Müsavat başqanı İlham Əliyevə suallar ünvanladı

Müsavat başqanı Arif Hacılı ölkə başçısı İlham Əliyevə “Asan suallar” başlıqlı yazı ünvanlayıb.

Arif Hacılı yazır…

Asan suallar

İlham Əliyevin müxtəlif dövrlərdə konkret ifadələri tez-tez təkrarlamaq adəti var.

O, zaman-zaman çıxışlarında “inkişaf – development”, “iş yerləri”, “regionların inkişafı”, ” qeyri-neft sektoru”, “sabitlik”, “balans siyasəti”, “AXC Müsavat cütlüyü” kimi ifadələri təkrarlayıb. İlham Əliyevin leksikonunda indi dəbdə olan əsas söz “islahat” sözüdür.

Bahar Bayramı təbrikində “islahat” sözünü neçə dəfə işlətdiyini sayanlar da olmuşdu…

-Ölkəyə daxil olan neft dollarlarına, xalqın çalışmalarına uyğun inkişaf olmadı.

– Elan olunan iki milyonadək iş yerləri açılmadı.

– Regionlarda əvvəllər də dediyim kimi, yalnız bir küçəyə bəzək-düzək vuruldu. Zavodların, fabriklərin deyil, heykəllərin, muzeylərin açılışı oldu.

-Qeyri-neft sektoru inkişaf etdirilmədi, yenə də dövlət büdcəsinə daxil olan vəsaitlərin əksəriyyətini neft gəlirləri təşkil etdi.

– Dayanıqlı, real sabitlik təmin edilmədi. Hüquq və azadlıqların tam məhdudlaşdırıldığı şərait davam etdi.

-Balans siyasəti iflasa uğradı. Azərbaycan Beynəlxalq Birlik tərəfindən təcrid olundu. Qarabağın işğaldan azad edilməsi imkanları azalmaqda davam etdi…

İlham Əliyevə sadə suallarım var.

Bəyan edilən islahatlar həyata keçiriləcəkmi?

– Səhiyyədə sığorta sistemi tədbiq ediləcəkmi?

– Təhsil sistemində şagirdlərin ali məktəblərə daxil olmaq üçün repititorlardan asılı olan vəziyyəti dəyişdirəcək islahatlar aparılacaqmı?

-Əmək haqqları və pensiyalar insanların ləyiqli dolanışığını təmin edəcək səviyyəyə qaldırılacaqmı?

– İşsizliyə real olaraq son qoyacaq, iqtisadiyyatı enerjidaşıyıcıları gəlirlərindən asılı vəziyyətdən qurtaracaq qədər İstehsal sahələri yaradılacaqmı?

-İnhisarçılığa son qoyulacaqmı? Siyasi və iqtisadi sahədə hamıya bərabər imkanlar şəraiti yaradılacaqmı?-Əmlak deklorasiyası haqqında qanun qüvvəyə minəcəkmi?-Real yerli özünüidarə sistemi qurulacaqmı?

-Hakimiyyət bölgüsü aparılacaqmı?

-Polisin və digər inzibati orqanların siyasi məsələlərə müdaxiləsinə son qoyulacaqmı?- Xarici siyasətdə Milli Təhlükəsizlik Konsepsiyasına əməl olunacaqmı?

Nəhayət, bərabərhüquqlu siyasi rəqabət şəraitində azad və ədalətli seçkilər keçiriləcəkmi?

Azərbaycanda güclü, hüquqi dövlətin, azad cəmiyyətin qurulması üçün bütün bu islahatların paket halında həyata keçirilməsi vacibdir.

Bunlar olmayacaqsa islahatlar barədə deyilənlər boş sözdür.

Yazı Arif Hacılının “facebook” səhifəsindən götürülüb.