Milli Şura Azərbaycanla Avropa İttifaqı arasında sazişlə bağlı mövqeyini açıqladı

”Azərbaycanın Avropa məkanına gerçək inteqrasiyasına deyil, Əliyev rejiminin hakimiyyət maraqlarına xidmət edəcək”

Demokratik Qüvvələrin Milli Şurası Azərbaycanla Avropa İttifaqı arasında imzalanmasına hazırlıq görülən sazişlə bağlı mövqe sənədi yayıb.

Demokratik Qüvvələrin Milli Şurası bəyan edir ki, Avropa hüquqi, siyasi, iqtisadi və mədəni məkanına inteqrasiya, Azərbaycanın Avropa xalqları ailəsinin tam və bərabərhüquqlu üzvünə çevrilməsi xalqın və dövlətin ali maraqlarına və məqsədlərinə cavab verən ən düzgün strateji seçimdir və bu seçimin alternativi yoxdur.

“Azərbaycanın azad, xoşbəxt və firavan gələcəyini məhz Avropa Ittıfaqı ilə yaxınlaşmaqda və əməkdaşlıqda, Avropa geosiyasi məkanına tam və dərin inteqrasiyada, Avropa xalqları ailəsinin bərabərhüquqlu üzvü olmaqda görürük”, – sənəddə qeyd edilir.

Milli Şura təəssüflə bildirir ki, hazırda ölkənin adı dünya miqyasında korrupsiya və rüşvət qalmaqalları, ofşor ifşaları, inhisarçılıq, qeyri-məhdud hakimiyyət, seçki saxtakarlığı, qeyri-şəffaf idarəetmə, sorğu-sualsız qətllər, işgəncələr, siyasi təqiblər və siyasi məhbuslar kimi ən neqativ anlayışlarla assosiasiya olunur.

Milli Şura hesab edir ki, Azərbaycan Avropa Şurasına üzv olduğu 2001-ci illə müqayisədə demokratiya, insan hüquqları və fundamental azadlıqların qorunması, qanunun aliliyi və səmərəli idarəetmə sahəsində ciddi şəkildə geriləyib. Sənəddə siyasi məhbus “konveyeri”, işgəncələr, azad seçki, media və sərbəst toplaşmaq azadlığı, vətəndaş cəmiyyətinə qarşı təqib və təzyiqlər, əhalinin sosial vəziyyətinin pisləşməsi ilə bağlı faktlara mütraciət edilir.

“Biz, Milli Şura olaraq ən tez zamanda Avropa İttifaqı ilə dərin iqtisadi inteqrasiyanı və azad ticarət sazişini də ehtiva edən assosiasiya sazişinin imzalanmasını arzulayırıq”, -mövqe sənədində qeyd edilir.

Milli Şura Avropa İttifaqı ilə imzalanması gözlənilən strateji tərəfdaşlıq sazişinin hansı şəraitdə və hansı şərtlər daxilində imzalanacağını prinsipial məsələ sayır.

“Bu saziş ölkəmizdə yuxarıda təsvir etdiyimiz yarımdiktatura mühitinin – siyasi zəmində təqib, təzyiq və diskriminasiyanın vüsət aldığı bir şəraitdə imzalanacaqsa birmənalı olaraq Azərbaycan xalqının və dövlətinin ali maraqlarına, Azərbaycanın Avropa məkanına gerçək inteqrasiyasına deyil, Əliyev rejiminin hakimiyyət maraqlarına xidmət edəcək. Avropa İttifaqı ən aşağı insan hüquqları və demokratiya standartlarına belə cavab verməyən, yüzə yaxın siyasi məhbusun olduğu, işgəncə praktikasının yayıldığı, insanların sorğu-sualsız öldürüldüyü, media və sərbəst toplaşmaq azadlığının faktiki lәğv edildiyi, heç bir azad və rəqabətli seçki institutu elementinin olmadığı bir ölkə ilə bu şərtlərin və şəraitin qalacağı təqdirdə tərəfdaşlıq münasibətlərini dərinləşdirməklə ölkəmizdə artıq diktaturaya keçid mərhələsinə qədəm qoymuş sərt avtoritarizmin mövqelərini möhkəmləndirmiş olacaq. Bu isə Avropa və ümumbəşəri dəyərlərə sayğısızlıq olmaqla yanaşı, Azrbaycan cəmiyyətində Avropa İttifaqının imicinə və nüfuzuna böyük zərbə vuracaq. Etibarı “kürü diplomatiyası” ilə sarsılmış Avropa Şurasından sonra bu gün xalqımızın, xüsusilə, Avropa Parlamentinin qətiyyətli və prinsipial mövqeyi sayəsində böyük rəğbət vә ümid bəslədiyi Avropa İttifaqının bu inam və rəğbəti itirməyəcəyinə inanırıq”.

Milli Şura bəyan edir ki, Avropa İttifaqı ilə bağlanacaq istənilən sazişdə Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilər daxil olmaqla, ərazi bütövlüyünün və suveren hüquqlarının tanınması (Gürcüstan, Ukrayna və Moldovaya münasibətdə olduğu kimi) bizim üçün heç vaxt müzakirə və kompromis predmeti olmayacaq ilkin şərtdir.

“Milli Şura olaraq Avropa Parlamentinin Azərbaycan və Aİ münasibətlərinə dair 4 iyul 2018-ci il tarixli qətnaməsinə tam dəstəyimizi ifadə edir və strateji tərəfdaşlıq sazişinin yalnız həmin qətnamədə müəyyən edilən şərtlər çərçivəsində imzalanmasını tərəflər üçün faydalı və məqbul hesab edirik. Bildiririk ki, Avropa İttifaqı Azərbaycan hökumətini həmin qətnamədə qoyulan tələblərin icrasına təşviq etməlidir”, mövqe sənədində qeyd edilir.

Milli Şura hesab edir ki, ən qısa zamanda:

– Bütün siyasi məhbuslar azad edilməli və siyasi məhbus praktikasına son qoyulmalıdır;

– Media və sərbəst toplaşma azadlığının təmin olunması istiqamətində ciddi əməli addımlar atılmalıdır;

– Avropa Şurasının Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (Varşava) tövsiyələri və iradları nəzər alınmaqla, seçki qanunvericiliyinin təkmilləşdirilməsi də daxil, köklü seçki islahatlarına başlanmalıdır;

– Vətəndaş cəmiyyətinin, müstəqil QHT-lәrin fəaliyyəti üçün əlverişli mühit bərpa olunmalıdır;

– Siyasi partiyalara və fəallara qarşı təqib-təzyiqlərə son qoyulmalı, siyasi zəmində hər cür diskriminasiya və ayrı-seçkilik aradan qaldırılmalı, siyasi fəaliyyət müstəvisi bərpa olunmalıdır;

– Korrupsiya və inhisarçılıqla mübarizə istiqamətində imitasiyaya son qoyulmalı, gerçək və ciddi tədbirlər həyata keçirilməli, ölkənin Dünya Ticarət Təşkilatına üzvlüyü yolunda yaradılan süni maneələr aradan qaldırılmalıdır.

– Məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, onun icra hakimiyyətinin siyasi sifarişlərinin icraçısı statusundan çıxıb gerçək ədalət mühakiməsi mexanizminə çevrilməsi istiqamətində indi edildiyi kimi imitasiya xarakterli deyil, gerçək məhkəmə-hüquqi islahatları həyata keçirilməlidir.

– Şəffaflığın təmini və Azərbaycan xalqının qanuni maraqları və mənafeləri nəzərə alınaraq, sazişin mətni imzalanmadan öncə Azərbaycan ictimaiyyətinə açıqlanmalıdır.(Meydan tv)

Sozcu.az