MSK “Hərəkət” Seçki Blokunun namizədinə xəbərdarlıq edib

Ülvi Həsənli ona qərarın verimədiyini deyir

Mərkəzi Seçki Komissiyası (MSK) 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Ülvi Həsənov və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edib.

Sozcu.az xəbər verir ki, Bu barədə MSK-nin 31 yanvar iclasında bildirilib.

Məlumata görə, Yeni Azərbaycan Partiyasının 9 saylı Binəqədi Seçki Dairəsindən namizədliyini irəli sürdüyü Kəmaləddin Qafarovun səlahiyyətli nümayəndəsi MSK-ya adları çəkilən şəxslər haqqında müraciət edib.

“Ülvi Həsənov və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynov əvvəlcədən hazırlanmış adamlar vasitəsilə Kəmaləddin Qafarovun seçicilərlə görüşünə mane olmaq istəyiblər. Onlar əvvəlcədən hazırlanmış insanlar vasitəsilə Kəmaləddin Qafarova qarşı kampaniya aparıblar. MSK-da müraciət araşdırılaraq, qeyd olunanların həqiqətə uyğun olması qənaətinə gəlinib. Müzakirələrdən sonra MSK Ülvi Həsənli və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edib”.

“Hərəkət” Seçki Blokunun namizədi Ülvi Həsənli Meydan TV-yə yanvarın 30-da DSK-nin ona xəbərdarlıq etməsi barədə məlumat aldığını, ancaq komissiyadan qərarı ala bilmədiyini deyib:

“Mən dünən DSK-da oldum, Kamaləddin Qafarovun şikayəti əsasında xəbərdarlıq qərarını istədim və səbəbini öyrənməyə çalışdım. Komissiya üzvləri bir qədər düşünəndən sonra nə şikayət, nə də qərar olduğunu dedilər. Bu gün isə məlum olub ki, MSK xəbərdarlıq qərarı qəbul edib. Guya Qafarovun görüşünə təxribat hazırlayıb öyrədilmiş adamlar göndərmişik, bunlar yalandır. Yaxşı olardı, hüquq-mühafizə orqanları məsələni araşdırsınlar ki, bizim həmin insanlarla hansısa təmasımız olubmu? Sadəcə, Qafarov təşvişdədir və bunun səbəbi mənim onun haqqında 10 gün əvvəl DSK və MSK-ya şikayət etməyimdir. Səbəb mediada və sosial şəbəkələrdə Qafarovun adına şirkətin, restoranın olmasıdır və o, bu məlumatlara reaksiya vermir, yəni təkzib də etmir, yaxud təsdiqləmir də. DSK bununla bağlı şikayətə baxmadı və onun gəlir deklorasiyası haqda susdu. Halbuki, şirkətlərin Qafarovun yaşadığı mənzilə bağlılığı haqda sənəd də yayılıb. Mehman Hüseynov da Qafarovun şəxsi biznesi barədə video hazırladı və həmin videoda mən münasibətimi ifadə etdim, DSK və MSK-ya şikayətlər göndərdiyimi qeyd etdim. Belə məntiq yaranır ki, DSK və MSK Qafarovun qanunsuzluqlarının gizlədilməsinə dəstək olur. Çünki araşdırma aparılmır”.

Ülvi Həsənlinin sözlərinə görə, Kamaləddin Qafarovun görüşlərinə yerli sakinləri buraxmırlar və onlar bu barədə faktlarla məlumat yayıblar. Həmin görüşlərə şikayətçiləri buraxmırlar və dairədə qeydiyyatda olmayanları gətirirlər:

“Həmin görüşdə baş verənlər mediada və sosial şəbəkədə yayımlandı. Görünür, Kamaləddin Qafarov bundan təşvişə düşüb və MSK-ya şikayət göndərib. Ancaq bizə xəbərdarlıq olunacağı barədə məlumat verilməyib və iclasa dəvət olunmamışıq. Qanuna görə bizi şikayətlə bağlı dinləməli idilər. Bəlkə vəziyyəti əsaslandıracaqdıq. Paradoks yaradan amil odur ki, DSK xəbərdarlıq olmadığı deyir və səhəri gün MSK qərar verir. Mən indi qərarı götürməyə çalışıram ki, şikayət verim”.

Ülvi Həsənlinin nümayəndəsi Mehman Hüseynov özü də seçkilərə qatılıb, o, 31 saylı Suraxanı II Seçki dairəsindən deputatlığa namizəddir.

Facebook Comments