Müsavat başqanı məhbusların evə buraxılmasını tələb etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı koronavirus xəstəliyi təhlükəsindən yayınmaq təklifi verib.

Sozcu.az-ın məlumatına görə, 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatmış siyasətçi özünün “Facebook” səhifəsində yazır ki, cəzaçəkmə müəssisələri koronavirus infeksiyasının yayılması üçün ən təhlükəli yerdir: “14 və 16 saylı cəzaçəkmə müəssisələrində məhbus olarkən soyuqdəymə, qrip xəstəliklərinin daim davam etdiyinin şahidi olmuşam. Özüm fasiləsiz olaraq, aylarla qripli idim. Koronavirus həbsxanalarda yayılsa, ölənlərin sayı rekord həddə çatacaq.

Çıxış yolu var. Həbsxanaların qapılarını açmaq. Məhbusların mühüm qismini müvəqqəti də olsa azadlığa buraxmaq. İranda 54 min məhbus koronavirusa görə müvəqqəti azadlığa buraxılıb. Azərbaycan həbsxanalarının da qapılarını açın, məhbusları azadlığa buraxın!”

Martın 5-nə olan hesabata görə, ötən ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın bir növü olan koronavirus xəstəliyi daha 83 ölkəyə yayılıb, 95 min 500 nəfər infeksiyaya yoluxub, 3286 şəxs dünyasını dəyişib.

6 nəfərin “Diamond Princess” səyahət gəmisində vəfat etdiyi bildirilir.

Ölkələr üzrə itki sayı isə belədir:

Çin – 3013 nəfər

İtaliya – 107 nəfər

İran – 92 nəfər

Cənubi Koreya – 35 nəfər

ABŞ – 11 nəfər

Yaponiya – 6 nəfər

Fransa – 4 nəfər

Avstraliya – 2 nəfər

Honkonq – 2 nəfər

İraq – 2 nəfər

İspaniya – 2 nəfər

Filippin – 1 nəfər

Tailand – 1 nəfər

Tayvan – 1 nəfər

San Marino – 1 nəfər.

Azərbaycanda da koronavirusa yoluxanlar qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargah martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına qərar verib.

Koronavirus infeksiyasına yoluxma hallarını müəyyənləşdirmək üçün xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb, İranla sərhəd qapadılıb.

Facebook Comments