün ləyaqətli dövlət xadimlərinin, şərəfli tariximizin qiymətini xalqımız çox yaxşı bilir və dəyərləndirir. Daim dəyərləndirəcək.

Bu günkü hakimiyyətin yaratmaq istədiyi saxta idolların ömrü isə bu hakimiyyətin ömrü qədər olacaq.

Arif Hacılı, Müsavat Partiyasının başqanı 

Facebook Comments