Milli fəal Fərid Xurşidi barəsində təqibsizlik qərarı verilib

“İslami sistemə qarşı təbliğat aparmaq və qeyri-qanuni aksiyaya təşəbbüs”də ittiham edilən milli fəal Fərid Xurşidi haqqında təqibsizlik qərarı verilib.

Qərar Məhkəmənin Elektron Sistemi tərəfindən Xurşidiyə göndərilib.

Urmiya Məhkəməsinin 8-ci İstintaq şöbəsinin hakimi Məhəmməd Rza Qənizadə “sübutların yetərsizliyi”nə görə Xurşidiyə qarşı irəli sürülün ittihamlarda təqibsizlik qərarı verib.

Tələbə hərəkatının fəallarından olan Xurşidi iyulun 16-da güney azərbaycanlıların Azərbaycana dəstək aksiyası ərəfəsində Urmiyanın “Doqquz Pillə” məhəlləsində yerləşən Təhlükəsizlik idarəsinə çağırılaraq saxlanılmışdı. O, daha sonra iyulun 21-də 50 milyon tümənlik mülki vəsiqə qarşısında müvəqqəti azadlığa buraxılmışdı.

Qərbi Azərbaycanın Salmas şəhərindən olan Xurşidi, Urmiya universitetində elektrik mühəndisliyi üzrə təhsil alır.

Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları iyulun 16-da müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış etmişdilər.

Dəstək aksiyasından vahiməyə düşən İran təhlükəsizlik qurumları aksiyanın keçirilməsinə mane olmağa çalışaraq aksiyadan öncə və sonra kütləvi həbslər həyata keçiriblər.

Facebook Comments