Mücahid bir imza: Çingiz Göygöl

Ceyhun Nəbi
XX əsrdə Azərbaycan milli mücadilə tarixi o qədər rəngarəng olub ki, uğur və uğursuzluqlarla müşayət olunan bu tarix bir çox dönməz istiqlal mübarizlərinin simasında Azərbaycan xalqının düşüncəsinə özünə yer tapib. Hər zaman düşmən qüvvələrin marağında məmləkətimiz olan Azərbaycanı əsarətdə saxlamaq, onun üzərində hökmranlığı həyata keçirmək əsas məqsəd olub. Millətimizin milli düşüncəsini məhv etməklə, dilimizi korlamaqla, təhsilimizi əlimizdən alıb, bizi kölələşdirərək özlərinin imperialist maraqlarını təmin edən həmin qüvvələr milli mövcudluğumuzu təhlükə altına qoyurdular.

Azərbaycanda milli oyanış, müasir milli dövlətçilik ənənələrinin əsasının qoyulması, Bir millət olaraq özünüdərk ümumtürk milli oyanışının tərkib hissəsidir. Hansı ki, bu oyanış təhsildən başladı. Yeni-üsul ( Üsuli-Cədit ) məktəblərinin yaradılması, Cəhalətin hökmranlığı altında inləyən Türk-İslam dünyası parlayan bir ziyanın yandığı istiqamətə yönəldi. Bəli bu istiqamət Kırım idi, parlayan ziyamız isə İsmayıl Qaspıralı Hoca. Cəhalətin bütləri dağılmağa başlayırdı, mollalar müəllimlik etməyə, məscidlər isə məktəblərə çevrilirdi.

Azərbaycanda mütərəqqi ziyalılar başda Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov kimi şəxsiyyətlər Qafqazdakı müsəlmanların xilası üçün mayak rolunu oynayırdılar. Başlayan həmin yol Azərbaycanı dünyəvi dəyərlər üzərində qurulmuş Cümhuriyyətə doğru aparırdı. 1918-ci ilin may ayının 28-də Azərbaycan öz istiqlalını əldə etdi, dünyəvi dəyərlərlə öz Cumhuriyyətini qurdu. Bu böyük mücadilənin nəticəsi idi. Bəziləri üçün bu sadəcə təbii reallıq kimi qəbul oluna bilər, inqlab oldu, Çar devrildi və bunun nəticəsində Azərbaycan dövləti quruldu. Bunu heç kəs inkar edə bilməz, bu həqiqətən olub amma əsl reallıqlarıda unutmaq olmaz. Çar yıxıldıqdan sonra burada Sovet dövlətidə qurula bilərdi, din xadimləri tərəfindən dini dövlətdə qurula bilərdi, amma bu belə olmadı. Dünyəvi dəyərlərə söykənən respublika quruldu. Bu respublikanı quranların fikir və düşüncələri çox dərin köklərə sahib idi. Onlar müasir dünyanın mahiyyətini dərk edə bilir, sağlam gələcəyə baxış konsepsiyaları olan siyasi fenomenlər idi. Bu qurulan Cumhuriyyət o qədər mükəmməl idi ki, orada hər kəs haqqını əldə edirdi. Hətta 5-3 kənddən ibarət olan etniklər belə parlamentdə təmsil olunmaq haqqına sahib olmuşdular. Azərbaycana, müsəlmanlara zərbələr vurmuş Ermənilər hökmətdə təmsil olunur, çoxluğu müsəlmanların təşkil etdiyi bir toplumun idarəçilyini təşkil edirdilər.

Qürurumuz olan Cümhuriyyətimiz çox yaşaya bilmədi, tezliklə Bolşeviklər onu devirdi. Özünün qaniçən, qanlı rejimini qurdu. 100 ildən artıq sürən əsarətin son verib, sevinc şərbətini içdiyimiz bir zamanda soyuq şimalın daha kəskin, dahada iti yeni bir qılıncı başımızın üzərini aldı. Bəli bu BOLŞEVİZM idi. Həyatımızı qanlara boyadılar. İstiqlalımızın keşikçiləri yenidən işğalla barışa bilmədilər və vətənimiz Azərbaycanı üsyançı etirazları bürüdü. Qarabağ, Gəncə, Zaqatala və s yerlərdən işğala yox sədaları gəlirdi.

Gəncə Üsyanı üsyanların içində o qədər qanlı və şiddətli oldu ki, orada təslimiyyət bayrağı qalxmamışdı, şəhərin əhalisi son damla qanına qədər döyüşmüşdü və Azərbaycan Cumhuriyyəti gözlərini bu şəhərdə yumdu, hansı ki, onun qürurlu 3 rəngli bayrağıda bu şəhərdə ilk dəfə millətimizə həqiqi istiqlalı dadızdırmışdı.

Gəncədə üsyanın qələbə ümidlərinin tükənməsi çox mucahidlərin, vətənpərvərlərin, istiqlal dirənişçilərinin oranı tərk edib, siyasi mühacirətə getməsi ilə nəticələndi. Bir çoxları getdi, bir çoxları təslim oldu, bir çoxlarıda qaçaqlığa keçdi. Üsyan və üsyandan sonrakı dəhşətli hadisələri təsəvvür etmək çox çətindir. Üsyan bitdi amma Gəncədə asıb kəsənlər qurtarmadı. Yenədə həmin ki, qaydada öz cəlladlıqlarını davam etdirirdilər.

Bu kiçik verdiyim başlıq barışmaz bir mücahid olan Çingiz Göygölün ( Çingiz Muxtar oğlu Hacızadə ) həyatı ilə sıx bağlı məqamlardır. Çingiz Göygöl kimdir ? Çingiz Göygöl adını Azərbaycan istiqlalı ideyasını zehniyyətində daşıyan hər bir vətənpərvər tanımalıdır. Azərbaycan Milliyyətçilər Dərnəyinə başqanlıq etmiş, “Türk izi”, “Mücahid” kimi dərgilərin sahibi olmuş, onun çıxarılmasını təşkil etmiş, Azərbaycan Siyasi Mühacirətinin Türkiyədə gənc simalarının bir ideya, bir təşkilat ətrafında birləşməsinin əsas təşkilatıçılarından biri, dönməz istiqlalçı, düşüncəsi sağlam, böyük vətənpərvər, mücahid qələm sahibi olan bir şəxsiyyətdir.

Çingiz Göygöl Cümhuriyyətin 100 tələbəsindən biri, Azərbaycan Cumhuriyyəti baş naziri olmuş Nəsib bəy Yusifbəylinin qızı Zöhrə Göygölün həyat yoldaşı Mirzə Göygölün qardaşıdır. Çingiz Göygöl 1909-cu ildə Gəncə şəhərində doğulmuşdu. Atası Muxtar, anası Yaqut xanım olub.

Mirzə Göygöldə ( Hacızadə ) Azərbaycan siyasi mühacirətinin öndə gələn əsas simalarından biri idi. Azərbaycan Cümhuriyyəti tərəfindən oxumağa göndərilmiş, 100 tələbədən biri olan və Berlində oxumuş Mirzə bəy Türkiyənin ən tanınmış Kənd Təsərüfatı üzrə mütəxəsislərindən biri hesab olunurdu. Bununla bağlı bir çox kitabında müəllifidir. Çingiz Göygöl Türkiyə gələrkən böyük qardaşı olan Mirzə Göygöldən böyük dəstək görmüşdü. Mirzə bəyin Zöhrə xanım ilə evliliyindən 4 övladı olmuşdu. Səlçuq, Oğuz, Şölə və Dəmir.

Çingiz Göygöl elə bir dövrdə doğulmuşdu ki, həmin dövrdə Azərbaycan Erməni qırğınlarından əziyyət çəkmiş, vandalist zehniyyətli Ermənilərə qarşı mübarizələr təşkil etmiş mücahidlərin, Difai fədailərinin təqib və sürgünlərə məruz qaldığı dövr idi. Axund Molla Məhəmməd Pişnamazzadə, Həmid bəy Yusifbəyli, Mirzə Məhəmməd Axundzadə kimi qorxmaz, cəsur və milli müsəlmanların keşiyində dayanmaqdan qürur duyan şəxslərin sürgünlərə göndərildiyi vaxtlar idi. Çox təbii bir məqamdır ki, Çingiz Göygöl uşaq olduğundan olan bütün bu hadisələrdən xəbərdar ola bilməzdi. Amma O, elə bir mühitdə doğulmuşdu ki, həmin dövrdə onun doğulduğu bu şəhər milli mücadilənin sarsılmaz qalası idi. Rus Çarlıq İrticasının, onlara əl altılıq edən Ermənilər bütün yerlərdə məqsədlərinə vara bilsələrdə sarsılmaz milli qalamız olan Gəncədə bir dirənişlə, təpki ilə üzləşmişlər. Gəncənin milli zehniyyətli ziyalıları, din xadimləri, öndə gələn ağsaqqalları zülümkarlara qarşı vəhdət çırağı yandıra bilmişdilər.

Çingiz Göygöl doğulduğu zaman milli düşüncəmizin kök saldığı dövr idi. O Rus çarlığı zamanını, Azərbaycan Cümhuriyyətini, Sovet Bolşevizmini görmüş bir insandır. Bütün bunlardan sonra o siyasi mühacirətə getdi, böyük bir mücadilə səhvəsi yaratdı. Türkiyədə özünə geniş çevrə quraraq Azərbaycan istiqlal davasına qüvvət verərək milli amallarımızın reallaşması üçün əlindən gələni etdi. Niyazi Yusifbəyli ( Kürdəmir ), Səffət Zərdabi ( Həsən bəy Zərdabinin oğlu ) , Fətəli Xan Xoyiskinin qardaşı oğlu İsgəndər xan Xoyiski, Hidayət Turanlı, Mehmət Altunbay ( Hürriyyətə uçan ilk türk, Gəncəli Qaçaq İbrahimin oğlu ), İstiqlal şairimiz Həmid Dönməz, Əhməd Ulusoy, Əziz Alpout kimi həqiqi mücahidlərlə birlikdə 1952-ci il fevralın 8-də Azərbaycan Milliyyətçilər Dərnəyini qurdular. Bunların hər birinin gəncliyi cəhənnəmlərdə çeynənmiş, dəhşətli bir faciə, insanlığın qanını donduran bir dramdır. Kimiləri üçün məlum olan, kimiləri üçünsə məlum olmayan. Onları birlikdə var edən zülmkarların zülmünə qarşı mübarizə, Bolşevizmə, bu iyrənc zehniyyətə qarşı nifrət, Azərbaycanın istiqlalı, böyük Türk millətinin hürriyyətçilik sevdası idi. Xalqların həbsxanası Sovetlərin varlığı onların narahat edən əsas məqam idi.

Çingiz Göygöl Azərbaycan Cümhuriyyətinin mühacirətə getmiş siyasi rəhbərləri ilə əlaqələr qurmuş, həmin liderlərin milli mücadilə ilə bağlı tövsiyyələrindən yararlana bilmişdi. Həmin liderlərin arasında başda Azərbaycan Cümhuriyyəti Ədliyyə Bakanı Xəlil bəy Xasməmmədli, Azərbaycan Cümhuriyyəti Əmniyyət Bakanı Nağı bəy Şeyxzamanlı, Azərbaycan Cümhuriyyəti Parlamanı əzalarından Şəfi bəy Rüstəmbəyli, Məmmədsadıq Aran kimi şəxsiyyətlər önəmli rol oynamışdı.

Çingiz Göygöl çıxardığı dərgiləri, yazdığı məqalələr, kitabları və tutduğu mövqeyi ilə əsl anlamda əsl mücahid idi. Bu araşdırmamda “ Mücahid bir imza” başlığı onun xarakteri, dərin düşüncələri, dönməz mövqeyi və qızıl qədər dəyərli olan qələmi ilə bağlı bir məqamdır. Gəncə ictimai-siyasi mühitindən bir çox dəyərli qələm sahibləri çıxmışdı. Əhməd Cəfəroğlu, Səlim Rəfiq Rəfioğlu kimi bir çox qələm sahibləri bu zəngin elmi, idealoji bazaya sahib məkanın yetirmələri idi.

Azərbaycan milli aristokratiyasının əsas qalası sayılan Gəncənin bu tipli dühaları yetirməsinin tək səbəbi Gəncədə sağlam milli düşüncəyə sahib ictimai, siyasi və elmi mərkəzlərin mövcud olması idi. Hansı ki, Gəncədə bu işlərin önündə Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə, Ələkbər bəy Rəfibəyli, Hacı Məhəmmədhüseyin Rəfiyev kimi sağlam mövqeyli, məqsəd və məramı eyni olan hörmət sahibləri gəlirdi. Pişnamazzadə Həzrətlərinin rəhbərliyi altında mövcud olmuş “Məktəbül-Xeyriyyə” dərsxanası, “Mədrəseyyi-Ruhaniyyə” kimi milli düşüncəyə yer vermiş məktəblər, Difai, Qeyrət kimi partiya və ictimai təşkilatların, Müsəlman Xeyriyyə Cəmiyyətlərinin formalaşdırdığı mühitdən millətə xidmət üçün bu möhtəşəm simalar çıxa bilərdi.