Müəllimim-Liderim-Prezidentim – I hissə

Ələsgər Siyablı
(Elçibəy və Milli Azadlıq hərəkatı
haqqında xatirələrim)
Orda bir yol var, uzaqda,
O yo bizim yolumuzdur!
Dönməsək də, varmasaq da, O yol bizim yolumuzdur!
“Elm və təhsil”
Bakı-2018
Redaktorları: Aydın Mədətoğlu
filologiya üzrə fəlsəfə doktoru, Dos,
Mir Yəhya Yusifli

Ələsgər Siyablı.

Müəllimim-Liderim-Prezidentim.
(Elçibəy və Milli Azadlıq hərəkatı haqqında xatirələrim), Bakı, Elm və təhsil, 2018, 280 səh.
Kitab həyatını Türk millətinin səadəti və Quzey Azərbayca­nın müstəqilliyi uğrunda mübarizəyə həsr edən, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, dövlət adamı, ideoloqu, mütəfək­kiri, alimi, Azərbaycan Milli Azadlıq və Demokratik Hərəkatının rəhbəri, Azərbaycan Xalq Cəbhəsinin sədri, Azərbacan Respub­likasının demokratik yolla seçilən ilk və son Prezidenti, Çağdaş Türk Dünyasının liderlərindən biri olan Əbülfəz Elçibəyə həsr edilmişdir. Müəllif, Elçibəyin müəllimlik fəaliyyətindən, həpsin- dən, Azərbaycan Xalq Cəbhəsi və Bütöv Azərbaycan Birliyinin yaradılması uğrunda mübarizəsindən, həmçinin Meydan Hərəka- tındakı rolundan, Prezidentlik fəaliyyətindən, Kələkidəki ağır və sarsıntılı həyatından, Türkiyə, Helsinki və Amerika səfərlərindən və nəhayət, Bəyin vəfatından söz açır.
İLK TANIŞLIQ
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Uni­versiteti) tarix fakültəsində oxuyurdum. O dövürdə Azərbaycan­da yalnız bizim oxuduğumuz ali məktəb uinversitet, qalanları isə institutut adlanırdı. Universitetin Şərqşünaslıq fakültəsində oxuyan, ordubadlı Aydın Qasımovla hərdən görüşər, dərdləşər, dərslərimizin neçə getdiyindən, müəllimlərimizdən, ölkəmizdə və dünyada baş verənlərdən söhbətləşərdik.
Elə ki, söhbət milli məsələdən, Azərbaycanda ana dilinin sıxışdırılmasından, rüşvətin, süründürməçiliyin baş alıb get­məsindən söz düşərdi onda Aydın bəy Əbülfəz müəllimin adını çəkərdi. Biz adətən Ermənistanı və Gürcüstanı Azərbaycanla müqaisə edərdik. Onlarda əhalinin güzaranı bizə nisbətən yaxşı olduğu kimi, ana dilinə hörmətlə yanaşıldığı da hər addımda hiss edilirdi. Rus dili Azərbaycanın hər yerində hakim olduğu halda Gürcüstanda və Ermənistanda küçə, meydan, idarə və təşkilat ad­ları iki dildə yazılırdı. Mağazalarda satıcılar, kassalarda kassirlər, bir sözlə içtimai yerlərdə çalışanlar ana dilində danışırdılar. Azər­baycanda isə bunun tərsinə idi. Hətta Rus dilini bilməyənlər də görürdün ki, fikrini qırıq-salxax Rus dilində deməyə çalışır. Rus dilində danışmaq az qala yerli əhalini alçaltmaq səviyyəsindəydi.
İkinci kursunda oxuyarkən (1972) Aydın Qasımov məni uni­versitetimizin müəllimi Əbülfəz Əliyevlə tanış etdi. O, Lermon­tov küçəsində, indiki Nazirlər Kabinetinin yaxınlığında, keçmiş Çəmbərəkənd məhəlləsində, sökülməkdə olan bir binada, böyük qardaşı Muradın qızı Səadətlə birlikdə kirayədə qalırdı. Misirdə iki il tərcüməçi işləmişdi. Xarici ölkədə işləyənlər və institutut müəllimləri ilə müqaisədə onun güzaranı o qədər də yaxşı deyil­di. Belə ki, xarici ölkələrdə işləyənlər adətən geyim-keçimlərilə, diqqəticən minik maşını- “Volqa” almaları ilə seçilirdilər.
İlk söhbətdən onun cazibəsinə düşdüm. Həmin gündən sadiq əsgəri kimi sona qədər sevimli müəllimimin və liderimin təsirin­dən qurtula bilmədim.
Bu tanışlıqdan bir il sonra Əbülfəz Əliyev bizə Asiya və Af­rika ölkələri tarixinin ümumi kursu üzrə mühazirə oxumaqla ya­naşı, həm də Şərq tarixi üzrə ixtisas kursuna rəhbərlik edirdi. O, təxminən il yarım bizə dərs dedi.
Tarix fakültəsində
O zaman Universitetinən nüfuzlu fakultələrindən biri olan
Tarix fakultəsi, əsasən ideologiyalı kadırlar hazırlayırdı. Rəh­bər komsomol, partiya, sovet işçilərinin, təhlükəsizlik və milis orqanları əməkdaşlarının əksəriyyəti tarix fakültəsinin məzunla­rı idi. Buna görə də müəllimlərin ideoloji hazırlığına, tələbələ­rin kommunist ideologiyası ruhunda təlim və tərbiyəsinə mühüm önəm verilirdi. 30-40-cı illərdə bu fakultənin bir çox müəllimi, professoru, hətta rektoru olmuş Tağı Şahbazi Simurq antisovet və milliyətçilik ittihamlari ilə repressiyaya məruz qalmışdılar. Tarix fakultəsində müəllimlərin bir çoxu partiya-sovet orqanlarında, orduda və təhlükəsizlik orqanlarında vaxtilə yüksək vəzifələrdə çalışmış kadrlar idi. Fakultədə bir neçə ordu və KQB polkovniki tarix elminin müxtəlif sahələrindən dərs deyirdi. Heydər Əliyev də 1950-ci illərdə KQB-də yüksək vəzifədə çalışanda tarix fa- kultəsində qiyabi təhsil almışdı.
Tarix fakultəsində Sovet rejiminə xas mürtəce, mühafizəkar bir ab- hava hökm sürürdü. Elmi həqiqətlər bir kənara qoyularaq tarixi hadisələr Sovet ideologiyasının tələblərinə uyğun şəkildə şərh olunurdu. Buna da kommunist ideologiyası deyirdilər. Əs­lində Sovet ideologiyası sözdə kommunist ideolojiyası adlandı- rılsa da əməldə heç də elə deyildi. Çində də, Yuqoslaviyada da, Albaniyada da kommunist ideologiyası hakim ideologiya hesab olunurdu. Lakin onların arasında fikir birliyi yox idi.Azərbaycan tarixinin bir çox taleyüklü hadisələri dərsliklər­də və müəllimlərin mühazirələrində müzakirəyə qapalıydı.Hər şey ehkam formasında təqdim və tədris olunurdu. Tələbələrin tarixi hadisələr haqqında Sovet-kommunist idelogiyasına uyğun olmayan, onunla ziddiyət təşkil edən suallarına müəllimlər çox sərt, aqressiv reaksiya verirdilər. Azərbaycan tarixi ən ikrah do- ğurucu, iyrənc şəkildə saxtalaşdırılmışdı. Azərbaycanın etnoge- nez məsələsi, Azərbaycanın “könüllü“ şəkildə Rusiyaya birləş­dirilməsi, daşnaq və satqınlardan ibarət 26 Bakı Komissarlarının Azərbaycan xalqı naminə göstərdikləri tarixi qəhrəmanlıq haqqın­da yazılanlar elmi həqiqətlərdən çox uzaq idi. Sovet hakimiyyətı guya Azərbaycan xalqını məhv olmaqdan qurtaran tarixi xilas­karlıq missiyasında təqdim olunurdu. Azərbaycan xalqının mənşə etibarı ilə türk olmasını dilə gətirmək və ya tələbələrdən kiminsə cəsarət göstərib özünü türk adlandırması bağışlanılmaz bir günah və hətta cinayət hesab olunurdu. 1918-20-ci illərdə Azərbaycan Cümhuriyəti, Müsavat Partiyası və Milli hökumətının fəaliyyəti söyüş və təhqirlə dolu bir neçə cümlələrlə yad edilməklə kifayət­lənilirdi.
Tarix fakultəsinin müəllimləri öz mühazirələrini bizə nöqtə və vergülünə qədər yazdırıdılar.Bu mühazirələr dərsliklərdəki tarixi hadisələrin saxtalaşdrılmış və təhrif olunmuş şəkildə təkrarından, Rusiyanın Azərbaycan xalqı üçün tarixi xilaskarliq missiyasinin tələbələrə təlqin olunmasindan başqa bir şey deyildi. Onlar özləri də təbii ki, bu hadisələrin təhrif olunduğunu gözəl bilirdilər, lakin mühazirələrində bu dərs kitablarındakı təhriflərə düzəliş vermək və ya haşiyə çıxmaq cəsarətində deyildilər. O zaman çox gənc olan Əbülfəz müəllim öz gəlişi ilə tarix fakultəsinə demokratik bir ab-hava, səmimi və güvən verici bir əhvali-ruhiyə gətirmişdi, onun üçün başqa müəllimlərdən fərqli olaraq müzakirəyə qapa­lı, üzərinə yasaq qoyulmuş hər hansı bir mövzu mövcud deyildi, ona tarixin bütün sahələri haqqında sual verib müzakirə aparmaq mümkün idi ki, bu da biz tələbələrə böyük bir cəsarət verirdi.
Bütün bunları təfərrüatı ilə yazmaqda məqsədim oxucularda və xüsusən də o dövrü yaşamamış indiki gənclərdə sovet döv­rünün ictimai-siyasi vəziyyəti, təhsil sistemi haqqında, tarix fa- kultəsində mövcud olan əhval-ruhiyə haqqında dolğun təsəvvür yaratmaqdır. Oxucular bilsinlər ki, Əbülfəz Elçibəy hansı şəra­itdə, neçə dözülməz şərtlər altında müəllimlik edir, özünün mil- liyətçi-türkçü fikirlərini neçə təbliğ edib, hansı çətinliklərlə və təhlükələrlə üzləşib və niyə həbs olunub?!.
Əbülfəz Elçibəy tarix fakultəsində müəllim işləyəndə iki il çalışdığı Misir Ərəb Respublikasından yenicə dönmüşdü. Sovet­lərin totalitar rejimindən kənar bir ölkədə azad insanların yaşayış tərzi ilə tanis olmus, sovet rejimindən fərqli, az-çox insan azad­lığının mövcud olduğu bir ölkədə yaşamışdı, fərqli düşüncəli in­sanlarla ünsiyyətdə olmuşdu.
Tarix fakultəsinə yeni daxil olmuş tələbələr fakultənin dəh­lizlərində həmişə bir qrup tələbə ilə söhbət edən uzun boylu, ya­raşıqlı, qamətli, uzun qara saçları və səliqəli geyimi ilə qeyri-adi təsir bağışlayan və diqqətləri cəlb edən bu gəncin kim olduğu ilə maraqlanır və bir müddətdən sonra onun Əbülfəz müəllim oldu­ğunu öyrənirdilər. Onun davranışı, dərs demək metodu, tələbələr­lə olan münasibətinə görə digər müəllimlərdən tamamilə fərqlə­nirdi. Əbülfəz müəllim tələbələrlə səmimiyyətlə əl verib görüşər, hal – əhval tutar, dərslər arası tənəffüslərdə heç vaxt kafedraya getməz, boş zamanını dəhlizdə tələbələrlə söhbətdə keçirər, onla­rın suallarını cavablandırardı. Əbülfəz müəllimlə fakultənin dəh­lizində söhbət etmək bir prestij məsələsinə çevrilmişdi, hər kəs onunla söhbətdə öz eridusiyasını, tarixi bilgisini nümayiş etdir­məyə, onun diqqətini cəlb etməyə çalışırdı. Əbülfəz müəllim ol­duqca müsbət bir auraya malik idi və insanları maqnit kimi özünə cəzb edirdi, onun təsiri altına düsməmək qeyri mümkün idi.
Əbülfəz müəllim dərslərinə heç zaman özü ilə mühazirə kons- pekti gətirməzdi, iki 45 dəqiqəlik mühazirəsini olduqca maraqlı, canlı şəkildə, şövqlə, ehtirasla şərh edər, bəzən kiçik vərəqciklər- dən ilk tarixi mənbələrdən qeyd etdiyi sitatları oxuyardı. Onun özünə məxsus tarix konsepsiyası vardı, tarixi hadisələrə baxışı və şərhi nəinki tarix dərsliklərində əks olunanlardan fərqli idi, hətta onlarla daban-dabana ziddiyət təşkil edirdi.Tarix dərsliklərində yer verilən saxtakarlıqları kəskin şəkildə tənqid etməkdən çəkin­mirdi. Asiya və Afrikanın bəzi bizim üçün maraq kəsb etməyən ölkələrinin tarixindən danışarkən məharətlə haşiyələr çıxar və mühazirəni Azərbaycan tarixinə həsr edərdi.
Azərbaycanın birləşməsi-bütövlüyü məsələsi bizə anlatdığı mövzuların ana xəttini təşkil edirdi.
Güneyi Azərbaycan, parçalanmış vətənin dərdi, Azərbaycanın bütövlüyü məsələsi Əbülfəz müəllimin təbliğatının və mübarizəsi­nin əsas qayəsi idi. Qacarlar dövləti ilə müharibədə Azərbaycanın şimal ərazilərinin Rusiya tərəfindən işğalı nəticəsində vətənimizin iki hissəyə parçalanmasını ürək ağrısı ilə dilə gətirib ulu babaları­mızı qınadığımız zaman Əbülfəz müəllim bizə ürək dirək verərək deyirdi ki, “Bəylər millətimizi çox da qınamayın bizdən daha güc­lü olan Almaniya, Vyetnam, Koreya da parçalanmış vəziyyətdə­dir”. O zaman xəyalımıza da gətirə bilməzdik ki, bizim özümüz də Azadlıq uğrunda mübarizədə Qarabağımız da daxil olmaqla əra­zilərimizin mühüm bir qismini erməni işğalına məruz qoymaqla gələcək nəsillərin beləcə qınağına məruz qalacağıq.
1974-cü ildə Emel Sayının Bakıda konsertə gəlmişdi. Onun konsertinə özümə bilet alanda Əbülfəz müəllim üçün də aldım. Bileti dərsdə, tələbələrin yanında ona verim. Konsertə getməyə­cəyini bildirdi və bileti qızlarımızdan birinə bağışladı. Bu hamı­mızı təəccübləndirdi. Çünki Türkiyəyə və türk musiqisinə böyük məhəbbət bəsləyən, bizdə də məhəbbət oyadan müəllimimizdən səbəbini soruşduqda dedi ki, Sovet İttifaqının Türkiyə ilə müna­sibətləri yaxşılaşmağa doğru gedir. Bu gediş-gəlişin artmasına, Türkiyəyə qarşı sonsuz aludəçiliyimizə səbəb olar, Güneyi Azər­baycan dərdini bizə unutdurar, milli mübarizəmizə diqqətimi­zi azaldıar. Parçalanmış vətənimizin başlıca dərdini özündə əks etdirən bu ibrətamiz sözlər biz tələbələrə ünvanlanmışdı ki, onu gələcək həyat fəaliyyətimizin milli qayəsinə çevirək.
Əbülfəz müəllim heç vaxt jurnalda tələbələrin davamiyyətinə nəzarət etməzdi, buna baxmayaraq digər müəllimlərin mühazirələ­rindən qaçmaq halları olduğu halda onun dərslərində hamı mütləq iştirak etməyə çalışırdı. Hətta mühazirə vaxtı o dialoq formasın­dan istifadə edib tələbələrin də fikirlərini soruşur, onlarla canlı müzakirə aparmaqdan çəkinmirdi. Biz Əbülfəz müəllimin müha­zirələrini çox maraqla dinlədiyimizdən və o da mühazirəni cox iti danışdığından onu konspektləşdirmək mümkün olmurdu. Əbülfəz müəllimin dərslərinin şöhrəti dərs dediyi tarix və şərqşünaslıq fa- kultələrinin hüdudlarını çoxdan aşmışdı, çox hallar olurdu ki, digər fakultələrin və institutların tələbələri də onun mühazirələrini din­ləməyə gəlirdilər. Bu məsələdə Əbülfəz müəllim yalnız Bəxtiyar Vahabzadə ilə müqayisə oluna bilərdi. Çünki Bəxtiyar müəllimin də mühazirələrinə maraq cox böyük idi və mən də bir neçə dos­tumla icazə alıb onun mühazirəsini dinləmişdim.
Digər müəllimlər dərsdə sakitlik yaratmaq, tələbələrin diqqə­tini oxuduqları mühazirəyə cəlb etmək üçün böyük səy göstərdik­ləri halda Əbülfəz müəllimin dərslərində mütləq sakitlik hökm sürərdi, bu zaman o zarafatla deyirdi ki, “əsgər kazarmasında de­yilsiniz ki, bir az şuluqluq salın, mürgülüyənlər oyansın”.
Bir dəfə kommunist müəllimlərdən biri çar imperiyasına qarşı uzun illər ərzində mübarizə aparmış Şeyx Şamil və müri­dizm hərəkatını mürtəce, düşmən bir hadisə kimi dəyərləndirdi, biz bu məsələ haqqında Əbülfəz müəllimin fikrini soruşduq, o Şeyx Şamili müstəmləkəçilərə qarşı mübarizə aparmış böyük bir qəhrəman adlandırdı, Azərbaycan filosofu Heydər Hüseyno­vun Şeyx Şamildən və müridizm hərəkatından bəhs edən əsəri haqqında genis məlumat verdi və dedi ki, o müəllimi qınamayın, onun mühazirələri 50-ci illərin ruhunda tərtib olunub və onları hələ də oxumaqda davam edir. Əslində həqiqətən də müəllimlərin əksəriyyətının mühazirələri 40-50-ci illərdə yazılmış dərslikləri təkrar edərək tərtib olunmuş heç bir elmi dəyəri olmayan tarixi həqiqətləri əks etdirməyən söz yığını idi.
Onun heç cür qəbul etmədiyi və sərt şəkildə tənqid etdiyi möv­zulardan biri çoxcildli Azərbaycan tarixində Azərbaycan xalqının etnogənəz məsələsinin şərhi idi. Burda Azərbaycan xalqının türk mənşəli olmayıb türklərin və xüsusən də səlcuqların işğalı nəti­cəsində yerli xalqın türkləşdirilərək türk dilının Azərbaycanda hakim dilə çevrildiyi iddia edilirdi. Əbülfəz müəllim buna qarşı­lıq Azərbaycan xalqının türklüyünü tarixi mənbələ istinadən cox saylı sitatlara əsaslanaraq bizə türklüyümüzü sübut edirdi.
KQB polkovniki, dekan müavini
Azərbaycan xalqının etnogenezi məsələsini mürtəce şəkildə səhr edən fəslinın müəllifi bizə Azərbaycan tarixinin qədim döv­ründən dərs dəyən və eyni zamanda fakultə dekanının 1-ci müa­vini vəzifəsində çalışan Məmməd Əfəndiyev idi. Məmməd müəl­lim KQB-nin keçmiş polkovniki idi. Sovet ordusu İrana daxil olub Azərbaycan milli hökumətini qurdugu zaman o ordunun si­yasi rəhbərlərindən olmusdu. Söhbət gəzirdi ki, 30-40-ci illərdə bir çox alimin repressiyaya məruz qalmasında onun da xidməti az olmayıb. Mənşəcə türk olmadığı üçün qatı türk düşməni idi. Onun yanında türk adı çəkəndə və ya türklər haqqında müsbət fikir bildirəndə elə bil dədəsinə söyürdün. Xarici görünüş etibarı ilə də çox bədheybət olan Məmməd Əfəndiyevi tələbələrin əksə­riyyəti sevmirdi, müəllimlər də aşkar surətdə ondan çəkinirdilər. O, özünü dekan müavinindən çox KQB-nin fakultədə kuratoru kimi aparırdı.
Bir dəfə onun dərsində mən babamın pasportunda milliyət mənsubluğu qrafasında türk yazıldığını dedim. Məmməd müəl­lim çox əsəbiləşdi və “mənim dərsimdə türkçülük söhbəti gədə bilməz, rədd ol sinifdən” dəyib məni auditoriyadan qovdu. Son­radan dekanın icazəsi ilə yenidən dərslərimi davam etdirdim. Fa­kultədə onun bir sözü iki deyildi. Zalımlığına və kobudluğuna görə tələbələr ona “irticanın dayağı” ləqəbini qoymuşdular. Məm­məd Əfəndiyev Əbülfəz müəllimi heç sevmirdi, bəyin türkçülük, milliyətçilik ideyalarını qorxmadan, çəkinmədən açıq şəkildə tələbələr içərisində təbliğ etməsini, dərsliklərdəki saxtakarlığı və tarixi hadisələrin qərəzli təhrifini sərt şəkildə tənqid etməsini heç cür həzm edə bilmirdi. Mən bir neçə dəfə Əbülfəz müəllimin heç bir müəllimin cəsarət edə bilmədiyi şəkildə Məmməd müəllimlə sərt mübahisələrinin şahidi olmuşam. Məmməd Əfəndiyevin hər qrupun içərisində tələbələrdən ibarət casusları vardı və onlar tələ­bələr və müəllimlər haqqında ona donosçuluq edirdilər.
Xalqımızin türk olması fikrini cəsarətlə dediyimiz zaman Məmməd Əfəndiyevin bizə etdiyi sitəmdən Əbülfəz müəllimə şikayət edəndə deyirdi ki, Məmməd müəllimi çox qınamayın o fakultədə dövlətin imperiyapərəst siyasətının əsas müdafiəçisi­dir. Bütün dünya, xüsusən də Rusiya hər zaman türk adından və Türk birliyindən qoxduğu üçün bu xalqları vahid türk milli şüur­dan məhrum etmək məqsədilə qazax, tatar, özbək, qırğız, Azər­baycanlı və s.qurama adlar qoyaraq onların bir birlərindən fərqli xalqlar olduğunu təlqin edib.
Əbülfəz müəllimin həbsindən sonra tələbələrin Məmməd Əfəndiyevə nifrətləri daha da artmşdı. Tarix fakultəsinin dəhli­zində fakultə rəhbərliyinin və müəllimlərin foto şəkilillərindən ibarət bir stend mövcud idi. Tələbələr intiqam almaq məqsədilə Məmməd müəllimin o stendəki foto şəkilının üzünü həmişə qa­ralayaraq haqqında nalayiq sözlər yazırdılar və hər dəfə də onun şəkili yenisiylə əvəz olunurdu. Məmməd müəllim yaşlı və xəstə olduğu üçün tarix fakultəsinin yerləşdiyi üçüncü mərtəbəyə pil­ləkənlərlə çıxmağa çətinlik çəkirdi və bu zaman tələbələr onun yuxarı qalxmasına yardım etmədiklərindən o müəllimlərdə biri­nin gəlib yardım etməsini uzun zaman gözəməli olurdu.
Fakultənin digər müəllimlərinin, xüsusən də qocaman kom­munist müəllimlərin Əbülfəz müəllimə münasibətləri birmənalı deyildi. Onlar hesab edirdilər ki, Əbülfəz müəllim tələbələri hi­mayə etməklə onları mütilikdən çıxaraq dikbaş, sözəbaxmayan edir. Bir dəfə təsadüfən dekanlıqda bir söhbətının şahidi oldum. İki müəllim dekana Əbülfəz müəllimdən şikayət edirdilər ki, tələ­bələr onun təsiri altına düsüblər, ona arxalanaraq dikbaşlıq edir­lər, ipə sapa yatmırlar, mühazirələrə etinasız yanaşır, türkçülük­dən dəm vurur, Sovet ideologiyasına zidd suallar verirlər…
Müəllimimizin sevimli mövzuları
Əbülfəz müəllimin ən çox önəm verdiyi və sevə-sevə bəhs etdiyi türk böyükləri Çingiz xan, Teymur, Şah İsmayıl Xətai, Sul­tan Mehmet Fateh və Atatürk idi. Əmir Teymurun Teymurləng adlandrılmasını o təhqiramiz hesab edərək bundan bərk qəzəb­lənirdi. O, Atatürkü türk millətının ruhunu ən yaxşı duyan və bu ruhun güçündən türkün qurtuluşu üçün yararlanmağı bacaran, Osmanlı imperiyasının xarabalıqları üzərində Türkiyə cümhuriy­yətini quraraq onu dünya türklərinin həyat qaynağına, ümid və qürur mənbəyinə çevirən, türk dünyasının son iki yüz ildə yetir­diyi ən böyük dahi, qəhrəman hesab edirdi.
O dövrdə belə bir yanlış təsəvvür var idi ki, türk dedikdə çoxunun ağlına Anadolu türkü gəlirdi. Əbülfəz müəllim bizə izah edirdi ki, Anadolu türkləri türk dünyasının yalnız bir parçasını təşkil edir, onlar özlərini osmanlı adlandıranda Azərbaycan Cüm- huriyətindən daha öncə başlayaraq ta 1936-cı ilə kimi bizim mil­li kimliyimiz rəsmən türk adlanıb. O qədim ərəb müəlliflərinin əsərlərindən sitatlar gətirərək Azərbaycanda türklərin yerli xalq olduğunu və burda çox qədimlərdən yaşadığını deyirdi.
Əbülfəz müəllimin sayəsində biz milli mənsubiyyətimiz haqqında geniş bilgilər əldə etdik. Hər birimiz türklüyümüzlə qü­rur duymağa başladıq. O, bizə dərsliklərdə üzərindən sükutla ke­çilən qədim türklərin tarixindən, Bilgə xaqandan, Orxon -Yenisey abidələrindən danışırdı. Bu mövzuları ilk dəfə ondan eşidirdik. O, bu abidələrin mətnini və müasir türkcəmizə çevirmələrini bizə yazdırırdı. Onun bizə yazdırdığı diğər kitablar Əmir Teymurun vəsiyyəti, Ziya Gökalpın “Türkçülüyün əsasları“, ərəb müəlli­fi Əl Caizinin türklərin hərbi rəşadətinə həsr olunmuş əsəri idi. O bizi türkçülük və milliyətçilik, vətənpərvərlik ruhunda tərbiyə edirdi, milli şüurumuzu daha da inkişafı qayğısına qalaraq özü­nün vasitəçiliyi ilə tələbələrin şair Bəxtiyar Vahabzadə, güneyli şair Əli Tudə, vətənpərvər alim Xudu Məmmədov, Əbülfəz Hü­seyni ilə görüşlərini təşkil etdi. Ziya Bünyadovla da görüşümüzü təşkil edəcəyinə söz vermişdi lakin, həbs edilməsi buna imkan vermədi.
Əbülfəz müəllim imperiyaların tarixindən bəhs edərkən keç­mişdəki bir çox qüdrətli imperiyalar kimi Sovet imperiyasının da dağılmağa məhkum olduğunu marksist-leninçi dialektikanın qa­nunlarına uyğun şəkildə əsaslandırıdı və bizə müraciətlə bildirirdi ki, siz bu hadisənin şahidi və iştirakçısı olacaqsınız və özünüzü bu hadisə üçün hazırlamalısınız. Müəllimimizin bu cür cəsarətli fikirləri və qorxmazlığı bizi həm heyrətləndirir, həm də vahiməyə salırdı. Çünki dünyanın altıda birinə, qüdrətli orduya sahib olan və nüfüz dairəsini yeni sosialist dövlətlər hesabına durmadan ge­nişləndirən bir imperiyanın tezliklə dağıla biləcəyini təsəvvür edə bilmirdik.
Əbülfəz müəllim sonralar tələbələrə aşıladığı azadlıq və vətənpərvərlik ideyalarını, onlarlın iştirakı ilə təşkil etdiyi gizli qrupların fəaliyyətini xatırlayaraq yazırdı: “Həmin vaxt uşaqlara deyirdim ki, bu imperiya mənim hesablamalarıma görə, 1985-86- cı illərdə dağılacaq. Dağılanda isə biz hazır olmalıyıq…indidən biz gizli təşkilatlar yaradaq, həmin vaxta hazır olaq ki, xalqa la­zım olanda üzə çıxaq, xalqın ehtiyacını müdafiə edək. O tələbələr qalır, o tələbələr indi də mitinqlərə gəlir. Məni müdafiə edən, başa düşən tələbələr vardı, artıq cəmiyyətlərimiz vardı: üçlük, beşlik, yeddilik, doqquzluk. Ayrı-ayrı qruplar yaratmışdım ki, bir-biri ilə əlaqəsi olmasın, çünki bilirdim ki, tez ilişdirərlər. Elə də oldu-bi­risi ilişdi, üç nəfərin işi açıldı. Sonra bir yerdə beşininki açıldı (bir nəfər satqın çıxdı, ya da döyülüb ələ alındı). Daha genişlənib bütün tələbələri əhatə edə bilmədilər”(Ə.Elçibəy «Bu mənim ta­leyimdir)
Tələbələrin dostu, himayəçisi
Əbülfəz bəydə böyük bir təlqin və təsir gücü vardı ki, onun dediklərinə inanmamaq mümkün deyildi. O öz davranışı, cəsarəti ilə, tələbələr üçün mərdlik və kişilik simvoluna çevrilmisdi. Bir çox tələbə aralarında o qədər də yaş fərqi olmayan müəllimlərinin geyim tərzini, davranış və danışığını təqlid etməyə başlamışdı. Əbülfəz müəllim öz səmimi və güvənverici münasibətinə görə tələbələrin nəinki müəllimi, həm də onların dostu, himayəçisi, müdafiəçisi idi. Əbülfəz müəllim bir çox tələbəni zalım, təkəb­bürlü müəllimlərin qəzəbindən qoruyaraq onları ali məktəbdən qovulmaqdan və ya təkrar kursda saxlanmaqdan xilas etmişdi.
Qrup nümayəndəsi idim. Bir gün dekan müavini Rəfail müəl­limlə aramızda bir münaqişə oldu və o məni qrup nümayəndəsi vəzifəsindən azad etdi. Əbülfəz müəllim bunu öyrəndiyi zaman çox əsəbiləşib qrupumuzdakı tələbələri məzəmmət edərək bildirdi ki, qrup nümayəndəsi tələbələri təmsil edir və onu sizdən icazəsiz azad etməyə dekanlığın icazəsi yoxdur. Siz öz haqqınızı müdafiə edərək dekanlığa etiraz etməli idiniz. Əgər siz öz hüquqlarınızın pozulması ilə indidən belə müticəsinə razılaşacaqsınızsa gələcək­də öz ailənizin və millətimizin hüquqlarını müdafiə etməyə nail ola bilməyəcəksiniz. Əbülfəz müəllim bu məsələyə görə dekanli- ğa da öz etirazını bildirdi və mənim yenidən qrup nümayəndəli­yinə bərpa olunmağımı tələb etsə də mən razılıq vermədim.
Etibar Məmmədov gilin qrupu divar qəzetində Güney Azər­baycan probleminə həsr olunmuş bir məqalə dərc etmişdilər. Bu məqalə fakultədə böyük qalmaqala səbəb olmuşdu. Bəy həmin məqalənin müəlliflərini müdafiə edərək onların cəzalandırlması- na manə ola bildi. Öz vaxtının çox hissəsini tələbələrlə və gənc­lərlə birlikdə keçirdiyi üçün Əbülfəz müəllimi çoxları məzəmmət edirdi. Bir dəfə yaxın tanışlarından biri bizim yanımızda ərklə vaxtını usaq-muşaqa sərf etməkdənsə elmə sərf edib doktorluq işini bitirməsini Əbülfəz müəllimə məsləhət gördü. Bəy incik hal­da cavab verdi ki, sənin usaq-muşaq hesab etdiyin bu gənclər vaxt gələcək Azərbaycanın taleyində həlledici rol oynayacaqlar. Əbül­fəz müəllim bizə rəsmi şəkildə ad və soyadımızla müraciət edən digər müəllimlərdən fərqli olaraq tələbə oğlanların adlarına bəy, qızlararın adlarına xanım sözü əlavə edərək müraciət edirdi, biz tələbələrə də bir birimizə bəy deyə müraciət etməmizi təlqin edir­di. İlk vaxtlar bu cür qeyri adi müraciət forması bizə qəribə gəlir, bizi utandırıdı. Lakin biz tədricən buna alışdıq və öz aramızda da bir-birimizə bəy deyə müraciət etməyə başladıq.
Yataqxanalarda və çayxanalarda
Əbülfəz bəyin milli vətənpərvərlik fəaliyyəti təkcə Universitet auditoriyası ilə məhdudlaşmırdı. Yaş etibarı ilə ondan bir o qədər də fərqlənməyən tarix fakultəsinin axşam və qiyabi şöbələrinin tələbələri və dostları Leytenant Şmid adına zavodun, Metro işçilə­rinin, Dərnəgüldəki inşaaat işçilərinin, Sumqayıtdakı Boru-Prokat Zavodunun yataqxanalarında yaşayırdılar. Əbülfəz müəllim onlarla görüşür, siyasi və vətənpərvərlik mövzularında söhbətlər edirdi. Bu görüşlərə bəzən məni də aparır və onlarla tanış edirdi.
Bəyin ən çox getdiyi yerlərdən biri də aspirantların Yasamal- dakı yataqxanası idi. Burda onun çoxlu dostları və silahdaşları yaşayırdılar. Ümumiyyətlə gənc alimlərin və aspirantların yaşa­dığı bu yataqxana 70-80-ci illərdə Azərbaycanda milli vətənpər­vərlik ideologiyasının formalaşmasında və təbliğində önəmli rolu olub. Əlbəttə, bəyin dostları və tələbələri ilə ən çox görüşdüyü yer Bakının müxtəlif çayxanaları idi ki, bu görüşlərə, siyasi mü­zakirələrə və söhbətlərə manə olmaq üçün onun tez-tez getdiyi çayxanalarda yuxarıların göstərişi ilə yanğınlar törədilir, yaxut müxtəlif bəhanələrlə bağlanırdı.
Hələ gənc yaşlarından etibarən dostları və tanışları Əbülfəz bəyə “Millət“ təxəllüsü taxmıs, onun liderlik keyfıyyətlərini, xa- rakterindəki mübarizliyi, vətənpərvərliyi, Ədalətizliyə qarşı ba- rışmazlıgını uygun olaraq onu Robespyer, Fidel Kastroy, Qaribal- di, Qaddafi və s.kimi qəhrəman səxsiyyətlərə bənzədirdilər.
Müəllimimiz Rafiq İsmayılov
Əbülfəz müəllimin fəaliyyəti haqqında danışarkən onun yaxın dostu və bizim digər sevimli müəllimimiz Rafiq bəy İsma­yılov haqqında bəhs etməmək ədalətizlik olar. Rafiq müəllim də bizə Asiya və Afrika ölkələri tarixinin ümumi kursundan müha­zirələr oxuyur, həm də Sərq tarixi üzrə ixtisas kursuna rəhbərlik edirdi. O da Əbülfəz müəllim kimi bir neçə il ərəb ölkələrində çalışdıqdan sonra vətənə dönərək tarix fakultəsində işləyirdi. O zaman çox gənc bir müəllim olan Rafiq bəy dərin biliyi, geniş dünyagörüşü ilə müəllimlərimizin çoxundan fərqlənirdi. O da qatı bir türkçü, milli vətənpərvərlik ruhuna sahib, Sovet rejiminə qarşı müxalif mövqedə duran birisi idi.
Azərbaycan dissidentlərinin mövqeyi
Heç sübhəsiz ki, 60-70-ci illərdə Əbülfəz Elçibəydən başqa da Azərbaycanda, Bakıda türkcülüyü mənimsəmis, milliyətci, vətənpərvər ruhlu, Sovet rejiminə qarşı müxalif mövqedə olan və özlərini dissident adlandıran insanlar mövcud olmuşdur. lakin onların Sovet dövrünün 60-70-ci illərində dissidentik fəaliyyəti ilə məşgul olmaları və bu fəaliyyətə görə təqib olunaraq çəzaya məruz qalmaları, həbs olunmaları haqqındakı faktlar gizlədilirdi. Sovet rejimi dağıldıqdan sonra bəzi dissidentlər haqqında mətbu­atda yazılar, məlumatlar və bu şəxslərin məruz qaldıqları təqib və təzyiqlərdən söz açan xatirələri dərc olunmağa başladı.
Maraqlı burasıdır ki, özlərini əzabkeş, dissident adlandıran Nadir Ağayev, Oqtay Eldəgiz, Məhəmməd Hatəmi və başqaları məqalə və xatirələrində onları əzablı həyata, işgəncələrə və həb­sə məhkum etmiş Sovet rejiminin, kommunist, KQB rəhbərlərini və onların respublikada hakimiyyəti ələ keçirmiş varis və təmsil­çilərini deyil, qanlı Sovet rejiminə qarşı mübarizəni öz həyatının məqsədinə çevirmiş və sonralar azadlıq hərəkatına öndərlik etmiş Əbülfəz Elçibəyi tənqid hədəfinə çevirdilər. Ona qarşı qısqanclıq və kin- kudurət nümayiş etdirirlər. Sovet dövründə bu şəxslərin dissidentlik fəaliyyətlərinin içtimaiyyətə məlum olmaması onu göstərir ki, onların rejimə qarşı mübarizəsi ardıcıl xarakter daşıma­yıb məhdud, epizodik, bir dəfəlik aksiya mahiyyətində olmuşdur.
Onlardan fərqli olaraq Elçibəyin Sovet rejiminə qarşı müba­rizəsi ardıcıl, sistemli, təskilati mahiyyət daşıyırdı və onun dissi- dentlik fəaliyyəti Azərbaycandan kənarda, digər Sovet respubli­kalarında və hətta
Moskvada da məlum idi.
1982-ci ildə mən dissertasiya işimlə əlaqədar Moskvaya Şərq­şünaslıq İnstitutunun kitabxanasına getmişdim. Kitabxananın “xüsusi fond” adlanan gizli bölümündəki materiallardan istifadə etmək üçün işlədiyim Azırbaycan İnşaat Mühəndislər İnstitutuna rektorunun imzası və osobıy otdel adlanan xüsusi şöbənin möhü­rü olan icazə məktubu almışdım. Bu məktuba o zaman Şərqşünas­lıq institutunun direktoru olan akademik Primakov şəxsən icazə dərkənarı qoymalı idi. Onun qəbulunda olarkən Azərbaycandan gəldiyimi bildi və ayaq üstü bir dialoqumuz oldu. Soruşdu ki, Ziya Bünyadovu tanıyırsanmı. Mən cavabında Ziya Bünyadovun böyük alim olduğunu və Azərbaycanda cox sevildiyini dedim. Primakov Ziya müəllimlə tələbəlikdən cox yaxın dost olduqlarını söylədi. Sonra soruşdu ki, Əbülfəz Əliyevi tanıyırsanmı? Dedim: “Bəli, Universitetdə mənim müəllimim olub”. Primakov dedi ki, bir müddət öncə o da burda idi. Antisovet fəaliyyətinə görə həbs olunub, universitetdən qovulsa da dostum Ziyanın xatirinə ona da xüsusi fonddan istifadə etməyə icazə verdim.
Mən Əbülfəz bəyin Moskvaya getdiyini bilirdim, lakin sənəd­lərim gec hazırlandığından orda görüşə bilmədik.
Sovet dövrünün məhşur dissidentlərindən Rusiyanın “xüsusi yolu” milliyətçi cərəyanına mənsub olan Leonid Borodin Elçibə­yin dissidentlik fəaliyyəti haqqında bəhs edərək yazır ki, Zviad Qamsaxurdia və Əbülfəz Elçibəy kimi Sovet dövründə liberal deyərlərə üstünlük verən dissidentlər Sovet İttifaqının dağılma­sından sonra hakimiyyətə gələrək “etnokratik rejimlərn” ideoloq­larına çevrildilər.
KQB-nin təzyiqləri
Azərbaycan Dövlət Universitetinin Tarix və Sərqsünaslıq fa- kultələrində və başqa institutlarda yüzlərlə tələbəyə dərs dəyən Elçibəyin fəaliyyəti rejim üçün təhlükə təşkil edirdi. Fakultənin rəhbərliyi, müxtəlif dost və tanısları və ən sonda da KQB Bəyə dəfələrlə xəbərdarlıq etmis, öz təhlükəli fəaliyyətindən el cəkmə- yi təklif etmisdi. Lakin, Bəyi bütün təhlükələrə rağmən yolundan döndərmək olmurdu. O, bütün təhlükələri göz önünə alaraq mü­barizəsini üc istiqamətdə aparırdı. Onlardan birincisi xalqın etnik özünüdərkinə nail olmaq üçün türkcülüyün təbliği, ikincisi Gü­ney Azərbaycanın istiqlaliyyətinə qovuşması və Bütöv Azərbay­can idealı, üçüncüsü Sovet rejiminin milli və sosial ədalətizliyinə qarşı, azad Azərbaycan uğrunda mübarizə.
1960-cı illərdə Əbülfəz Elçibəy dostları Rafiq İsmayılov, Ab­bas Musayev, Zakir Məmmədov və başqaları ilə birlikdə gizli milli təskilat qurmuşdu.1970-ci illərdə o bu təskilatın tələbələr­dən və digər gənclərdən ibarət beşlik, üclük və yeddiliklər şə­kilində formalaşdırdı. Bu qrupların birində Tarix fakultəsindən mən, Mehdi Məmmədov, Xudu Məmmədovun yaxın qohumu, tarix fakultəsində oxuyan ağdamlı Akif Məmmədov, Politexnik İnstitutunun tələbəsi, sair Vaqif Cəbrayilzadə-Bayatlı vardı. Di­gər bir qrupun üzvləri isə tələbə dostum, rəhmətlik Yadigar Ba­bayev, Filalogiya fakultəsində oxuyan gədəbəyli Zirəddin bəy, İsmayıl Musayev, Ələsgər Quliyev, Sərraf Kərimov, İlyas Məm­mədov idi. Bu dostlarımla birlikdə biz Əbülfəz müəllim həbsxa­nadan cıxıb Əlyazmalar İnstitutunda calışdığı zaman axşamlar Nərimanov muzeyində görüşərdik. Söhbəyimizin əsas mövzusu Azərbaycanın müstəqilliyi və bütöv Azərbaycan ideyasının təbli­ği, Sovet rejimini zəiflətmək idi.
Bir dəfə Əbülfəz müəllim məndən soruşdu ki, təşkilatınızın adını nə qoymusunuz? Dedim ki adı yoxdur. O, mənə təşkilatımı­zın “Bütöv Azərbaycan uğrunda mübarizə” adlandırmamızı təklif etdi. Biz məmnuniyyətlə bu adı qəbul etdik. O, bizə tövsiyə edir­di ki, hər hansı bir təşkilat, qrup, dərnək yaradarkən onu bütöv, birlışmiş, vahid Azərbaycan, Azad Azərbaycan adı ilə əlaqələn­dirin ki, birləşmiş, bütöv, azad Azərbaycan ideyası populyarlıq qazansın.Yadımdadır ki, 1987-ci ildə Əbülfəz bəyin rəhbərliyi ilə “Varlıq” cəmiyyəti yaradılarkən o bu təşkilatı öncə “Bütöv Azər­baycan uğrunda” adlandırmağı təklif etdi, lakin Varlıq adı üstün­lük qazandı.
Qrupumuzun Mehdi Məmmədovun evində olan 2-ci toplan­tısında Əbülfəz müəllim bizi Azərbaycanın istiqlaliyyət proqra­mı ilə tanış etdi. Orada milli istiqlalımıza nail olmaq üçün xalqı bölərək bir-birinə qarşı qoymaq işinə xidmət edən sosializmə xas sinfi ayrıseçkilik yerinə milli birlik ideyasının təbliği, xalq tərə­findən türk kimliyinin mənimsənilməsi, Azərbaycanın bütövlüyü ideyası əks olunmuşdu. Proqramda bizim ilk dəfə duyduğumuz Musavatın hürriyətçilik, milliyətçilik, istiqlalçılıq, xalqçılıq və cümhuriyyətçilik ideyaları geniş şəkildə şərh olunurdu. Əbülfəz müəllim dedi ki, bu bizim mübarizə proqramımızdır və öz müba­rizəmizdə bunu rəhbər tutmalıyıq.
Gizli qrupumuzun yığıncaqları əsasən Mehdi Məmmədovun Respublika stadionunun yaxınlığındakı evində keçirilirdi. Konis- pirasiya məqsədi ilə bəzən toplantı yerini dəyişdirirdik. Əbülfəz müəllim bu görüşlərdə Azərbaycanın birləşdirilməsi haqqın­da, mövcud beynəlxalq vəziyyət haqqında, Sovet imperiyasının yürütdüyü ruslaşdırma siyasəti haqqında bizə məlum olmayan müxtəlif mənbələrdən, xarici radio stansiyalardan əldə etdiyi mə­lumatlar üzrə söhbətlər aparır, politbüroda, dövlətin üst qatların­da mövcud olan intriqalar, qruplaşmalar arasındakı qarşıdurmalar haqqında, Pribaltika respublikalarında, Mockvada, Ukraynada, Orta Asıyada, Gürcüstanda ruslaşdırma siyasətinə qarşı aparı­lan mübarizə haqqında və Sovet İttifaqında genişlənən dissident hərəkatı haqqında məlumatlar verir, bizə də müəyyən mövzular üzrə hazırlaşıb fikir mübadiləsi apamamızı tapşırırdı. O dövürdə xarici radio stansiyaları Azərbaycan və rus dillərində dinləmək mümkün olmadığından Əbülfəz müəllim “Bi-Bi-Si“, “Azadlıq“, “Amerikanın səsi“ və bir cox ərəb dilli radio stansiyaları asanlıqla dinləyir və coxlu gizli məlumatlar əldə edə bilirdi.
Mubarizə fəaliyyətimiz əsasən təbliğatdan ibarət idi. Əldə etdi­yimiz antisovet materiallarını coxaldıb yayır, Sovet rejimini tənqid edən ədəbiyyatı, o cümlədən 1968-ci ildə Türkiyənin baş naziri Süleyman Dəmirəli Azərbaycana səfər zamanı müşaiyət edən iqti­sadiyyat bakanı Mehmet Turgutun Sovet rejimini ciddi tənqid edın “Taskende dogru“, Ziya Göyalpın “Türkcülüyün əsasları“, Alpars- lan Türkəsin “Doqquz isıq“, Oljas Süleymanovun “Az i ya“ və s. kitabları yayıb təbliğ edirdik. Bir dəfə Əbülfəz müəllim mənə kiçik həcmdə bir foto dəsti verdi və dedi ki, Məhəmmədəmin Rəsulza­dənin və Seyx Məhəmməd Xiyabaninin də şəkillərini tapıb bura əlavə edərək çoxaldım. Mən o fotoları da əlavə edib coxaltdırdım və bir dəst özümdə saxlayıb qalanını Elçibəyə verdim. Orda Ata­türkün, Seyx Şamilin, Sah İsmayıl Xətaının, Məhəmmədhüseyin Səhriyarın, Sultan Mehmet Fatehin, Əmir Teymurun, Babəkin, Sıxəli Qurbanovun və b. şəkilləri vardı.
Naxçıvandakı gizli qrupla tanışlıq
O zaman Naxcıvan da milli mübarizənin, türkcülüyün əsas mərkəzlərindən biri idi. 1974-cü ildə Naxcıvanda fəaliyyət göstərən gizli milliyətci qrupun rəhbəri Naxcıvan Pedagoji İnsti­tutunun məzunu Asif Kələntərli ilə onun tələbə dostu Bəylərin va­sitəs ilə tanis oldum və onların fəaliyyəti haqqında Əbülfəz bəyə məlumat verdim. Bir müddət sonra rəhmətlik Asif bəy Bakıya gəldi və Əbülfəz bəylə onu görüşdürdüm. Asif bəy təşkilatları, gördükləri işlər, apardıqları mübarizə formaları haqqında məlu­mat verdi. Bu gizli təşkilatın əsas amalı türkçülüyü təbliğ etməklə yanaşı Azərbaycanın birləşdirilməsi ideyasını təbliğ etmək, o za­man keçirilməsi qadağan olan Novruz bayramı şənliklərini qeyri rəsmi şəkildə təntənəli surətdə keçirilməsini təşkil etməklə xalqın milli ruhunun yüksəkişinə nail olmaqdan ibarət idi. Təşkilat öz gizli toplantılarını romantik milli duyğuların daha coşqun bir or­tamda yaşanacağı Araz çayı sahilində Güney Azərbaycan ərazilə­rinin aşkar göründüyü yerlərdə təşkil edirdilər.
Gələcəkdə Azərbaycan milli Azadlıq hərəkatının görkəm­li nümayəndələri olan İbrahim İbrahimov, Asəf Quliyev, Oqtay Daşoğuz, Bünyamin Qəmbərov və başqaları bu təşkilatların apa­rıcı qüvvəsini təşkil edirdilər.
Naxçıvanda Asif Kələntərlinin rəhbərlik etdiyi bu təskilatla yanaşı, 1975-ci ildə Oqtay Daşoğuzun rəhbərliyi altında “Türk- çü-Turançı“ bir gizli təşkilat da yaranmışdı. Oqtay bəy Daşoğuzla birlikdə bu təşkilatda bəy Qasımov, Gülağa bəy Abbasov, Fəxrəd­din bəy Mamedov, Fəxrəddin bəy Qasımov, Rüstəm bəy Behrudi və Ehtibar bəy Əliyev və başqaları fəaliyyət göstərirdilər. Bun­lardan başqa, Arif Rəhimovun rəhbərlik etdiyi digər bir “Azər- baycançı”gizli qrup da fəaliyyət göstərirdi. Bu qrupda İbrahim İbrahimov, Asəf Quliyev, Bünyamin Qəmbərov və başqaları bu təşkilatın aparıcı qüvvəsini təşkil edirdilər.Bu təşkilatların hamı­sının Əbülfəz bəylə bu və ya digər dərəcədə əlaqəsi var idi.
1976-cı ildə Naxçıvanda fəaliyyət göstərən Asif bəy Kələntər- linin rəhbərlik etdiyi “Milliyətçi Azərbaycançı” təşkilatla Oqtay böy Daşoğuzun rəhbərlik etdiyi “Türkçü-Turançı” təşkilat ara­sında birləşməklə bağlı “Qızlar Bulağı“deyilən yerdə toplantı keçirilmişdi. Bu toplantıda fəaliyyətlə bağlı gündəliyə üç məsələ salınmışdı:
1) Quzey Azərbaycanın müstəqilliyi uğrunda mübarizə ilə bağlı fəaliyyət;
2) Güney Azərbaycanın müstəqilliyi və Azərbaycanın Bü- töövlüyü uğrunda mübarizə ilə bağlı fəaliyyət;
3) Ümumtürk Birliyi “Turan“ uğrunda mübarizə ilə bağlı fəaliyyət.
Toplantıda “Milliyətçi -Azərbaycançı“ qrupun Ümumtürk Birliyi “Turan“ uğrunda mübarizə məsələsini qəbul etmədiyindən birlik baş tutmamış, bir-birinə kömək etmək şərti ilə ayrı -ayrı fəaliyyət göstərmələri qərara alınmışdı.
Sonradan Bakıdan gələn Əbülfəz Hüseyni (Dahi şairimiz Şəhriyarın bacısı oğlu -Red. ), Tağı bəy Qasımov, Aydın bəy Abbasov, Cabbar bəy Cəlilov və Aydın bəy Qasımovla bu təşki­latların əlaqəsi onların fəaliyyətini daha da aktivləşdirmişdi.Bu təşkilatlar sonradan daha da güclənərək Azərbacan Xalq Cəbhəsi ətrafında birləşmiş, Quzey Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə mühim rol oynamışdılar.
Mərkəzdən kənarda Naxçıvanda gənclərdən ibarət belə bir milliyətci təşkilatın mövcudluğu təsadüf deyildi. Burda hələ XIX əsrin axırı XX əsrin əvvələrində Türkiyədə təhsil alan, zadəgan mənsubiyyətinə görə rus ordusunda xidmət edərək dünyanın müxtəlif ölkələrində olmuş və hərbi xidmətdən tərxis olduqdan sonra vətəninə geri dönmüş mütərəqqi ruhlu ziyalı və hərbi mə­murların təsiri və iştirakı ilə «Müceddin» kimi bir çox milliyətçi cəmiyyət və təşkilatlar yaradılaraq fəaliyyət göstərməkdə idi. Tə­sadüfi deyildi ki, XX əsrin əvvələrində Türkiyəyə olan bağlılığa, türk sevgisinə və türkçülük ideyalarının geniş vüsət aldiğına görə, Hüseyin Cavid kimi böyük bir türkçü şairi Türk dünyasına bəxş etmiş olan, Naxçıvan «Bala İstanbul» adlandrılırdı.
Naxçıvanda Sovet dövründə vətənpərvər, türkçülük ruhuna yiyələnmiş ziyalı nəslının yetişməsində Mirbağır Mirheydərza- də, Rza Təhmasib, Abbas Zamanov, Əli Səbri, Möhbalı Qasımov, Əli Sultanlı, Əziz Şərif kimi qocaman ziyalılarn böyük rolu ol­muşdur. Bu işdə xüsusən də Naxçıvan Pedaqoji İnstitutuna uzun illər ərzində rəhbərlik etmiş qocaman ziyalı-tarixçi, elm-maarif xadimi öz mübarizliyi ilə fərqlənən el ağsaqqalı Əli Əliyevin misilsiz rolu olmuşdur. Naxçıvan Pedaqoji İnstitutunu türkçülük vətənpərvərlik ruhlu milli ziyalılarn yetişdiyi təhsil ocağına çe­virən Əli müəllimin işini Naxçıvan Dövlət Universitetində gənc ziyalı alimlər onun ədəbiyyat fakultəsininin dekanı olmuş oğlu Arif Əliyev, Aydın Qasımov, Arif Rəhimov və başqaları 80-ci il­lərdə ləyaqətlə davam etdirərək bu Universiteti milli vətənpərvər­lik və türkçülük ideologiyasının təbliğat mərkəzinə çevirmişdilər.
Ardı var…
Facebook Comments