Meydan TV-nin rəhbəri Emin Milli Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təşəkkür etdi.

İlham Əliyevi hər zaman tənqid edən bir vətəndaş kimi, bu gün ona xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır. Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri nəzərə alınır və heç bir prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab edilmir.

Sozcu.az xəbər verir ki, bu fikirləri bloger Emin Milli ötən gün Prezident İlham Əliyevin əfv sərəncamına münasibətində yazıb.

“Azərbaycanda 127 siyasi məhbus var. Onların günahsız həbsə atıldığı istər ölkə ictimaiyyətinə, istərsə də beynəlxalq aləmə bəllidir. Hesab edirəm ki, bu gün onların bir qisminin azad edilməsi zəifliyin deyil, məhz real siyasi gücün və özünə əminliyin nümayişidir.

100-150 insanı həbsdə saxlamaqla nə hakimiyyət alınır, nə də itirilir. İlham Əliyevi dəvət edirəm bu siyasi xətti davam etdirsin və Azərbaycanı yavaş-yavaş real islahatlara doğru aparsın”, – Milli bildirib.

Emin Milli Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə almaq istədiyini də gizlətməyib:

“Çox istəyərdim ki, Azərbaycana qayıdım və İlham Əliyevdən belə real islahatlar haqqında Meydan TV-də canlı intervyü alım. İlham Əliyev bunları etsə, həm ölkədə, həm də dünyada çox pozitiv, güclü, qorxmaz və maraqlı bir lider kimi böyük rəğbət qazanar və bütün Azərbaycanı irəliyə aparar.

İlham Əliyev 16 ildir hakimiyyətdədir. Ancaq indi, məhz hakimiyyətinin 16-cı ilində baş verən bu dəyişikliklər onun hakimiyyətini daha da möhkəmlədə bilər.

Mən siyasətçi deyiləm və mənim üçün kimin hakimiyyətdə olması yox, ölkənin necə idarə olunması daha vacibdir. Hər zaman düzü tərifləyib, səhvi göstərən biri kimi bu gün İlham Əliyevi ictimai fikrə önəm verərək, belə bir addım atdığı üçün təbrik edirəm. İnanıram ki, bir gün o, Meydan TV-də müsahibə verəcək və tariximizə yeni bir mərhələnin gəldiyini bəyan edəcək.

Düşünə bilərsiz ki, mən xəyalpərəstəm. Ola bilər. Amma mən səmimi inanıram ki, hər kəs dəyişə bilər və ətrafını da müsbət istiqamətdə dəyişdirər. Davamı gəlsin”.