Millət vəkili başqırd yazarla görüşdü – Foto

Millət vəkili Qənirə Paşayeva Rusiya Federasiyasının Başqırdıstan Respublikasının “Başqırdıstan qızı” (“Башкортостан кызы”) jurnalının baş redaktrou, filologiya elmləri üzrə fəlsəfə doktoru, tanınmış başqırd yazarı Gülnaz Kutuyeva ilə görüşüb.

Sozcu.az xəbər verir ki, başqırd baş redaktoru Azərbaycanda görməkdən məmnun olduğunu bildirən millət vəkili, yazarlar arasında sıx əlaqələrin, vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın ölkələrarası əlaqələrdə özünəməxsus önəm daşıdığını bildirib.

Qardaş ölkənin xanım baş redaktoruna Azərbaycan həqiqətlərindən, Ermənistanın elan olunmamış müharibəsinin acı nəticələrindən, Xocalı soyqırımından, qaçqın-məcburi köçkünlərin qayğılarından danışan Q. Paşayeva, bir neçə dildə yenidən nəşrə hazırlanan “Qarabağ hekayələri”nin başqırdcada çıxması təklifini irəli sürüb.

Q.Paşayeva başqırd yazarına Azərbaycan mədəniyyətini əks etdirən kitablar, eləcə də milli rəmzlərimizlə bəzədilmiş hədiyyə təqdim edib.

Azərbaycana ilk səfərindən, azərbaycanlı qonaqpərvəliyindən çox məmnun qaldığını deyən başqırd baş redaktoru bu ilk səfərinin əsas məqsədinin Naftalanda sanator müalicə kursu keçməklə bağlı olduğunu deyib. Baş redaktor Bakıda QHT və KİV təmsilçiləri ilə yaradılan görüş fürsəti üçün, ona vaxt ayırdığı, diqqət göstərdiyinə görə millət vəkilinə təşəkkür edib.

G.Kutuyeva qarşılıqlı kitab nəşri ideyasının qısa zamanda həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini deyib. Millət vəkilinin təklifi ilə Başqırdıstanın hərtərəfli tanıtım kitabının Bakıda, Qarabağ yaşantılarını əks etdirən hekayələr toplusunun isə Ufada nəşrinin yaxşı başlanğıc olacağını bildirib.

Daha sonra G.Kutuyeva millət vəkilinin müşayiəti ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını ziyarət edib, İçərişəhərlə, Ədəbiyyat Muzeyi ilə yaxından tanış olub.

Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova da iştirak edib.(Axar.az)