Mitinq təxirə salındı – Gənclər aclıq aksiyasına başlayır

Növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq fevralın 29-ya təyin edilən aksiya təxirə salınıb.

Sozcu.az xəbər verir ki, Bu barədə Yenisabah.az-a Müsavat başqanının müavini Fərəc Kərimli məlumat verib. “Fevralın 29-da mitinq keçirmək üçün 9 məkan göstərməyimizə baxmayaraq Bakı şəhər İcra Hakimiyyəti növbəti dəfə qanunları pozaraq mitinq keçirilməsinə əslində qadağa qoydu və bizə Lökbatanı göstərdi. Hamı bilir ki, Lökbatanda mitinq keçirmək Bakıda mitinqlərin keçirilməsinə qoyulan qadağa ilə barışmaq olardı.

Biz seçki saxtakarlığına qarşı dinc mübarizənin davamlılığını təmin etmək üçün bütün vasitələrdən istifadə etməliyik. İndi məhkəmələrdə verdiyimiz şikayətlərlə bağlı hüquqi mübarizə gedir. Yüzdən artıq namizəd saxta seçkilərin ləğv olunması tələbinə imza atıb.

Mitinq komitəsində aparılan müzakirələri və hakimiyyətin məsələni zorakı müstəviyə keçirmək istəyini nəzərə alaraq, biz seçki saxtakarlığına qarşı mübarizədə başqa metod və üsullardan istifadə etməliyik. Biz cəmiyyətin növbəti dəfə rejim tərəfindən əzilməsinə, ölkədə xof yaradılmasına imkan verməməliyik”, – deyə Müsavat yetkilisi bildirib.

Fərəc Kərimli əlavə edib ki, hüquqi mübarizə ilə paralel olaraq gənclər seçkilərin nəticələrinə etiraz olaraq aclıq aksiyasına başlayır.

Fevralın 29-na təyin olunan aksiyanın təşkilatçıları Respublikaçı Alternativ və Müsavat partiyaları, D18 Hərəkatı və müstəqil namizədlər idi.

Facebook Comments