Mitinq keçirmək üçün BŞİH-ə müraciət edildi

Qarabağ Azadlıq Təşkilatı (QAT) mayın 18-də növbəti Qarabağ mitinqinin keçirilməsi üçün Bakı şəhər İcra hakimiyyətinə müraciət edib.

Müraciətdə göstərilir:

Biz, Qarabağ Azadlıq Təşkilatı olaraq, aşağıda imza edənlərin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dağlıq Qarabağ və digər ərazilərimizin hələ də Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlığı işinə ictimai dəstəyi nümayiş etdirmək məqsədilə Qarabağ mitinqi keçirmək haqda qərar qəbul etmişik. Hesab edirik ki, işğalçı Ermənistanın sülhə məcbur edilməsi, yağı düşmənin torpaqlarımızdan qovulması üçün iki istiqamətdə zərbə endirilməli, təzyiq və təsir imkanlarını genişləndirməliyik. Həm Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirməlidir, həm də işğalçı Ermənistana, beynəlxalq təşkilatlara qarşı ictimai təzyiq, o cümlədən, mitinq və digər kütləvi etiraz aksiyaları kimi formalardan istifadə olunmalıdır. Bu məqsədlə növbəti Qarabağ mitinqini mayın 18-nə, Laçının işğal gününə təyin etməyimiz təsadüfi deyil. Məhz işğal tarixlərində Azərbaycan xalqının iradəsinin, etirazının dünya qarşısında nümayiş etdirilməsinə, düşmənin işğalçı, terrorçu siyasətinin ifşa etdirilməsinə, Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırım, etnik təmizləmə siyasətinin konkret faktlarla göstərilməsinə, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində həyata keçirdiyi qarət, talan, qanunsuz məskunlaşdırma və digər cinayətlərin beynəlxalq birliyin diqqətinə bir daha çatdırılmasına ciddi ehtiyac vardır. Qarabağ mitinqinin 2019-cu il mayın 18-də, saat 1500 dan 1700 dək 10 min nəfərin iştirakı ilə Yasamal rayonu ərazisində “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulur. Mitinqdə “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm! Başqa yol yox artıq!”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!”, “Ermənistana zərbə, Azərbaycana qələbə!”, “İşğalçı Ermənistana sanksiyalar tələb edirik!” şüarları səsləndiriləcək, eyni məzmunda plakatlar qaldırılacaq, çıxışlar ediləcək, qətnamə qəbul olunacaq.

Xahiş edirik ki, Qarabağ mitinqinin keçirilməsi üçün qanunvericiliyə uyğun olaraq şəraitin yaradılması və təhlükəsizliyin təmin olunması üçün tapşırıqlarınızı verəsiniz.