Milli fəal Əlirza Fərşiyə məzuniyyət hüququndan istifadəyə icazə verilmir

Güney Azərbaycanda ana dili hərəkatının fəallarından biri və bu fəaliyyətinə görə, işdən çıxarılmış universitet müəllimi, Böyük Tehran (Fəşafuyə) həbsxanasında saxlanılan siyasi məhbus Əlirza Fərşi məzuniyyət hüququndan istifadə edə bilmir.

Bu barədə o, ailə üzvləri ilə telefon danışığı zamanı məlumat verib. Onun sözlərinə görə, bir neçə həftədir ki, məzuniyyət hüququndan istifadə etmək üçün etdiyi müraciətinə cavab verilməyib.

Siyasi məhbus aprelin 17-də yaxınları ilə telefon danışığında bildirib ki, aprelin 5-də həbsxana nəzarətçi hakimi tərəfindən aldığı bildirişdə, onun 10 mart 2020-ci il tarixində girov qarşılığında məzuniyyətə buraxılması barədə qərar verilib. Ancaq o bu qərarın ona bir neçə həftə gecikmə ilə bildirilməsinə baxmayaraq yenə də məzuniyyətə buraxılmasına imkan verilmədiyini deyib.

Son iki həftə ərzində Əlirza Fərşinin vəkili və yaxınları onun məzuniyyətə buraxılmamasına etiraz edib, tələb olunan 500 milyon tümənlik girovun qoyulması ilə razılaşıblar.
Ancaq həbsxana məsulları təhlükəsizlik qurumlarının Ə.Fərşiyə məzuniyyət verilməsinə razı olmadıqlarını bildirib və onu məzuniyyətə buraxmaqdan imtina ediblər.

Bundan öncə Əlirza Fərşi İran məhkəmə sisteminin başçısı İbrahim Rəisiyə yazdığı açıq məktubda özünə qarşı olan basqılardan və həbsxana müstəntiqlərindən birinin onu hüquqlarından məhrum edəcəyi ilə bağlı təhdidlərindən bəhs etmişdi.

Xatırladaq ki, hal-hazırda Tehran həbsxanasında iki illik həbs cəzasını çəkən Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.

Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “İranın milli təhlükəsizliyini pozmağa qəsd məqsədilə qruplaşmada iştirak etmək” ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətinə iki illik sürgün cəzasına məhkum edilmişdi.

Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

31 mart 2021-ci il tarixində o yenidən mühakimə olunaraq İslam Cəza Qanununun 610-cu maddəsinə istinadən “ölkə təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 3 il 6 ay, eyni qanunun 500-cü maddəsinə istinadən “sistemə qarşı təbliğat” ittihamı ilə 8 ay həbs cəzasına məhkum olunub.

Bununla yanaşı məhkəmə “keçmişdə cinayət törətdiyinə” görə onu 2 il müddətinə ictimai fəaliyyətlərdən, partiya və qruplara üzv olmaqdan məhrum edib.

Onun haqqında 2 ay hər gün 4 saat olmaqla Tehran bələdiyyəsində icbari işə cəlb olunmaqla bağlı qərar çıxarılıb.

Facebook Comments