Möhsün Fruzan İnzibati Komitənin iclasına qatılıb, Onun şikayətinə klub sahibi belə münasibət bildirib…

Aprelin 12-də Rəştdə keçirilən Təbrizin “Traxtur” futbol komandasının görüşündə qapıçı Möhsün Fruzan şübhəli hərəkətləri ilə diqqət mərkəzinə gəlib, bütün “Traxtur” tərəfdarları və bir çox ekspertin müşahidəsinə görə o açıq-aşkar xəyanət edib və bunun nəticəsində Azərbaycan komandası böyük hesabla “Sepid rud”a məğlub olub.

Futbolçunun xəyanəti ilə bağlı “Traxtur” tərəfdarlarından əlavə Təbriz klubunun rəsmi şəxsləri, o cümlədən klubun sahibi Məhəmmədrza Zenuzi də ciddi iddialar irəli sürüb.

Ötən günlərdə “Mehr” xəbər agentliyi də qapıçının adını çəkmədən bu barədə önəmli bir yazı dərc etmişdir.

Yazıda qeyd olunub ki, “Futbol Federasiyasının Əxlaq Komitəsi super liqa və birinci dəstə oyunlarını araşdıraraq bir futbolçunun bir neçə görüşün nəticəsi ilə bağlı gizlicə mərcə girdiyini üzə çıxarıb, mərcləşmənin nəticəsində milyardlar tümən məbləğində pul qazanılıb.”

Artıq sözügedən problemlə bağlı “Traxtur” Klubunun İnzibati Komitəsi iclas təşkil edib. Qapıçının buraxdığı 3 şübhəli qolla bağlı araşdırma aparıldıqdan sonra keçirilən iclasa klub məsulları cənab Karəndiş, Azərniya və Nəsiri də qatılıb. İclasda Möhsün Fruzan və onun vəkili də iştirak edib.

Məlumata görə, klub məsulları Möhsün Fruzana nədə günahlandırıldığını açıqlayıb. Futbolçu isə mövzu ilə bağlı öz fiklirlərini bildirib. İnzibati Komitənin bu barədə yaxın gələcəkdə qərar verəcəyə gözlənilir.

Bu arada Möhsün Fruzanın “Traxtur” klubunun sahibi Məhəmmədrza Zenuzi və bir xəbər agentliyinindən şikayət etdiyi barədə xəbər yayılıb. Məlumata görə, futbolçu iki millət vəkilindən də şikayət etməyə hazırlaşır.

“Traxtur”-“Sepid rud” oyunundan sonra qapıçını mövsümün sonunadək komandadan uzaqlaşdıran klub sahibi futbolçunun verdiyi şikayətə münasibət bildirib. Bununla bağlı Məhəmmədrza Zenuzi Möhsün Fruzana bir neçə sual ünvanlayıb: “Cənab Fruzan bildirsin ki, “Xune be xune” ilə “Sepid rud”un görüşündə necə qol yedi? “Pars cənubi cəm” ilə “Sepid rud” qarşılaşmasında hansı şəraitdə qol yedi? “Traxtur”la “Sepid rud”un oyununda 85-ci dəqiqədə qol vurduğumuzdan sonra 90-cı dəqiqədə hansı şəraitdə qol yedi? Necə olur ki, onun səhvləri hər zaman “Sepid rud”un qarşısında baş verir?!”- deyə o bəyan edib.